2014-03-18 21:34

Şəkərbura bişirimək istəyən xanımların nəzərinə! - RESEPT

Novruz bayramı günlərində şəkərbura hər zaman süfrəmizin bəzəyi olub.

LiderXeber.com informasiya agentliyi bu dəfə şəkərburanın hazırlanması reseptini sizlərə təqdim edir:  

Şəkərburanı hazırlamaq üçün bizə aşağıdakılar lazımdır:

- 800 qram süd

- 1 kq kərə yağı

- 4 yumurtanın sarısı

- 2 dənə bütöv yumurta

- duz

- maya (droj)

Şəkərburanın içini hazırlamaq üçün isə :

- 1 kq fındıq

- 1 kq şəkər tozu (pesok)

- 1 paçka üyüdülmüş hil

İçliyi hazırlamaq üçün 1 kq fındığı qoz çəkən maşından keçiririk, üzərinə 1 kq şəkər tozu və üyüdülmüş hili əlavə edib qarışdırırıq.

Şəkərburanın xəmirini hazırlamaq üçün isə, 800 qram südü ilıq edib 750 qram yağı onun içərisində yumşaldırıq. 4 yumurta sarısı və 2 bütöv yumurta, duz və maya əlavə edib qarışdırırq. Daha sonra un töküb qarışdırırıq və qalan 250 qram yağı xəmiri yuğura yuğura az-az əlavə edirik və yaxşıca yuğururuq. Xəmir nə bərk, nə də ki yumşaq olmalıdır. Xatırladım ki, bu xəmirə təxminən 2 kq un gedir. Xəmiri yuğurandan 30 dəqiqə sonra başlayırıq şəkərburalarımızı hazırlamağa. Xəmirdən 1 kündə götürüb qalanını soyuq yerə qoyuruq, çünki xəmir çox gəlməməlidir. Götürdüyümüz kündələri balaca kündələrə ayırırıq, onları oxlovla 1 az açıb içərisinə içlik qoyub ağzını bükürük. Sonra üzərinə naxış vurub listə yəğıb bişiririk. Qeyd etmək lazımdır ki, şəkərburanın üzü qizarmamalıdır.

Bu reseptdən təxminən 75-80 şəkərbura çıxır.

Nuş olsun!!!

  

Gülnarə Savalanqızı

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı