2015-06-16 15:54

Bizim millət olaraq mövcudluğumuzun 2 əsas amili var... - Xəyal Şükür

Xəyal Şükür print medianın yeni simalarındandır.

LiderXeber.az Sağlam Mühit və Sağlam Gələcək Təşkilatının icraçı direktoru, eyni zamanda hazırda redaktor kimi jurnalist fəaliyyətinə davam edən X.Şükürün Deyerler.org-a müsahibəsini olduğu kimi təqdim edir:

- Bildiyimiz qədər, ölkədə tanınan bir sıra jurnalist kimi, siz də jurnalistikaya ayrı sahədən gəlmisiniz. Bu haqda, ümumiyyətlə özünüz barədə nə deyə bilərsiniz?

- Soyadım Qasımovdur, mediaya gələndən sonra atamın adı olan Şükür adını ayama kimi götürmüşəm. 1987-ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışam. Yaşadığım şəhərdə Mikayıl Müşfiq adına 34 saylı orta məktəbi bitirmişəm. Sonra Sumqayıt Dövlət Universitetinin kimya fakultəsini ekoloq ixtisası üzrə bitirmişəm.

- İctimai fəaliyyətə hansı dövrdən başlamısınız?

- İctimai fəaliyyətə tələbəlik dövründən başlamışam. Cəmiyyətdə, ictimaiyyətdə baş verənlərdə daha yaxından iştirak etməkdə maraqlı olmuşam. Bunun nəticəsi olaraq universitetdə oxuduğumuz dövrdə Sağlam Mühit və Sağlam Gələcək Təşkilatını təsis etdim. Hazırda həmin təşkilat dövlət qeydiyyatından keçib. Hərçənd ki, hazırda fəaliyyət göstərmir, amma çalışıram ki, yaxın günlərdə fəaliyyətə başlasın.

- Şəxsi həyatınızda müəyyən nailiyyətləriniz var, bunda daha çox kimin rolunu görürsünüz?

- Əsasən valideynlərimi vurğulamaq istərdim. Onlar hər cəhətdən bizi təmin etdilər, biz də çalışdıq ki, ali təhsillə, cəmiyyətə faydalı olmaqla onların başını uca edək.

- Kimyadan mediayaya?

- Əslində ekologiya və kimya elmlərinin də bir tərəfi humanitar sahəyə gedib çıxır. Universitetdə oxuduğum dövrdən mətbuata həvəsim var idi. Həmin dövrdə bir neçə məqaləm də mətbuatda dərc olunmuşdu və buna görə universitet rəhbərliyi tərəfindən də xəbərdarlıqlar almışdım. Elə o vaxtdan bu sahəyə marağımız yarandı və dedik, cəhd edək, görək necə alınır. Necə alındığını təbii ki, oxucular deyə bilər.

- Media fəaliyyətinə haradan başladınız?

- İlk olaraq "İslamın səsi" saytından başladım. Daha sonra 5 il "Faktxəbər" saytında fəaliyyət göstərdim. Bu müddətdə sayt kifayət qədər izləyici toplaya bilmişdi, amma sonra müəyyən səbəblərdən sayt bir ara fəaliyyətini dayandırmalı oldu. Orada universal şəkildə bütün istiqamətlərdə çalışırdım. Sayt işləmədiyi bir neçə ay müddət ərzində "Azadxəbər" saytında baş redaktor əvəzi kimi işimizə davam etdim, təxminən 8 ay burada çalışdım. Hazırda da "İnteraz" televiziyasının nəzdində fəaliyyət göstərən eyni adlı saytın redaktoru vəzifəsində işləyirəm.

- Mediada müəyyən uğurlarınız var. Bunda daha çox kimlərin əməyi var?

- Əsasən "Faktxəbər"də ciddi təcrübə toplaşmışdım. Bu mənada saytın redaktoru Aqil Mehdinin üzərimizdə böyük rolu olub. Əlbəttə, işə uyğunlaşma dövrümüz də müəyyən zaman alıb, amma bu işə öz istəyimiz və marağımızla gəlməyimiz çətinlikləri dəf etməkdə əsas motivasiya amillərindən olub. Həmişə böyüklər bizə dəstək olub və formalaşmışıq.

- Sizi mütaliəçi gənclərə aid etmək olar, mütəmadi olaraq hansısa kitabı oxuyursunuz. Son dövrlər nə oxuyursunuz? Kitab seçərkən meyarlarınız nədir?

- Bir müddət əvvəl belə bir məqalə yazmışdım: "Tıxaclarda keçən ömrün qızıl saatları". Gün ərzində Sumqayıtdan Bakıya işə gəlib-getmək üçün xeyli vaxt sərf edirəm. Düşündüm ki, bundan sonra Bakıda işlədiyim müddətdə kifayət qədər yolda vaxt itirə bilərəm. İşdən evə gələndə də yorğunluq və sair amillər mütaliənin qarşısını aldığından qərara gəldim ki, bu işi yolda görüm, həm də tıxaclardakı vaxtımı hədər etməyim. Bu, həm özümüzü formalaşdırmaq, həm də cəmiyyətdə kitab oxumağı təbliğ etmək idi. Seçimə gəldikdə isə, hazırda İlqar Kamilin "Ayrılıq"ını oxuyuram. Bundan əvvəl isə Tolstoyun "Dirilmə"sini və Robin Şarmanın "Ferrarisini satmış rahib" romanın oxumuşam. Çalışıram ki, şəxsi inkişafa, düşüncələrə, təfəkkürün genişlənməsinə təsir edən kitabları oxuyum. İnsani dəyərləri əks etdirən ədəbiyyata daha çox üstünlük verirəm. Təbii ki, əqidəmizi qoruyub saxlamaq üçün mütəmadi dini ədəbiyyat da oxuyuram. Gündə bir ideologiya meydana çıxır, onların qarşısında durmaq üçün təbii ki, bu mütaliə də vacibdir. Ona görə də gənclər kitab oxumaq, mütaliə vərdişlərinin artırılması üçün çalışmalıdırlar.

- Sizcə, oxuyurmu gənclərimiz?

- 3-5 il bundan əvvələ baxsaq, irəliləyiş hiss olunur. Bir də görürsən ki, metroda gedirsən, gənclər kitab oxuyur. Hər halda mütaliəçi gənclərin sayı artır. Sevindirici haldır, amma qənaətbəxş deyil. Məsələn, 9 milyonluq vətənimizdə ancaq 10-15 kitab evi var. Olanlar da əsasən paytaxdadır. Olan-qalan kitabxanalar da günü-gündən sıradan çıxır. Bu, çox pis haldır.

- Xalq olaraq mövcudiyyətimizin səbəbləri ilə bağlı müxtəlif fikirlər səslənir. Siz bu səbəbləri nədə görürsünüz?

- Açığı, bu istiqamətdə yaxın günlərdə geniş bir məqalə yazmağı düşünürəm. Mənə görə bizim xalq olaraq, millət olaraq mövcudluğumuzun 2 əsas amili var. Onlardan biri budur ki, bizim hər zaman xalq olaraq möhkəm mənəvi və mental dəyərlərimiz olub. Buraya adət-ənənələrimiz, bayramlarımız, böyük-kiçiyə hörmət, uşaq tərbiyəsi, valideynə ehtiram, vətənə sevgi və digər amillər daxildir. Digər amil də budur ki, ölkədə məzhəbindən asılı olmayaraq, xalqımızın Əhli-beytə (ə) xüsusi məhəbbəti olub. Xalqımız daima Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) bağlı olub. Bu 2 amil xalq olaraq formalaşmağımızda ən mühüm amildir. Məsələn, Şəhid Mübariz dediyim bu 2 amilin bariz nümunəsidir. Onun son məktubuna diqqət yetirsək, bu 2 amilin hər ikisini görə bilərik. Şəhid Mübariz kimi bir gəncin bu iki amilə bağlılığı bu ölkəni silkələdi. Nə qədər insanı onun addımı oyatdı, ölkədə vətənpərvərlik ruhiyyəsi canlandı və s. Düşmən bunu gözəl bilir və təbii ki, ona bu cür gənclərin yetişməsi maraqlı deyil. Bu gənclər sabah Qarabağı tələb edəcək, əxlaqsızlığa və cəmiyyətin mənəvi aşınmasına qarşı çıxacaq və s. Bu baxımdan son zamanlar belə bir təhlükə hiss edirəm ki, bu iki dayağın dağıdılması istiqamətində iş gedir.

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı