2015-07-15 13:25

Ata evdə bir qorxu fiqurudur, yoxsa hörmət edilməsi və sevilməsi lazım olan bir varlıq? - Psixoloq məsləhəti

Psixoloji cəhətdən sağlam övladlar uğurlu gələcəkdi...

Uşaqlar dünyaya gəldiklərində, xarici dünyanın təhlükələrinə qarşı qorumasız olurlar. Onların hər ehtiyacını qarşılayan, qoruyan, ən böyük güvən qaynaqları ata-analarıdır. Uşaqlarda istənməyən davranış meydana gəldiyində ana ya da ata uşaqları cəzalandırmaq üçün uşağı təhdid edirlər, məsələn: "dəcəllik etsən polis əmi gəlib atanı aparacaq, səndə atasız qalacaqsan kimi cümlələr qurduqlarında, uşaq onu hər şeydən qoruyan, güvən qaynağı ana-atasını itirməkdən, tək qalmaqdan qorxar və çatışmazlıq duyğusu hiss edər

Ata-analar ya da uşağın yaxınları uşaqların dəcəllik etməsinin qarşısını almaq üçün,uşağın hərəkətlərinə nəzarət etmək üçün çox vaxt real olmayan varlıqlarla (xoxan,cin ) uşaqları qorxudurlar və nəticə etibarı ilə uşaqlarda bəzi obyektlərə qarşı qorxu duyğusu yaranır ki, bu da sonradan bir çox psixoloji problemlərin yaranmasına səbəb olur. Eyni zamanda güclü bir güvən bağı qurduqları valideynlərinə inanan uşaqlar böyüdükcə belə varlıqların olmadığını görür və şüuraltı olaraq valideyinlərinə və ətrafdakı insanlara qarşı güvənsizlik, inamsızlıq hissi yaranır.

Seviləcək şeylərdən,sevgidən, hörmətdən çox uşaqlarımıza qorxması lazım olduğunu öyrədirik.Lap körpəlikdən uşaqlarımızla düzgün ünsiyyət qurmağı bilmədiyimiz üçün,dəcəlliklərinin qarşısını almaq üçün ata səni cəzalandırar kimi cümlələr quraraq həm onlarda psixoloji travma yaradırıq,həm də bizim sevməyimiz lazım olan şeylərdən ilk əvvəl qorxmağımız lazım olduğunu yalnış şəkildə övladlarımıza öyrədirik. Əslində isə ata evdə bir qorxu fiquru deyil, ata sevilən və hörmət edilməsi lazım olan bir varlıqdır.

Bütün bunların nəticəsində uşaqlarda qorxular, isterik tutmalar,valideyinə tabe olmamaq cəhdləri, müxtəlif davranış pozuntuları yaranır.

Bütün bunlar isə ciddiyə alınması lazım olan, uşağın aydın şəkildə dinlənilməsinə ehtiyac duyduğu vəziyyətlərdir.Bu kimi hallarda mütləq mütəxəsisdən kömək alınmalıdır. Mütəxəsis köməyi olmadıqda belə hallar uşağın gələcək həyatına səhv istiqamət verən mənfi faktorların əsasını qoyur.

Adətən uşaqlıq dövründə belə psixoloji problemlərin qarşısı alınmazsa, yeniyetməlik dövründə daha böyük psixoloji problemlərlə qarşılaşırıq. Uşaqların bizim gələcəyimiz olduğunu nəzərə alaraq çalışaq ki,uşaqlarımıza düzgün yanaşaq, öz problemlərimizi uşaqlarımıza yükləyərək onlara lazımsız travmalar verməyək. Psixoloji cəhətdən problemli uşaqlar yox, sağlam övladlar böyüdək.

Psixoloji sağlamlığınızın daima olması arzusu ilə...

Psixoloq-konsultant,Uşaq psixologiyasi üzrə mütəxəsis Aysel Sərkarlı

Eksklüziv olaraq LiderXeber.az üçün

SON XƏBƏRLƏR


Yuxarı