2014-02-01 07:33

Mənə uğur gətirən “Apple”-in dişlənmiş alma hekayəsi

“Sahib olmadığım şeylər üçün Allaha üsyan etməkdənsə, sahib olduqlarım üçün şükr etməyi öyrəndim”

"Apple” — 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompüter firmasıdır.

ABŞ-da 2004-cü ilə olan göstəricilərə görə 204.542.560 kompüter satılmış, onlardan 110.400.000 ədədi Apple olmuşdur. Apple dünyanın ən bahalı brendi kimi tanınır. 2011-ci ilin oktyabrında onun aksiyalarının dəyəri dünya üçün rekord qiymətə 422 milyard ABŞ dollarına çatıb.Şirkət məhsullarının yüksək keyfiyyəti və dizayna çox böyük önəm verməsi ilə seçilir.

Lakin bu günə qədər şirkətlə bağlı böyük əksəriyyəti maraqlandıran məsələ firma məhsullarının dişlənmiş alma simvolu ilə buraxılmasıdır. Xüsusilə Steven Jobs tərəfindən ideyası verilən bu alma ilə şirkət dünyaya hansı mesajları vermək istəməsi bu günə qədər müzakirə mövzusu olaraq qalır. Vikipediya və digər axtarış sistemlərində Apple-in üzərindəki alma emblemi ilə bağlı müxtəlif versiyalar qeyd olunub.

İlkin versiyalardan biri budur ki, Stiv Cobsun İncildə Adəm ilə Həvvanın cənnətdəki məlum alma əhvalatına görə belə bir seçim etdiyi bildirilir.Digər bir variant kimi isə emblemin kompüter istehsalında böyük nailiyyətlərə imza atmış Alan Turinqin rəqibləri tərəfindən zəhərli alma ilə öldürülməsinə ithaf edildiyi söylənilir.

Təbii ki, deyilən bu variantları təkzib etmək üçün əldə ciddi əsas yoxdur. Məlum dişlənmiş alma ilə bağlı bu günə qədər deyilənlərin altından xətt çəkərək, digər bir mənanı sizinlə bölüşmək istərdim.

Onu da qeyd edim ki, Qərb ölkələrində, xüsusilə ABŞ-da fəaliyyət göstərən dünyanın aparıcı şirkətlərinin böyük əksəriyyəti öz məhsulları və reklamlarında əksər vaxtlar da cəmiyyətə hansısa formada subliminal mesajlar ötürürlər. Təəssüflər olsun ki, bu mesajların böyük əksəriyyəti çox vaxtlarda əxlaqdan kənar məsələlər olur.

Deyəcəyim anlam sırf şəxsi inkişafla bağlı bir məsələdir. Bəlkə də şirkət rəhbərliyi də dünyaya belə bir mesaj vermək istəyirmiş.

Keçək əsas mətləbə...

Təbii ki, dişlənmiş alma, tam almaya nisbətən naqis və uğursuz hesab edilir. Yəni sizləri tam və dişlənmiş alma qarşısında seçim etmək məcburiyyətində qoysalar, hamınız yəqin ki, bütöv almanı seçərdiniz. Əlbəttə ki, mən də o cür edərdim.

Bəs onda nəyə görə kiçiyindən böyüyünə, kasıbından varlısına kimi dünyanın hər yerində yaşayan insanlar telefonlarının kompüterlərinin və digər avadanlıqlarının üzərində məhz "Apple” məxsus dişlənmiş alma şəkilinin olmasını ən azından arzu edirlər. Hətta bəziləri digərlərindən fərqlənmək üçün özünün saxta kompüter və telefonun üzərinə "Apple” işarəsi vuraraq, özünün Apple firmasının istifadəçisi kimi göstərməyə çalışır.

İnsanları dişlənmiş alma şəkili olan telefon və kompüter arzusuna qərq edən şirkət rəhbərləri əslində bununla nə demək istəyirlər?

Ümumiyyətlə hər hansı bir insan özündən asılı olan və olmayan çatışmazlıqlara malik ola bilər. Əksər vaxtlarda da məhz həmin çatışmazlıqlar sahiblərini həyata adaptasiya olunmaqdan və inkişaf etməkdən saxlayır. Bu çatışmazlıqlar müxtəlif formalarda özünü göstərə bilər. Bura kasıbçılıq, kimsəsizlik, hansısa bədən qüsuru, psixoloji faktorlar digər məsələlər daxildir. Əksər vaxtlar bu cür məsələlərə görə kompleksə düşən insanlar, pessimizmə qapılaraq inkişafdan qalırlar. Əslində "Apple” firması məlum dişlənmiş alma "hekayə”si bu cür insanlara bir mesaj verir. Necə ki, dişlənmiş olduğuna görə heç bir halda qəbul edə bilməyəcəyimiz alma, az qala bütün dünyanın arzusuna çevrilsin. Yəni sizlər də elə edə bilərsiniz ki, inkişafınıza və qabağa getməyinizə maneə bildiyiniz çatışmazlıq, əslində sizin inkişafınıza, dünyada brendə çevrilmənizə səbəb olsun. Bu isə sırf şəxsi inkişafla bağlı olan bir məsələdir. Necə ki, "Apple” firmasının rəhbərləri şəxsi inkişaf nəticəsində, hazırda dişlənmiş almanı dünya brendinə çeviriblər.

Məsələnin bir qədər də aydınlaşması üçün tanınmış motivator Nik Vujicici misal çəkmək istərdim. Əvvəlcə Nik Vujicici bir qədər daha yaxından tanıyaq.

1982-ci ildə Avstraliyada dünyaya gələn serb əsilli Nik Vujicic çox nadir bir xəstəliklə dünyaya göz açıb. O dünyaya ayaqları və əlləri olmadan dünyaya gəlib. "Tetra-amelia” adlı sindromdan əziyyət çəkən, qolları və qıçları olmayan Vujicic, gənclik illərində bu çatışmazlıqlarına görə ağır depressiya keçirib. Hətta ətrafdakı insanların Niki daima lağ obyektinə çevirməsi, onu 10 yaşında intihar etməyə vadar edib. O, evdə olarkən özünü suya ataraq boğmaq istəyib. Lakin ailəsini sevdiyi üçün bunu reallaşdırmayıb.

Nikin həyatı anasının ona oxuduğu bir məqalə ilə dəyişib.Anasının ona oxuduğu məqalə fiziki baxımdan hərəkət etməsi mümkün olmayan, lakin buna baxmayaraq daima çalışan bir insan həyatından bəhs edirdi.Bu yazıdan sonra Vujicicin həyatı, dünyaya baxışı tamamilə dəyişdi.Qısa müddət ərzində gündəlik işlərini tək başına görməyi, bədənində olan iki ayaq barmağı ilə yazı yazmağa başladı.O, bütün bunlarla paralel kompüterdən istifadə etmək, tennis oynamaq, saçını daramaq kimi işləri də öyrəndi.Nik hazırda dünyanın ən güclü motivatoru kimi tanınır. O, fiziki çatışmazlıqlarından nəyin ki, depressiyaya düşərək inkişafdan qaldı. Nik üçün özündən asılı olmayan fiziki qüsurları bir növ onun inkişafına stimul verməklə yanaşı, dünyaya tanıtdırdı. Hazırda dünyada yüzminlərlə insan məhz Nikin çıxışlarından istifadə edərək həyata bağlanırlar.

Məncə əslində "Apple” in məlum dişlənmiş alma "hekayə”sini öz həyatımız üçün də bu cür başa düşsək bizim üçün daha faydalı olardı.

Məqaləmin sonunu elə Nik Vujicicin insanlara motivasiya verəcək bir neçə sözü ilə qurtarmaq istərdim.

"Sahib olmadığım şeylər üçün Allaha üsyan etməkdənsə, sahib olduqlarım üçün şükr etməyi öyrəndim.”

"Allahdan ümidiniz kəsməyin çünki, O sizdən ümidini kəsmədi”

"Əlim ayağım olmadan Tanrı məni hər yerə göndərir.”

Bəli insanı həyata bu qədər bağlaya biləcək yeganə amil məhz Allaha inam və şəxsi inkişafla bağlı ola bilər.

Təxminən bir həftə bundan öncə yəni mart ayının 1-də "Karnegi-Klub” Natiqlik məktəbinin 4 yaşı ilə münasibətilə keçirilən natiqlik yarışmasında qalib oldum. Məni qalib edən mövzu isə hazırda sizə təqdim etdiyim məqalə ilə bağlı etdiyim çıxış idi.

Sonda bütün dostların yazı ilə bağlı təklif və iradları maraqlı olardı.

Xəyal Şükür

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı