2015-06-01 10:50

"Ona həyatı başa saldım" - Tərlan Əhmədov

AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun müsahibəsi.

- Premyer Liqanın son turunda "Neftçi" ilə qarşılaşdınız. Oyundan razı qaldınız?

- Birinci hissədə istədiyim oyunu görə bilmədim. Ancaq ikinci yarıda hardasa oyunumuz alındı. Komandamızın mübarizəsində, istəyində, hücumların kəsərində əvvəlki oyunlarla müqayisədə irəliləyiş görünürdü. Ancaq ən əsası odur ki, dəyişikliklər özünü doğrultdu. Nicat Qurbanovun təkcə qol vurması deyil, istəkli olması məni sevindirdi.

- Bir növ özünü keçmiş komandası "Neftçi”yə də sübut etdirdi...

- Söz yox. Açığı, oyundan əvvəl istəyirdim ki, Nicatı əsas heyətdə meydana buraxım. Sonradan fikirləşdim cavandır, öz komandasına qarşı çıxar, istək onu "yandırar”. Ona görə ilk yarıda ehtiyatda saxladım. Nicatın oyunu dəyişmək qabiliyyəti var. Meydana sonradan çıxıb 15 - 20 dəqiqəyə matçın taleyini həll edə bilən futbolçudur. Özünü doğrtulması öz istəyindən irəli gəldi.

- Oyundan sonra Kamal Bayramovun Karlos Kardozo ilə mübahisəsi düşdü, araya girdiz. Ona nə dediniz ki, sakitləşdi?

- Oyun bitdikdən sonra biz iki qardaşıq, söhbət edirdik (gülür). Həyatın bəzi söhbətləri var ki, ona deyirdim. Artıq biz həmin yolu keçmişik, onlar yoldadır. Onları başa salırdım ki, necə olmaq lazımdır.

- Mövsümü AZAL üçün necə dəyərləndirmək olar?

- Bizi zədə epidemiyası yıxdı. Beş futbolçumuz əməliyyata gedir. Edu əməliyyat edildi, Viktor İqbekoyi və Valeri Kutsenko da əməliyyat olundu. Birdən-birə beş futbolçunun heyətdən çıxması bir az bizə problemlər yaratdı. Öz oyunçularımıza inanırdım. Komandanın özəyi var və onların yerini doldurmaq üçün gələn oyunçulara da zaman lazımdır. İstər-istəməz deyim ki, builki mövsüm bizim üçün nə yüksək səviyyədə deyildi, nə də pis. Amma qənaətbəxşdir. Komanda yüksək yerlər uğrunda istəkli idi.

- AZAL bu mövsüm ölkə futboluna Seymur Əsədov və Təmkin Xəlilzadə kimi oyunçular bəxş etdi...

- Siz hələ Fəridi Hacıyevi demirsiniz. Əvəzedici heyətdə oynayır, çox güclü hücumçudur. İsmayıl İbrahimlini Nazim Süleymanov U-19 yığmasına dəvət edib. Biz də gəncləri əsas komandaya cəlb edirik. O ki qaldı sadaladığınız futbolçulara, biz də cavan olmuşuq, bizə də etimad olub deyə, mən də çalışıram yerli gənclərə dəstək olum.

- AZAL-ın avrokuboklara yollanmaq şansı var. Məsələ nə yerdədi?

- Bir misal çəkim. 1990-cı illər idi, hər il gəlib bizə deyirdilər ki, bu il Antalyaya, Yunanıstana, Kirpə toplanışa gedəcəyik. Ağa müəllim var idi, ona sual verdim ki, "Nə oldu, bəs toplanışa gedəcəkdik? Dedi: "Vallah, sözdə bütün dünyanı gəzmişik, ancaq sənəddə heç yerdə olmamışıq”. İndi deməyim odu ki, sənəd gəlib əlimizə çatmayana kimi heç nə demək olmaz. Mən istərdim ki, "İnter” özü getsin. Klublarımızın heç biri dağılmasın. Bizim getməyimiz məsləhət olsa, biz də öz planlarımızı dəyişib Avroliqaya hazırlaşacağıq.

- AZAL indi avrokuboklara hazırdır?

- Klub olaraq futbolçuların maaşını verə biliriksə, onlar bizdən razıdırlarsa, niyə də yox? Biz çalışırıq ki, heç bir futbolçu ilə problemlərimiz olmasın. Komandaya yeni oyunçular da cəlb olunacaq.

- Freddi Mombonqonu istəyən klublar var. Xuan Fransiskonun da ayrılacağı bildirilir....

- Hələ heç bir futbolçunu yola salmıram.

- Luis Ramosdan savayı...

- Ramos heç. Səviyyəli oyunçu olsa da, nizam-intizamı pozmuşdu. Mən nizam-intizamı pozanları bağışlamıram. Əsasən də əcnəbiləri. Onlar bura gəlibsə, Azərbaycan futbolunu qaldırmalıdırlar. Yerliləri cərimələyib, əcnəbiyə göz yumacağamsa, deməli, xaraktersizəm. Ramos da nizam-intizamı pozduğundan, xəbərdarlıq etdim, sonda gördüm alınmır, yola saldım. Gedən olacaq. Bizdə icarədən gələn 5 oyunçu var. Onların klubları ilə danışacağıq. Ola bilər, qayıdışları alınsın, oal bilər alınmasın.

- Hansı mövqeni gücləndirməyi düşünürsünüz?

- Müdafiə və hücum. Hücumameyilli, hücumda oynaya bilən oyunçular lazımdır. Qapıçılarla problemimiz yoxdur. Stanislav Namaşko da, Kamal Bayramov da qalır. Ruslan Məcidovun müqaviləsi bitir, onunla danışıqlar aparılacaq.

- Millimizi qarşıdan Serbiya və Norveçlə oyunlar gözləyir. Dəvət olunan futbolçular və ümumi oyunlar haqda nə düşünürsünüz?

- Robert Prosineçkinin qərarına hörmətlə yanaşmaq lazımdır. Seçim onundur və özü seçibsə, deməli yaxşıları seçib. Bu gün heç kim durub deyə bilməz ki, onu çağırma, bunu çağır. Hər məşqçinin öz planı, öz işi var. Prosineçki bunu edibsə, deməli düzün qərar verib. Norveç yığmasının son oyunlarına baxmışam. Çox komplektləşdirilmiş komandadır. Son oyunlarda da yüksək səviyyədə oynayıblar. Bizim dövrümüzdəki futbolu oynamırlar. O dövrdə hamısı ikinci mərtəbədən oynayırdılar. Bütün matçı uzun hava ötürmələri ilə keçirirdilər. Ancaq bu gün tam başqa futbol oynayırlar. Ona görə də hər halda düşünürəm ki, komandamızı heç-heçə qane edir.

- İyunun 3-də ölkə kubokunun final matçı keçiriləcək. Favoritiniz "Qarabağ”dır, yoxsa "Neftçi”?

- Bu oyundan əvvəl bizim görüşümüz var (gülür). Veteranların oyununu nəzərdə tuturam. Elə hər iki komanda favoritdir. Şanslar bərabərdir. Çünku kubokun finalı bir oyundan ibarətdir. Burada kimin əsəbləri sakit olacaqsa, kim çox istəkli olacaqsa, kuboku da o götürəcək. Hansı komanda kuboku daha çox istəyəcək, Allah da ona qismət edəcək. Bir qol da hər şeyi həll edə bilər. Oyunun müqəddəratı penaltilərlə də həll oluna bilər. Final matçının bölgədə keçirilməyi təqdirəlayiqdir. Lənkəranda bu il futbola azarkeşlər çox da gəlmədi. Əvvəl Lənkəran futbol azarkeşləri ilə seçilirdi. Komanda nə qədər zəif olsaydı belə, azarkeşlərin dəstəyi hiss olunurdu. Bu gün o dəstək yoxdur. Ancaq "Qəbələ” yüksəlişdədir, istər-istəməz azarkeş gəlir. Kubokun orada keçirilməsi futbolumuza təkan olacaq. Mən də çox istərdim ki, oyun bərabərə qalsın, sonda penaltilər hər şeyi həll etsin. (Sportnet.az)

AbbasƏli Hüseyni

LiderXeber.az


SON XƏBƏRLƏR


Yuxarı