2015-05-26 11:29

"Cənubi Qafqazda sülhün təmin olunması üçün Rusiya regiondan çıxmalıdır"

"Vətən həsrəti,yurd nisgili hələ də bu insanların qəlbini didib parçalayır."

"Vətən həsrəti,yurd nisgili hələ də bu insanların qəlbini didib parçalayır."

Ümid Partiyası sədrinin Qaçqınlar və Məcburi köçünlər üzrə müavini Anar İsayev Qarabağ münaqişəsi və həlli yolları ilə bağlı LiderXeber.az-a müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik.

-Anar bəy,Ümid Partiyasında yeni müavinlik institutu yaradılıb və siz "Qaçqınlar və Məcburi kökünlər” üzrə müavin təyin olunmusunuz.Öncə təbrik edir və uğurlar diləyirik.

-Təşəkkür edirəm.

-Anar bəy,sizin üçün,partiyamız üçün bu münaqişə faktı necə görünür və bunu necə dəyərləndirirsiniz?

Yaxşı bilirik ki,ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsidir. Ona görə də ermənilər "ənənələrinə” sadiq qalaraq həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. Keçmiş SSRİ-də ermənipərəst M.S.Qarbaçovun hakimiyyətə gəlməsilə erməni separatçılar növbəti dəfə yenidən fəallaşdılar.
Seperatçı-terrorçu erməni dəstələri böyük qardaşları hesab etdikləri Rusiyanın birbaşa dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdilər. Bu vandal birləşmələr işğal etdikləri torpaqları "viran qoymaq” taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdur. Qaçqın və məcburi köşkünlərin sayı milyonu keçmişdir. Rəsmi məlumata görə erməni-rus işğalçıları tərəfindən 4852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın, 54 uşaq və 410 qoca əsir və girov götürülmüşdür. Lakin ermənilər əsir və girovların həqiqi sayını beynəlxalq təkşilatlardan gizlədir, onlarla qeyri-insani rəftar edir, qul kimi işlədir, orqanlarını çıxardıb satırlar.
Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını onun ərazi bütövlüyünün pozulduğunu və torpaqların ermənilər tərəfindən işğal olunduğunu BMT təsdiq etdi. BMT Təhlükəsizlik şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. Dünyanın güclü dövlətləri də bunun üçün heç bir təsir mexanizmindən istifadə etmədilər.Hal-hazırda görünən mənzərə budur.Bir milyondan artıq qaçqın və məcburi köçkün, ərazimizin 20%-nin işğalda qalması.
Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nın 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Çox təəssüf ki, münaqişə başladıqdan bu günə kimi münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail olunmamışdır.

-Sizin konkret nə kimi təklifləriniz var?

Mənim fikrimcə erməni işğalçılarını torpaqlarımızdan çıxarmağın indiki şərtlərlə yeganə yolu sülh yoludur.Biz güclü iqtisadiyyata və ən əsası demokratik idarəçilik prinsiplərinə sahib olan Azərbaycan qurmaqla bölgənin lider ölkəsi ola bilərik. Güclü iqtisadiyyat həm də güclü ordu deməkdir. Bundan sonrakı mərhələdə isə bu münaqişəni yaradan və hər zaman alovlandırmağı ilə ölkəmizi təhdid edən Rusiyanın regiondan çıxmasını təmin etmək üçün addımlar atılmalıdır. Partiya olaraq bunun üçün Cənubi Qafqaz ölkələrinin birliyi modeli kimi bir model formalaşmasını təklif etmişik. Yəni biz Cənubi Qafqaz dövlətləri-Azərbaycan, Gürcüstan və Ermənistan Rusiyanı sıxışdırıb bölgədən çıxarmalıyıq. Rusiya əsasən Ermənistan ərazisində möhkəmləndiyi və Ermənistanı özünün forpostuna çevirdiyi üçün ilk növbədə çalışıb Ermənistanı Rusiyanın caynağından almaq lazımdır. Hal-hazırda Ermənistan blokada şəraitində yaşayır və bunun nəticəsi olaraq iqtisadiyyatı bərbad vəziyyətdə olan dilənçi bir ölkə vəziyyətinə salınıb. Bölgədə olan regional layihələrdən təcrid olunmuş, heç bir istehsalı olmayan, dünyaya birbaşa çıxışı olmayan bir vəziyyətdə yaşayır.Belə bir vəziyyətdə yaşamağı erməni xalqı da arzu etmir və tezliklə münaqişənin həll olunmasını istəyir.
Biz münaqişənin həlli yollarını Türkiyə- Ermənistan sərhədlərinin açılmasında və Türkiyənin Ermənistanı iqtisadi cəhətdən Rusiya asılılığından xilas etməkdə görürük. Türkiyənin Ermənistan ərazisində iqtisadi cəhətdən dolayısı ilə həm də siyasi cəhətdən möhkəmlənməsi Rusiyanın bölgədə mövqeyinin zəifləməsinə gətirib çıxaracaq. Nəticədə Ermənistanın Rusiyadan asılılığı yavaş-yavaş azalacaq. Sonrakı mərhələdə Türkiyənin dəstəyi ilə ədalət bərpa olunaraq Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək şansı yaranacaq. Bölgədə sülh və əminamanlıq bərqərar olunaraq region dövlətlərinin dinc qonşuluq şəraitində yaşamasına gətirib çıxaracaq.

-Ölkədə Qaçqın və Məcburi köçkünlərlə bağlı həyata keçirilən siyasətlə bağlı düşüncəniz necədir?

Doğrudur dövlət qaçqın və məcburi köçkünlərin sosial problemlərinin,ev problemlərinin həlli yolunda müəyyən addımlar atıb.Əvvəllər yurdundan-yuvasından didərgin düşmüş soydaşlarımız qaçqın düşərgələrində,vaqonlarda,inzibati binalarda,bağçalarda,yataqxanalarda və sairədə məskunlaşmışdısa bu gün onların bir hissəsi dövlət tərəfindən artıq evlə təmin edilib,sosial müavinətlər verilir, qaz, işıq, su pulunun ödənilməsində güzəştlər tətbiq edilib. Lakin buna baxmayaraq onların kifayət qədər həll olunmamış problemləri qalır. Hələ də qaçqın və məcburi köçkünlər öz dədə-baba torpaqlarına, öz yurd-yuvalarına qayıda bilməyiblər.Vətən həsrəti,yurd nisgili hələ də bu insanların qəlbini didib parçalayır.
-Qarşıdan parlament seçkiləri gəlir. Bizdə olan məlumata görə seçkilərdə namizədliyinizi verməyi düşünürsünüz. Bu barədə hazırlıqlar necə gedir.
Əlbəttə. Mən də bu il keçiriləcək V çağırış Milli Məclisinə seçkilərdə iştirak etməyi qərarlaşdırmışam.İnşallah bir əskiklik olmazsa 81 saylı Beyləqan Seçki Dairəsindən namizədliyimi irəli sürmək fikrim var.Beyləqan mənim üçün doğma olan bir bölgədir.Bu rayonda mənim qohumlarım, dostlarım, tanışlarım yaşayır və həm də mənim fəaliyyət sahəmin bir hissəsi də Beyləqanla bağlıdır. Artıq seçkilərə hazırlıqla bağlı müxtəlif işlər görülür. Mövcud şəraiti və siyasi vəziyyəti nəzərə alaraq, mövcud şərtlər daxilində hazırlıqlarımı davam etdirirəm. Əsas məqsədimiz insanların seçkidə iştirakını təmin etməkdir. İnsanların prosesə kütləvi şəkildə qatılması bizim qalib gəlmək şansımızı daha da artırır. Seçiciləri daha aktiv şəkildə proseslərdə iştiraka səsləyirəm! Çünki, seçkilərdə ölkəmizin demək olar ki, gələcək taleyi həll olunur. Proseslərdə passiv olmağımız, seçkilərdə iştirak etməməyimiz mövcud problemlərin həll olunmaması, hətta deyərdim ki artması ilə nəticələnir. Bu səbəbdən bütün seçicilər öz üzərində məsuliyyət hiss etməli və seçkilərdə çox aktiv olmalıdırlar.

Mən namizəd olacağım bölgənin-Beyləqanın demək olar ki, bütün problemlərini bilirəm və seçiləcəyim təqdirdə həllinə nail olmağa var gücümlə çalışacam.

- Uğurlar.

Çox sağ olun.

Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı