"İyunun 7-si axşam saatlarında İranın müxtəlif bölgələrindən İsrail istiqamətində çoxsaylı raketlər buraxıldı.
İki ay davam edən atəşkəsdən sonra Tehran, Vaşinqton və Təl-Əviv arasında yaranmış gərginliklər fonunda İran İsrail ordusunun "Hizbullah"a qarşı əməliyyatlarına cavab olaraq İsrailin şimal bölgələrini, o cümlədən Hayfanı hədəfə aldı. İran bundan əvvəl xəbərdarlıq etmişdi ki, əgər İsrail Beyruta hücum etsə, hərbi cavab veriləcək".
Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"İran dəfələrlə vurğulayıb ki, ABŞ ilə hər hansı uzunmüddətli razılaşma İsrailin Livana qarşı müharibəsinin başa çatması şərti ilə mümkün olacaq. İranın arqumenti budur ki, "Hizbullah" müharibə zamanı İranın yanında olub və ona kömək edib. Buna görə də Tehran istəyir ki, Livan və "Hizbullah" hər hansı mümkün sülh sazişinin tərkib hissəsi olsun. İran Ali Liderinin müşaviri, SEPAH-ın keçmiş baş komandanı Möhsün Rzayi bu yaxınlarda bildirib:
"Hizbullah" son müharibədə böyük fədakarlıqlar göstərib və bizim müttəfiqimizdir. Buna görə də biz "Hizbullah"a dəstək veririk və onun qarşısında öhdəliklərimizə sadiq qalacağıq".
Belə bir yanaşma əsasında SEPAH ötən bazar günü ölkənin müxtəlif şəhərlərindən dörd dalğa şəklində İsrailə 23 ballistik raket buraxdı. İranın ilk hücumlarından bir neçə saat sonra İsrail ordusu da İranın qərb və mərkəzi bölgələrindəki hərbi hədəflərə zərbələr endirdiyini açıqladı. Bütün dünya müharibənin yenidən qızışacağı ilə bağlı narahatlıq içərisində baş verənləri izləməyə başladı. Lakin Donald Trampın prosesə müdaxiləsi, xüsusən İsrailin Baş naziri Benyamin Netanyahuya təzyiqi münaqişənin ara verməsinə səbəb oldu. Amma bu fasilənin nə qədər davam edəcəyi sual altındadır".