2015-07-11 15:05

Qiyməti də istisi kimi adamı yandıran çimərlik mövsümü - MÖVQE

Bakının dəniz kənarında yerləşməsi yay istirahəti üçün olduqca gözəl fürsətdir.

Amma, bir zamanlar ən ucuz istirahət məkanı sayılan çimərliklərə indi ayaq basmaq olmur.

Yayın qızmar istisində sərinləmək üçün insanların ən çox üz tutduğu yerlər, əlbəttə ki, çimərliklərdir. Uzun illər kasıb və ya varlı olmasından asılı olmayaraq sakinlərin rahatlıqla gedib istirahət etdiyi dəniz kənarına indi ayaq basmaq çətinləşib.

Belə ki, Bakıdakı əksər çimərliklərinə bir zamanlar pulsuz gedən sakinlər indi pulu olmasa gərək suya baş vurmasın. Çünki, ən ucuz sayılan çimərliklərə belə ya giriş pulu, ya da əyləşmək üçün yer pulu verməli olursan.

Qiymətlər günlərə görə dəyişir. Məsələn, həftə içi giriş və ya stol üçün verilən 5 manat, şənbə və bazar günləri 10 manat olur. Həftə sonlarında çimərliklərə insan axını çox olduğu üçün bunu da fürsət bilərək onsuz da sünii olan qiymətləri biraz daha artırırlar. Bu hələ ən ucuzudur.

Ödənişli çimərliklər başadüşüləndir ki, həmin yeri şəxsi adam idarə edir və istədiyi qiymət siyasətini də tənzimləyir. Amma pulsuz adlanan çimərliklərdə isə hesabda olmayan xərclərin çıxması əlbəttə ki, heç də xoş deyil.

Məsələn, Şıxda pulsuz çimərlik var. Burada sadəcə giriş pulsuzdur. Qalan hər şey pulladır. Qiymətlər isə cibə münasib deyil. Burada masa, stul, çətir 10-15, uzanmaq üçün ləvazimat 5-7, duş 2-4, skuter 12-16, geyimlərin qorunması üçün kamera 2, paltar dəyişmək üçün yer 2, park xidməti 1 manatdır. Bir sözlə, pullu çimərliklərin bəzilərindən biraz ucuzdur. Çimərliyə tək və ya iki nəfər gedəndə xərclər o qədər də böyük görünməsə də, ailəvi istirahətə məbləğin çox olduğu aydın görünür.

Bir tanışım ötən həftə Mərdəkanda çimərliyə gedib. İki nəfərlik yumurta-pomidor, iki çaynik çay, bir mürəbbəyə görə 33 manat pul ödəməli olub.

Hələ qiymət məsələsi bir tərəfə qalsın, bu yerlərin təmizliyi də adamı çox düşündürür. Hər il Respublika Gigiyena və Epidmiologiya Mərkəzi Bakı və Abşeronda yerləşən çimərliklərdə yoxlamalar və aparır, bir neçə çimərlikdə suyun keyfiyyətinin normalara uyğun olmadığı və bağırsaq çöplərinin aşkar edildiyi bildirilir.

Bundan başqa, hər il yay mövsümündə yüzlərlə insanın suda boğulması haqqında məlumat eşidirik. Bu hadisələrdə boğulanların öz məsuliyyətsizliyi aydındır. Amma digər tərəfdən baxmaq lazımdır ki, hadisələrin çox nəzarət edilməyən yerlərdə baş verir.

Ödənişli çimərliklərə gedə bilməyib məcburən diqqətdən kənarda olan yerlərə gedənlər təhlükə ilə üzləşirlər və canlarından olurlar.

Çarə yalnız buna qalır. Alırsan pomidor, xiyar, çörək, pendir, qarpız və zövqə görə digər yeyəcəklərinizi. Oturursunuz evdə və televizorda dəniz haqqında proqramlara baxırsan. Bu da olur yay istirahəti...

Fərid Ədalət

Gün.Az
SON XƏBƏRLƏR


Yuxarı