2014-03-11 09:00

Din sosial həyat üçün çox əhəmiyyətlidir - ARAŞDIRMA

Din sosial həyat üçün çox əhəmiyyətlidir - ARAŞDIRMA

Dinsiz mühitdə, əvvəla, ailə məfhumu aradan qalxır. Ailəni təşkil edən sədaqət, vəfa, bağlılıq, sevgi və hörmət kimi dəyərlər tamamilə məhv olur. Unutmaq olmaz ki, ailə cəmiyyətin təməlidir və əgər ailə dağılsa, cəmiyyət də pozular. Odur ki, dövlət və millət olmağın bir mənası qalmaz, çünki dövləti və milləti təşkil edən bütün mənəvi dəyərlər məhv olar.

Bundan əlavə, dinsiz cəmiyyətdə kimsə kimsəyə hörmət, sevgi və mərhəmət hissi bəsləməz. Çünki bunun üçün bir səbəb olmaz. Nəticədə, sosial anarxiya əmələ gələr. Varlılar kasıblara, kasıblar varlılara kin bəsləyər, şikəst və ehtiyac içində olanlara qəzəb hissi doğar.

Müxtəlif xalqlara qarşı təcavüzkarlıq mövqeyi formalaşar, işçilər müdirlərinə, müdirlər işçilərinə, ata övlada, övlad ataya qarşı təcavüzkar olar.

Daima qan tökülməsinin, bəzi ölkələrdə daima gündəmə gələn cinayət xəbərlərinin səbəbi dinsizlikdir. Bu xəbərlərdə hər gün gözünü qırpmadan, çox adi səbəblərlə bir-birlərini öldürən insanların xəbərləri verilir. Halbuki, axirətdə hesab verəcəyini bilən insan başqa birinin üzünə silah tutub öldürə bilməz. Allah`dan qorxar və pis haqq-hesabdan çəkinər. Allah Quranda insanları fitnə-fəsad törətməkdən belə çəkindirir:

Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allah`a qorxu və ümidlə yalvarın. Həqiqətən, Allah`ın mərhəməti yaxşılıq edənlərə yaxındır. (Əraf surəsi, 56)

İntiharların bu qədər yayılmasının kökündə də dinsizlik durur. İntihar edən, əslində, cinayət törədir. Ancaq Qurana bağlı bir insan bunu əsla etməz, belə bir fikri ağlından belə keçirməz. İnanan insan ancaq Allah rizası üçün yaşayar və Allah`ın ona dünyada verdiyi hər cür çətinlik və sıxıntıya səbir edər. Bu səbrin qarşılığını həm dünyada, həm də axirətdə qat-qat alacağını unutmaz.

Dinsiz cəmiyyətdə oğurluq da çox yayılır. Oğurluq edən adam əşyasını oğurladığı insana necə sıxıntı verdiyini düşünməz. Həmin insanın on illik zəhmətini bir gecədə alıb gedir, onun nə qədər möhtac olacağını hesablamır. Oğurluq edən həm də özü vicdan əzabı çəkir. Əgər vicdan əzabı çəkmirsə, bu, daha pisdir. Çünki belə bir insan hər cür əxlaqsızlığı edə bilər.

Dinsiz cəmiyyətdə qonaq qarşılama, insanların bir-birləri üçün fədakarlıq etməsi, həmrəylik, comərdlik kimi mənəvi dəyərlər tamamilə aradan qalxır.

Hər şeydən əvvəl, insanlar bir-birlərinə insan kimi dəyər verməzlər, çünki bir-birlərini meymundan təkamüllə əmələ gəlmiş varlıqlar kimi görürlər. Bir insan meymundan təkamüllə törədiyini düşündüyü insana xidmət etmək, ona qulluq etmək istəməz. Bu düşüncəyə malik insanlar bir-birlərinə dəyər verməzlər. Kimsə kimsənin sağlamlığını, rahatlığını düşünməz. İnsanlara zərər toxunmasından narahat olmaz, buna mane olmağa çalışmaz. Məsələn, xəstəxanalarda ölüm ayağında olan insanlar xərəklərdə uzun müddət gözlədilər, onlarla heç kim maraqlanmaz. Yaxud gigiyena qaydalarına zidd, natəmiz şəraitdə olan kafenin sahibi orada yemək yeyən insanların sağlamlığına zərər verəcəyini düşünməz. Ancaq qazanacağı pulun dərdinə düşər. Bunlar gündəlik həyatda çox rast gəlinən bir neçə nümunədir. Burada insanların ancaq mənfəət üçün bir-birlərinə yaxşılıq etdikləri vurğulanır. Halbuki, Quran əxlaqında insanlar bir-birlərinə Allah`ın qulu kimi dəyər verirlər. Yaxşılıq etmək üçün mənfəət güdməz, əksinə, daima yaxşı işlər görməkdə yarışaraq Allah`ın rizasını qazanmağa çalışarlar.

Quran əxlaqına tabe olmağın cəmiyyətə maddi və mənəvi faydaları

Quran əxlaqı dərin, mənəviyyatlı, rahat, təhlükəsiz mühit meydana gətirir. Quran əxlaqı yaşandıqda dövlətə və millətə böyük zərər verən anarxiya bəlası tamamilə sona çatar. Çünki insanlar Allah`dan qorxar, itaətsizlikdən, fitnə-fəsad törətməkdən hər vəchlə çəkinərlər. Bundan əlavə, mənəvi dəyərlərə malik şəxslər dövlətə və millətə sahib çıxarlar və bu dəyərlər üçün hər cür fədakarlıq etməkdən çəkinməzlər. Bu əxlaqa malik insanlar daima ölkənin rifahı və təhlükəsizliyi üçün çalışarlar. Quran əxlaqı ilə yaşayan cəmiyyətdə insanlar bir-birlərinə həddindən artıq hörmət bəsləyər və hər kəs bir-birinin rahatlığını və təhlükəsizliyini təmin edər. Çünki İslam əxlaqında həmrəylik, birlik və bərabərlik çox vacibdir. Qurana əsasən, hər insan özündən əvvəl digər insanların rahatlığını və mənfəətini düşünməlidir. Quranda möminlərin bu əxlaqı belə bildirilir:

Onlardan əvvəl yurd salmış və iman gətirirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr surəsi, 9)

İnsanların Allah qorxusu ilə hərəkət etdiyi mühitdə hər kəs cəmiyyətin rifahı üçün çalışar, israfçılıq olmaz, həmrəylik, müştərəklik olar, hər kəs qarşılıqlı bir-birinin mənfəətini güdər və bu sayədə də rifah səviyyəsi yüksək, zəngin cəmiyyət formalaşar.

Belə bir cəmiyyətdə maddi cəhətdən zənginliklə yanaşı, mənəvi cəhətdən də zənginlik olar. İnsanların hadisələrə üsyankar münasibət və rəftarı tamamilə aradan qalxar. Hər kəs təvəkküllü davranar və hər problemə ağıllı həll yolları axtarılar, hər hadisə sülhlə həll olunar. İnsanlar rahat mühitdə yaşayarlar. Sevinc, səmimiyyət, sevgi, istiqanlılıq, dostluq və qardaşlıq hakim olar.

Quran əxlaqına tabe olmağın ailəyə faydaları

Quran əxlaqında ata-anaya hörmət var. Allah Quranda belə bildirir:

Biz insana ata-anasına (yaxşılıq etməyi) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! (Loğman surəsi, 14)

Quran əxlaqı ilə yaşayan ailədə dava-dalaş, narahatlıq, ixtilaf olmaz. Ata-anaya və digər ailə üzvlərinə çox hörmət bəslənilər. Həmişə şən və sevincli mühit olar.

Quran əxlaqına tabe olmağın dövlət sisteminə faydaları

Allah Quranda itaət etməyi buyurur. Quran əxlaqı ilə yaşayan insan da dövlətinə itaətkar və hörmətcil olar. Belə cəmiyyətdə hər kəs dövlətin və millətin rifahı üçün çalışar, dövlətə qarşı çıxmaz, əksinə, maddi və mənəvi cəhətdən dəstək olar. Allah`dan qorxan insanlardan ibarət cəmiyyətdə cinayət işləri, demək olar ki, baş verməz. İndiki cəmiyyətdə baş verən cinayət hadisələrinin mində biri belə baş verməz. Dövlətin idarə olunması çox asanlaşar. Dövlət anarxiya, terror, fitnə-fəsad, cinayət kimi hadisələrlə məşğul olmayacağı üçün bütün gücünü ölkənin daxili və xarici siyasətinə, rifahının yüksəlməsinə, güclənməsinə, dirçəlməsinə sərf edər. Nəticədə də çox güclü dövlət formalaşar.

Quran əxlaqına tabe olmağın incəsənətə faydaları

Quran əxlaqına tabe olan insanlar bir-birlərinə dəyər verər və bir-birlərini hər cəhətdən gözəl, estetik mühitdə yaşatmağa çalışırlar. Cənnətə olan həsrətlərinə görə dünyada da ən gözəl, ən təmiz, ən zövqlü mühitlər qururlar. Bu səbəbdən incəsənət hər cəhətdən çox inkişaf edir. Dindar insanın vicdanı da təmiz olur və ağlına təzyiq olmadığına görə dərin düşünərək gözəl, bənzərsiz, təqliddən uzaq əsərlər ərsəyə gətirir. Bundan əlavə, digər dindar insanları da razı salmaq, onlara gözəlliklər təqdim etmək istəyi ilə iş görən insanlar səmimi və şövqlü olurlar.

Quran əxlaqına tabe olmağın təhsilə faydaları

Hər şeydən əvvəl, Quran əxlaqı ilə yaşamaq uşa və gənclərə kamillik, ağıl, həqiqi sevinc və rahatlıq qazandırar. Cəmiyyətdə gənclər arasında geniş yayılmış laqeyd xarakterə Quran əxlaqı ilə yaşayan gənclərdə rast gəlinməz. Çox mülayim, itaətkar, dərin düşünən, fədakar, yaradıcı nəsil formalaşar. Gəncliyin dinamikliyi, şövqü daima xeyirli işlərə istiqamətləndirilər. Ortaya mühüm iş və ağıl gücü çıxar. Belə bir mühitdə şagird və tələbələr sadəcə sinifdə qalmamaq və ya cəzadan xilas olmaq üçün deyil, şövqlə, istəyərək, dövlətə və millətə fayda vermək üçün təhsillərinə çox əhəmiyyət verərlər.

Məktəblərdə intizamsızlıq aradan qalxar. Çox rahat, faydalı təhsil mühiti formalaşar. Müəllim və şagirdlər arasında itaətə, hörmətə və tolerantlığa əsaslanan müştərək iş meydana gələr. Bundan əlavə, şagird və tələbələr dövlətə, polisə qarşı da çox hörmətcil və itaətkar olar, dövrümüzdə tez-tez rast gəlinən tələbə etirazları baş verməz. Çünki bu etirazları tələb edən mühit olmaz.

Sayana Vəliyeva

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı