2014-03-14 12:12

Doğum evində uşaq alveri

(HEKAYƏ)

Dörd qız atası olan Ağabala, arvadını sonuncu dəfə doğum evinə aparanda sevinci yerə-göyə sığmırdı. Səlimə bu dəfə ailənin çoxdan gözlədiyi oğlan uşağı dünyaya gətirəcəkdi. Bunu onlara dünyada tanınmış həkimlərdən biri demişdi. Arvadı hələ yenicə hamilə olmağa başladığı vaxtlarda öz həkimlərimizə etibar etməyən Ağabala, onu əcnəbi ölkələrdən birinə aparmış, dəqiq müayinədən sonra Səlimənin bətnindəki körpənin oğlan uşağı olduğu aşkara çıxmışdı. Amma arvadını doğum evinə gətirəndən bir neçə saat sonra tibb bacılarından eşitdiyi xəbər onu xeyli sarsıtdı.
Dünyaya beşinci qız uşağı gətirdiyini eşidən Səlimə də sarsıntı içərisindəydi. Gah bir neçə ay bundan əvvəl onu müayinə edən əcnəbi həkimi qarğıyır, onun qarasınca deyinir, gah da özünün bəxtindən gileylənirdi. Ona görə yox ki, qız uşağını xoşlamırdı. Qadın üçün övladın fərqi yoxuydu. Onu artıq bu məsələdən xəbər tutmuş Ağabalanın məyus olması narahat edirdi.
Səlimə ərinin xasiyyətinə yaxşı bələdiydi. Ağabala bundan ötrü var-dövlətindən keçib, onu müayinə edən əcnəbi həkimin ölkəsinə gedəcək, haqq-hesab soracaqdı. Əgər həkim qoyduğu diaqnozu təsdiqləməyə hazır olsa, onu pul gücünə Azərbaycana gətirəcək, bundan sonra doğum evinin rəhbərliyi və işçiləri ilə qalmaqal başlayacaqdı. Bu isə həm çoxlu vəsait tələb edir, həm də Ağabalaya düşmən qazandırırdı…
Doğum evində baş verənlərdən artıq hamı xəbər tutmuşdu. Həkimlər və tibb bacıları camaatı sakitləşdirməyə çalışır, onların bir yerə cəmləşməsini istəmirdi. Amma Səlimənin palata yoldaşlarını onun yanından kənarlaşdırmaq olmurdu. Qadınlar ona təsəlli verir, baş verənlərin anlaşılmazlıq olduğuna inandırmağa çalışırdılar. Palata yoldaşlarının az qala şoka düşən qadına rəhmi gəlirdi. Səliməyə ən çox qayğı göstərən, dərdinə yaxından şərik çıxan isə Mələk adlı tibb bacısı idi. Mələk gah aşağıya – Səlimənin doğmalarının gözlədiyi birinci mərtəbəyə düşüb onları, xüsusilə də Ağabalanı sakitləşdirir, gah da qadının qaldığı palataya qalxıb ona təsəlli verirdi. O, doğulan uşağın həqiqətən də qız olduğuna Səliməni inandırmaq istəyirdi. Tibb bacısı səhərə yaxın qadını buna inandıra bilmişdi.
Səlimə əcnəbi həkimin diaqnozunun özünü doğrultmadığına, belə hallara tez-tez rast gəlindiyinə artıq yavaş-yavaş inanmağa başlamış, taleyi ilə barışıb rahatlıq tapmışdı. Ağabala isə sakitləşmək bilmirdi. Kişi fikrində qəti idi, əcnəbi ölkəyə gedəcək, xərc çəkib həkimi Azərbaycana gətirəcəkdi. Onun verdiyi tibbi sənədlər də Ağabalada fakt kimi dururdu. Əcnəbi həkim qoyduğu diaqnozu inkar edə bilməzdi. Onsuz da Ağabala bu işin axırına çıxmalı, mübahisələrə birdəfəlik son qoymalıydı. Əgər həkimin dedikləri öz təsdiqini tapmasa, ona ağır zərbə vuracağına söz vermişdi Ağabala. Amma bunu Səlimənin doğum evindəki həkimi ilə – Səriyyə xanımla görüşündən sonraya saxlamaq fikrində idi.
Körpənin yenicə dəyişdirildiyi vaxtlarda baş verə biləcək qalmaqalın tezliklə ötüşəcəyini düşünən Mələyin canına, Ağabalanın bu qədər inadkar olduğunu biləndən sonra qorxu düşmüş, amma Səriyyə həkimin ona olan etibarını yadına salıb bir qədər sakitləşmişdi. Tibb bacısı düşünürdü ki, ən inadkar insanlarla belə dil tapmağı, sakitləşdirməyi bacaran həkim hər şeyi yoluna qoyacaqdı. Mələyin Səriyyəyə inamı təsadüfdən yaranmamışdı. Doğum evində artıq bir neçə valideyn narazılıq etmiş, körpələrinin dəyişdirilməsi ilə bağlı iddia qaldırmışdılar. Hətta körpəsinin hələ dünyaya gəlməzdən əvvəl tələf olması barədə həkimin dediklərinə inanmayıb, qalmaqal yaradanlar da olmuşdu. Fəqət bütün bu şübhələrin hamısına Səriyyə həkimin müdaxiləsindən, onun valideynlərlə söhbətindən sonra son qoyulmuşdu…
Səhər yavaş-yavaş açılırdı. Doğum evindən xeyli gec, həm də çox əsəbi halda qayıdıb öz mənzilində mürgüləyən Ağabala, yuxusuzluqdan çətinliklə də olsa gözlərini açdı. Divardan asılmış saata baxdı. Saat yeddiyə az qalırdı. Qızlarını oyatmaq istəmədi. Yorğun və yuxusuz olsa da birtəhər yerindən qalxıb geyindi. Əl-üzünə soyuq su vurub yuxusunu qaçırmağa çalışdı. Çay dəmlədi, yüngülvari yemək hazırladı. O, çox sakit, asta hərəkət edir, gəlişindən qızlarının xəbər tutmasını istəmirdi.
Ağabala dünən gecədən xeyli keçəndən sonra evə gələndə də artıq yuxuda olan qızlarını oyatmayıb, birbaşa özünün yataq otağına keçmişdi. O, həsrətlə qardaş yolu gözləyən qızlarına, evə bu dəfə də eyni cinsdən olan körpənin gələcəyi xəbərini çatdırmağa çətinlik çəkirdi. Əlbəttə, Ağabala qızların gec-tez xəbər tutacaqlarını bilirdi. Ancaq hələ də ümidini üzməmişdi. Hardasa anlaşılmazlıq olduğunu düşünürdü. Buna görə qızlarından mümkün qədər bir-iki gün kənarda qalmağa, gözlərinə görünməməyə çalışırdı. Odur ki, hazırladığı yeməyi tələsik yeyib mənzildən çıxdı. Qızlar narahat olmasınlar deyə, balaca bir kağıza qeydlərini yazıb mətbəxdəki stolun üstünə qoymağı da unutmadı…
Ağabala doğum evinə çatanda iş vaxtının başlanmasına hələ xeyli qalırdı. Səliməyə baxan həkim saat yarımdan sonra gələcəkdi. Ona qədər Ağabala arvadı ilə görüşüb, vəziyyətlə tanış olmağa çalışdı. Birinci mərtəbədəki qəbul otağının qapısını döyüb icazə istədi. İçəriyə daxil olub gəlişinin məqsədini açıqladı. – Səlimə ilə görüşmək istəyirəm, – dedi. Xanımlardan biri Səlimənin palatasının yerləşdiyi mərtəbəyə zəng vurdu. Telefonun dəstəyini qaldıran Mələk: – Kimdir, sizə nə lazımdır? – deyə xəttin o başındakı xanımdan soruşdu.
- Mələk xanım, qəbul otağındandır, bir kişi gəlib, Səliməni soruşur, – xanım cavab verdi.
Tibb bacısı Səlimənin adını eşidib narahat oldu. Həyəcanını birtəhər boğub cavab verdi. – Səlimə hələ yuxudan oyanmayıb, kimdirsə qoy gözləsin, – dedi.
Mələk bu cavabı özündən uydurmuşdu. Dünən gecə baş verənlərdən sonra gözlərinə yuxu getməyən Səlimə, səhərə yaxın təxminən iki saat yata bilmiş, səhər saat yeddinin yarısında yuxudan oyanmışdı. O da Ağabala kimi Səriyyə həkimin gəlişini gözləyirdi. Ümidini hələ də üzməmişdi. Amma ər-arvaddan daha çox, Mələyi fikir götürmüşdü. Tibb bacısının Səriyyə xanımla telefon vasitəsilə əlaqə saxlamaq imkanı olsa da, bunu etmək istəmirdi. Kimlərinsə eşidəcəyindən, onu izləyəcəyindən ehtiyatlanırdı. Çünki Səlimə həqiqətən də oğlan uşağı dünyaya gətirmiş, Mələk isə onu Sara adlı qadının doğduğu qız uşağı ilə dəyişdirmişdi.
Bu, tibb bacısının doğum evindəki ilk cinayəti deyildi. Mələk bir neçə qadının körpəsini başqası ilə dəyişdirmiş, əvəzində yüksək məbləğdə pul da almışdı. Amma məlum səbəblərdən Mələk belə cinayəti təkbaşına işlətmirdi. Onu Səriyyə həkimlə çox yaxın cinayət əlaqələri birləşdirirdi. Səlimənin yeni doğulmuş körpəsi də həmin əlaqələrin güdazına getmiş, üç qız anası olan Sara xanıma satılmışdı.
Səriyyə həkim hələ bir neçə gün əvvəl Saranın əri Natiqlə danışıb razılığa gəlmişdi. Natiq sonuncu övladının da qız uşağı olacağı təqdirdə, onun doğum evindəki hər hansı oğlan uşağı ilə əvəz edilməsi üçün həkimə beş min manat vəd etmişdi. Səriyyə vəsaitin müəyyən hissəsini beh kimi alandan sonra əlverişli vaxt gözləyirdi. Sara ilə eyni gündə Səlimənin də doğum evinə gəlməsi onun diqqətindən yayınmamışdı. Səriyyə Saranın bir neçə saat əvvəl qız uşağı doğduğunu görəndə növbəti qurban kimi Səliməni seçmişdi. Ağrı çəkən qadının qız, yoxsa oğlan uşağı dünyaya gətirəcəyini hələ bilməsə də, hər ehtimala qarşı Mələyi hazır vəziyyətə gətirmişdi. Səlimə oğlan doğacağı halda dəyişmə əməliyyatını tibb bacısı aparmalı idi…
Saradan sonra doğum otağına gətirilən Səlimənin, doğulan körpənin cinsi barədə verdiyi suala Səriyyə həkim, – qızdır, – deyə cavab vermişdi. Səhər tezdən doğum evinin qarşısını kəsən Ağabala da həkimi görüb onunla şübhələri barədə söhbətləşmək, mübahisəyə birdəfəlik son qoymaq istəyirdi. Amma vaxt ötür, həkim gəlib çıxmaq bilmirdi. Qəbul otağındakı gözətçi və tibb bacıları isə Ağabalanı yuxarıya buraxmırdılar. Əsəbindən dodaqlarını çeynəyən kişi, az qala dəmir qapını sındıracaqdı. Qorxuya düşən tibb bacılarının onu polislə hədələməsi də vecinə deyildi kişinin. Tibb bacısı ilə təkrar telefon əlaqəsi də onu sakitləşdirmədi. Belə ki, dəstəyi götürən Mələk, Səlimənin hələ də yuxudan oyanmadığını, həkimin isə gəlib çıxmadığını demişdi.
Tibb bacısı bu dəfə də yalan danışırdı. Səlimə çoxdan yuxudan oyanmış, həkim də təxminən bir saat əvvəl işə gəlmişdi. Mələkdən gözləmədiyi cavabı alan Ağabala bir qədər sakitcə dayanıb baxdı. Birdən nə fikirləşdisə qəbul otağındakı gözətçi və tibb bacılarının etirazlarına baxmayıb, qapını zor gücünə açaraq pilləkənlərlə yuxarı mərtəbəyə, Səlimənin qaldığı palataya doğru sürətlə irəlilədi. İstədiyi mərtəbəyə yenicə çatmışdı ki, tibb işçilərindən biri qarşısını kəsib soruşdu:
- Ay qardaş, kimsiniz, hara gedirsiz, məgər bilmirsiz ki, bura daxil olmaq qadağandır?
Ağabala ilə qarşılaşan Səriyyə həkim idi, pasiyentlərlə görüşdən qayıdırdı. Sifətdən onu tanımayan Ağabala əsəbi halda dilləndi:
- Mən dünən gecə doğum evinə gətirilən Səlimənin həyat yoldaşıyam, onun həkimi ilə söhbətim var.
Səlimənin adını eşidən kimi Səriyyənin rəngi ağardı. İş otağına getməkdəykən, fikrini dəyişib geri, aşağı mərtəbələrdən birinə düşmək istədi. Amma Ağabalaya cavab verməyi də unutmadı. – Həkim bu gün olmayacaq, – dedi.
Səriyyə bunu deyib sürətlə aşağıya düşdü. O, səhər tezdən doğum evinə həkimlərin həmişə gəldiyi qapıdan deyil, Ağabalanın gözünə görünməmək üçün başqa girişdən daxil olmuşdu. Ağabalanın qəbul otağında durduğunu, onunla görüşmək istədiyini Mələk xəbər ermişdi. Səriyyəyə elə gəlirdi ki, bir-iki gün keçəcək, Ağabalanın hirsi soyuyacaq, tamam sakitləşəcək və və arvadı kimi hər şeylə barışacaqdı. Yaxud barışmasa da, fikrində əvvəlki kimi qəti olmayacaq və beləliklə yola gətirmək asanlaşacaqdı.
Səriyyə bu fikrə elə-belə, təsadüfən gəlməmişdi. O, uşaq dəyişdirməklə məşğul olduğu bir neçə ildə ilk vaxtlar inadından dönməyən, hirsli, əsəbi, ipə-sapa yatmayan valideynlərə çox rast gəlmişdi. Hamısını da asanlıqla ram etmiş, yola gətirmişdi. Onları ən müasir tibbi aparatların belə, ana bətnindəki dölün cinsini əvvəlcədən yüz faiz təminatla müəyyən edə bilmədiyinə inandırmışdı. Amma Ağabala haqda fikirlərində Səriyyə həkim yanılırdı. Onu heç cür yumşalda, fikrindən döndərə bilməyəcəkdi.
Həkimdən ayrılandan sonra Ağabala, əksəriyyətinin qapısı açıq olan palataların qarşısından keçərkən arvadının səsini eşidib dayandı. Dözə bilməyib onu çağırdı. Səlimə səsin lap yaxından gəldiyini eşidib bayıra çıxdı. Ərini görüncə təəccübləndi. Ardınca otaq yoldaşları, hətta qonşu palatanın qadınları da bayıra çıxmış, kişi xeylağının bura qədər necə gəldiyinə məəttəl qalmışdılar. Ağabala isə səsini başına atmışdı. Bayaq qarşılaşdığı tibb işçisinin əslində Səriyyə həkim olduğu ağlına dammışdı sanki. Dəqiqləşdirmək üçün uca səslə yenidən həkimi soruşdu, onunla görüşmək istədiyini bildirdi. Mələklə Səlimə eyni vaxtda dilləndi. Tibb bacısı Səriyyənin hələ işə gəlmədiyini desə də, Səlimə bir neçə dəqiqə bundan qabaq onun palataya baş çəkdiyini bildirdi. Bir-birinə tamamilə əks olan cavablardan sonra Ağabalanın şübhələri bir az da artdı.
Bu vəziyyət dünəndən bəri baş verən hadisələrin şahidi olan, bir az əvvəl Səriyyə həkimi gözləri ilə görən digər pasiyentlərin də diqqətini çəkmişdi. Qadınlar hamının gözü qarşısında tibb bacısının yalan danışmasının səbəbini araşdırmağa başlamış, dünyaya qız övladı gətirənlərin az qala hamısı körpələrinin oğlan olduğu, lakin başqasına satıldığı qənaətinə gəlmişdilər. Dünəndən Səliməyə təsəlli verib, onu fikirlərindən daşındırmağa çalışan anaların əksəriyyəti indi tibb bacısından, həkimi nəyə görə gizlətməsinin səbəbini soruşur, Ağabalaya haqq qazandırırdılar. Yarım saatdan sonra doğum evində vəziyyət bir az da gərginləşdi. Tibb işçilərinin, artıq ana olan və olmağa hazırlaşan qadınların əksəriyyəti Səliməgilin palatasının yerləşdiyi mərtəbənin dəhlizinə toplaşmışdı.
Mətbuat işçiləri də doğum evinin qarşısına yığışmışdılar. Qorxuya düşən Səriyyə həkim və tibb bacısı Mələk isə Səlimənin körpəsini satdıqları qadını – Saranı doğum evindən uzaqlaşdırmaq, onun adını doğum evindəki bütün sənədlərdən çıxarmaq barədə düşünürdülər. Cinayətkar cütlüyü ən çox narahat edən isə Ağabalanın mətbuata verə biləcəyi müsahibə idi. Həkim nə fikirləşdisə, qəflətən yuxarıya – qalmaqalın baş verdiyi mərtəbəyə qalxdı. O, Ağabala ilə görüşmək, onu fikrindən daşındırmaq, hadisənin böyüməsinin qarşısını almaq istəyirdi. Amma mərtəbədə hərə öz palatasına çəkilmişdi. Ağabala isə hələ də deyinə-deyinə dəhliz boyu gəzinirdi. Birdən nə fikirləşdisə pilləkənə tərəf getdi. Deyəsən, aşağı düşəcəkdi. Bu vaxt bayaqkı geyimini dəyişmiş Səriyyə həkimə rast gəldi. Gözləri qızmış Ağabala səhər tezdən qarşılaşdığı həkimi bu dəfə də tanımayıb yoluna davam etdi. Bunu hiss edənq Səriyyə bic-bic gülümsəyib soruşdu:
- Vətəndaş, kimsiniz, bura necə gəlmisiz, hara gedirsiz?
Ağabala da elə eynilə bayaqkı cavabı verdi. – Bəs siz kimsiniz? – deyə soruşdu. – Səlimənin həkimiyəm, – qadın heç nədən xəbəri yoxmuş kimi dilləndi.
Bu tanışlıq Ağabalanı bir az da özündən çıxartdı. Əsəbi şəkildə dedi:
- Necə həkimsiz, bayaqdan bütün doğum evi bura toplaşıb, siz isə indi gəlirsiz. Aşağıda mətbuat işçiləri gözləyir, mən indi onlara müsahibə verməyə gedirəm.
- Axı nə olub, nə baş verib ki, belə danışırsız? – Səriyyə sakitcə soruşdu.
- Daha nə olmalıdır ki? – Ağabala acıqlı-acıqlı cavab verdi.
Ağabaladan ağlı bir şey kəsməyən həkim onu öz kabinetinə aparmaq, məsələni elə ordaca çürütmək istədi. Ancaq Ağabala yenə də ipə-sapa yatmadı. – Yox, mən tələsirəm, nə sözün varsa burda deyə bilərsən, – dedi.
Həkimin gözlərinə qaranlıq çökdü. Bir anlığa susdu. Nə deyəcəyini kəsdirə bilmədi. Çox keçmədi ki, özünü ələ alıb Ağabala ilə açıq söhbətə keçdi:
- Bəlkə də sən haqlısan, ola bilsin ki, körpələr səhv düşüb, amma indi hər şeydən keçib. Əgər körpədən imtina edirsizsə, mən onu uşaq evinə düzəldərəm. Əvəzində arvadın gələn il bu doğum evində mütləq oğlan uşağı dünyaya gətirəcək. Amma siz də bir kişi kimi səy göstərməlisiz.
Səriyyə sonuncu kəlməsini deyib güldü. Ağabala da onun nə demək istədiyini dərhal anladı. Ancaq yenə də inadından dönmədi. Həkimin təklifi onu bir az da hövsələdən çıxarmışdı. O, həkimlə belə murdar bazarlığa getmək, onunla cinayət əlaqəsinə girmək istəmirdi. Səriyyənin təklifi Ağabala üçün danılmaz fakt idi. Körpəsinin dəyişdirilməsi barədə şübhələrini təsdiqləyirdi. Deməli, bu adam uşaq alveri ilə məşğul olur, – deyə öz-özünə düşündü və ondan aralanıb iti addımlarla pilləkənlərdən aşağı düşdü…
Ölkənin əksər qəzetləri hadisə barədə geniş yazı dərc etmiş, DNT testindən keçirilən körpənin, həmçinin doğum evindəki oğlan uşaqlarının Səliməyə və Ağabalaya məxsus olmadığı aşkara çıxmışdı. Səlimənin dünyaya gətirdiyi uşağın cinsi məlum olmasa da, onun yoxa çıxmasına heç kəs şübhə etmirdi.
Qəflətən Səlimənin yadına onunla eyni palatada qalan Sara adlı qadın düşdü. Cəmi iki gün doğum evində qalan bu qadının müəmmalı şəkildə evə buraxılması Səliməni şübhəyə salmış, Ağabalanın prokurorluğa müraciətindən dərhal sonra yaradılan operativ qrup tezliklə Saranı taparaq, körpə ilə birlikdə doğum evinə gətirmişdi. DNT testi körpənin həqiqətən də Səlimə ilə Ağabalaya məxsus olduğunu təsdiq edirdi.

Nəriman Mahmud

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı