2015-05-25 15:20

Regionlarda əmək hüquqlarının təbliğ edilməsi məqsədilə təlimlər həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən "Regionlarda əmək hüquqlarının təbliğ edilməsi məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsinə İsmayıllı rayonunda start verildi.

LiderXeber.com xəbər verir ki, 23 may 2015-ci il tarixdə İsmayıllı rayonunda təşkil edilən təlimdə 50-dən çox müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan vətəndaş iştirak edib. Tədbirin açılışında vətən uğrunda şəhid olmuş övladlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Nəsimi Teymurov qonaqları salamlayaraq İsmayıllı rayonunun 2015-ci il gənclər paytaxtı seçildiyi bir dövrdə belə tədbirlərin əhəmiyyətini vurğulayaraq iştirakçılardan təlimdə aktiv olmalarını və daha çox məlumat almaları üçün çalışmalarını xahiş etdi.

Daha sonra çıxış edən "Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin sədri Nəsimi Həsənov iştirakçılara Azərbaycan Respublikasının gənclər siyasəti, vətəndaş cəmiyyəti, vətənpərvərlik, təşkilatın fəaliyyət istiqamətləri və keçirdiyi layihələr barədə məlumat verərək iştirakçıları təlimdə fəal iştirak etməyə çağırdı.

Layihənin təlimçisi Ceyhun Abbasov iştirakçılara əmək hüquqları, əmək qanunvericiliyi sistemi, əmək münasibətlərinin mahiyyəti, iştirakçıları və bu sahədə son illərdə həyata keçirilən islahatlardan geniş təqdimat etdi. Əmək müqaviləsi, əmək məzuniyyətləri, iş vaxtı, ezamiyyələr və digər bölümlərdə iştirakçıların yüksək fəallığı nəticəsində maraqlı müzakirələr oldu. Bu müzakirələrdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin də iştirakı təlim prosesini daha da səmərəli etdi.

Təlimin sonunda təşkilatın sədr müavini Daşqın Rəcəbli CV yazılışı, iş axtarmaq prinsipləri, müsahibə üçün tələblər, karyera planlaşdırılması, protokol qaydaları və etik davranış qaydaları barədə iştirakçılara məlumat verdi.

Tədbirdə İsmayılıı Rayon İcra Hakimiyyətinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Dövlət Məşğulluq Xidmətinin, səhiyyə, təhsil və digər qurumların əməkdaşları iştirak etdi.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.

Orxan Kərimov

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı