2015-07-07 15:29

Son dövrlərdə Azərbaycan mediasında yalan məlumatların sayı artıb - Qulu Məhərrəmli - MÜSAHİBƏ

Bununla bağlı hansı işlər görülməlidir?

Azərbaycan mətbuatının müstəqillik illərində yeni keyfiyyətlərlə üzə çıxması, cəmiyyətin həyatına təsir etməsi və istiqamətləndirməsi, eyni zamanda ictimai rəyi formalaşdırması baxımından böyük uğurlar əldə edilib.

LiderXeber.com-un məlumatına görə, bunu Salamnews-ə müsahibəsində açıqlayan tanınmış jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli bildirib ki, müstəqillik illərində əldə etdiyimiz ən böyük uğur söz və mətbuat azadlığı oldu.

- Qulu müəllim, bir neçə gündən sonra Azərbaycanda Milli Mətbuatın yaranmasının 140 illiyi qeyd ediləcək. Son illərdə ölkədə milli mətbuatın keçdiyi inkişaf yolunu necə xarakterizə edərdiniz?

- 1990-cı illərin ortalarından 2000-ci illərin əvvəllərinə qədər milli mətbuatımız cəmiyyətin tələbatının ödənilməsində əhəmiyyətli rol oynadı. Hazırda da media cəmiyyətimizə təsir edə bilir, amma bu gün obyektiv və subyektiv səbəblərdən mediamız bəzi problemlər yaşayır. Bu da ilk növbədə peşəkarlıqla, ciddi və tanınmış jurnalistlərin bu sahədən uzaqlaşması və digər amillərlə bağlıdır. Bütövlükdə isə mətbuatımız inkişaf edir, jurnalistikanın iqtisadi problemləri həll etmək üçün dövlət müəyyən addımlar atır və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDDF) fəaliyyət göstərir. Bu qurum müəyyən dərəcədə jurnalistlərin maddi problemlərinin həlli ilə məşğul olur, jurnalistlərə evlər verilir. Bunlar jurnalistlərin cəmiyyətdə tutduğu mövqeyi və jurnalistikanın əhəmiyyətini açıq şəkildə əks etdirir.

- Bəs Azərbaycan jurnalistlərinin peşəkarlıq səviyyəsi və müstəqil medianın inkişafı üçün görülən işlər sizi qane edirmi?

- Peşəkarlıq odur ki, jurnalist cəmiyyəti düzgün və obyektiv şəkildə məlumatlandırır, yalan məlumatlar vermir. Jurnalistlər medianın prinsiplərinə və missiyasına sadiqdirlər, onlar təbliğat və piar vasitəsinə çevrilmirlər. Əgər bunlar varsa, o zaman jurnalistlərimizi peşəkar saya bilərik. Əldə etdiyimiz nailiyyətlərdən biri də, müstəqil yazarların ortaya çıxması ilə bağlıdır. Onlar mətbu orqanların sifarişi ilə yazılar yazır, araşdırmalar aparır və məhsullarını həmin orqanlara satırlar. Sərbəst reklam bazarının olmadığı şəraitdə bu, jurnalistlərin yaşaması üçün əlavə bir vasitədir, yəni öz peşəsinə xəyanət etmədən öz rifahını təmin edir. Peşəkarlıqla bağlı olan problemlərdən biri də odur ki, televiziyalarda yanlış məlumatlar verilir, mətbuatda sensasiya əhval-ruhiyyəsi yüksəlib, yalan məlumatların sayı artıb, başlıqlara çıxarılan məlumatlar reallığı əks etdirmir və jurnalitlər sarı mətbuata çox meyillidirlər.

- Son dövrlərdə bəzi Qərb siyasi dairələri Azərbaycanda söz mətbuat azadlığının məhdudlaşdırıldığını, jurnalistlərə sərbəst işləmək imkanının verilmədiyini iddia edirlər. Bəs siz bir ekspert kimi, bu vəziyyəti necə qiymətləndirirsiniz?

- Bildiyimiz kimi, "mətbuat azadlığı indeksi” var. Qərb dairələrində bəzi məsələlər həmin meyarlar üzrə müəyyənləşdirilir. Bəzi meyarlarda Azərbaycan üstünlük əldə edib. Bunlar əsasən senzuranın olmaması və jurnalistlərin öz fikirlərin sərbəst ifadə etmələri üçün yaradılan şəraitdir. Məsələn, ölkədə "Azadlıq” qəzeti kimi müxalifət mövqeli qəzetlər çap olunur və tənqidçi saytlar fəaliyyət göstərir. Bunu nəzərə alaraq, Azərbaycanda mətbuat azadlığının olmadığını necə deyə bilərik? Söhbət ondan gedir ki, bu, kütləvi hal ala bilməz. Bu gün müəyyən biznes dairələri tərəfindən maliyyələşdirilən media qurumlarının sayının çox olması istər-stəməz azad mətbuatı, azad sözü məhdudlaşdıra bilir. Buna görə də ölkədə mətbuat azadlığı ilə bağlı problemlərin olduğu söylənilir.

- Azərbaycanda azad və dürüst mətbuatla yanaşı, reketçiliklə və şantajla məşğul olan media qurumları da var. Bununla bağlı hansı işlər görülməlidir?

- "Reket jurnalistikası” anlayışını qəbul etmək düzgün deyil. Bunu jurnalistikanın problemlərinə aid etmək olmaz. Onlar cəmiyyətin problemidirlər, çünki insanları şantaj edir, fırıldaqla məşğul olurlar və insanları qorxu içində saxlayırlar. Onların əsas məqsədi, azad mətbuatdan istifadə edərək belə yollarla pul qazanmaqdır. Bəlli olduğu kimi, bu gün Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin adından istifadə edən fırıldaqçılar az da olsa var. Ancaq media sahəsi təhlükəsiz olduğuna görə, belə insanların sayı daha çoxdur. Bu da cəmiyyətin mənəvi problemidir və bunu jurnalistikaya aid etmək olmaz. Onlara qarşı ancaq hüquq-mühafizə orqanları məşğul olmalıdırlar. Bütövlükdə isə cəmiyyətimiz digər sahələrdə baş verən cinayətkarlığa qarşı necə mübarizə aparılırsa, reket jurnalistikasına qarşı da eyni mübarizə aparılmalıdır.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı