2015-06-01 14:55

“Prezident gec-tez hasarlara da reaksiya verəcək” - millət vəkili

"Cənab prezident villalarla bağlı "sökün” əmri verəndən sonra heç kim qabağa çıxmadı. Aydındır ki, bu, adi, sadə adamların villaları deyil. Kimlərsə qorxaraq qabağa çıxmırsa, onda söküntü əmri icra olunacaq”. 

LiderXeber.com xəbər verir ki, bunu "Yeni Müsavat”a müsahibəsində millət vəkili Çingiz Qənizadə deyib. Ç. Qənizadə bildirib ki, o evlərin sahiblərindən hamının xəbərsiz olmasına inanmır: "Ən azı bu gün cəmiyyətdə daşı daş üstünə qoyanda dərhal gəlib adamın başının üstünü kəsdirirlər. Ona görə də yəqin ki, bunların əsl səbəbləri haqqında da kifayət qədər səbəblər var. Amma mən ev sahiblərini də qınamıram. Yəqin ki, vaxtilə onlara icazə verilib, ona görə bu villalar tikilib. Yəni bu məsələyə birmənalı yanaşmaq lazım deyil”. 

Millət vəkili Xəzər Dənizinin ətrafına çəkilən hasarlara da etiraz edib: "Mən  hesab edirəm ki, gec-tez cənab prezident buna da reaksiya verəcək. Şəhərə cənub tərəfdən girəndə baxırsan dəniz elə hasarlanıb ki, bizi sadəcə o gözəl mənzərədən məhrum ediblər. İnanıram ki, bu məsələ də cənab prezidentin diqqətinə çatdırılacaq və onunla bağlı da göstərişlər verəcək. Görürsünüz  ki, son məsələlərdə cənab prezident nə qədər həssaslıqla, diqqətlə və ağrı ilə baş verən hadisələri vurğulayır, göstərişlər verir. Amma təəssüf ki, bəzən ətrafında olan kimlərsə bunu tuta bilmirlər. Gec-tez bu kimi hərəkətlər öz başlarında çatlayacaq. Sanki cənab prezidentin istəyi ilə edilən hərəkətlər arasında bəzən ziddiyyət olur, onda da prezident qətiyyətli addımlar atır. 

Parlamentdə hasarlarla bağlı məsələ elə bir neçə dəfə Fazil Mustafa tərəfindən qaldırılıb. Xalq heç olmasa bu gözəl mənzərəyə baxmaqdan məhrum etmək düzgün deyil. Avropadan gələnlər Qobustana, tarixi yerlərə  baxmaq üçün gedəcəklərsə, dənizin hasarlanması mənzərəsini görsələr, təbii ki, heyrətlənəcəklər. Nəzərə alaq ki, gələnlər arasında jurnalistlər də çox olacaq. Onlar da məsələlərə hansısa don geyindirəcək. Azərbaycana gələn jurnalistlər hamısı Azərbaycanı sevdiyi üçün gəlmir ki. Çoxları informasiya toplamağa, bəlkə də qarışqadan fil düzəltməyə gələcək. 

O baxımdan biz onlara imkan verməməliyik ki, nələrisə görsünlər və yazsınlar. Allaha şükür, şəhərin mərkəzində gözəl işlər görülüb, hər bir atılan addım bizi sevindirir. Təbii ki, son hadisə olmasaydı, daha yaxşı olardı. Amma məhz Şıxovdan sonra Qaradağ ərazisində yolboyu dənizin hasarlanması yolverilməzdir, gec-tez bu hasarlar da sökülməlidir. Dəmir çərçivə çəkilsəydi, dənizin gözəl mənzərəsi də qalardı, yaşayış əraziləri də küləkli olardı. Yəqin ki, cənab prezident nə vaxtsa bu məsələyə öz mövqeyini bildirəcək”. 

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı