2015-05-22 11:52

Binəqədinin icra başçısı günahı Kəmaləddin Heydərovun üstünə atdı

Üzlüklərin tərkibi, keyfiyyəti ilə bağlı danışan icra başçısı: “FHN-nin sertifikatı var, sertifikata baxıb, razılıq vermişəm”.

Azadlıq prospektində, Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğının əks-sədası davam edir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov "Yeni Müsavat”a müsahibəsində baş vermiş yanğın və onunla bağlı bütün suallara aydınlıq gətirib.

LiderXeber.az xəbər verir ki, müsahibəsində icra başçısı Binəqədidə binalara vurulan üzlüklərdən danışıb:

"Hamısına bir-bir baxılır, ekspert o gündən rəyini verib. Hansına ki, rəylər verilib ki, üzlükləri sökülsün, onları sökürlər. Hazırda 5 binada söküntü başlanıb. Dördündə başlanıb, birində də artıq başlanır.

İcra başçısı bildirib ki, binaların üzlükləri söküləndən sonra onun yerinə nə vurulacağı hələ bəlli deyil:

"Fövqəladə Hallar Nazirliyi də baxacaq, qərar verəcək. İlkin qərar budur ki, boya ilə olacaq. Amma indi hələ dəqiq deyil”.

Xaləddin İsgəndərov bildirib ki,  bu binalar onun Binəqədi rayon icra başçısı təyin olunmasından sonra üzlənib

 Onun sözlərinə görə, yanğından zərər çəkənlərə ilkin olaraq, 1000 manat verilib ki, əyin-baş yoxdur.

"İndi qərargah yaradılıb, sakinlər müraciət edir, biz onları yerləşdiririk. Kimin ki, burda uşaqları oxuyur, özləri bu yaxın ərazidə işləyirlər, onlar müvəqqəti də olsa uzaq yerə köçmək istəmirlər. Məsələn, Goradilə, Bilgəhə... Məsələn, onlara bu yaxınlıqda ev tuturuq, kirayə pulunu da veririk. 1000 manat da əlavə. Gedib orda kirayədə qalırlar. Hər birinin ünvanı da nəzarətimizdədir ki, hər dəqiqə əlaqə saxlayıb, nə problemləri olduğunu öyrənək. Biz bunları özlərinin istəyi ilə edirik”.

İcra başçısı insanların əraziyə gələrək, gül qoymasından da danışıb:  

"Qarşıdurma olmur. Bilirsiniz necədir? Heç kim istəmir ki, orda təxribat olsun və sair. Amma adət-ənənəmiz var, insanlar yanğında həyatını itirib, dəfn olunub, gedib orda da gül qoya bilərlər. İnsanların hərəsi öz ağrısını, kədərini bir cür nümayiş etdirir. Bu gün mənə 100 yerdən zəng edib, başsağlığı verirlər.

Allaha and olsun, indi sizinlə danışıram, amma elə bilirəm, öz evimdən 15 meyit çıxıb. O vəziyyətdəyəm, inanın, özümdə deyiləm. Bina da, dünya malı da... hamısı gəldi-gedərdi. Amma o insanların ölümü böyük faciədir. Mən neçə gündür hadisə yerindəyəm, orda da olmalıyıq.

O uşaqların şəklinə də baxırsan, ürəyin ağrıyır. İnsanlar da hansısa formada gəlib öz kədərlərini ifadə edirlər. Sadəcə, polis kütləviliyin olmasını istəmir ki, birdən kimsə təxribat törədər. İlk əvvəl bir az anlaşılmazlıq yarandı ki, təxribat olmasın-filan. Amma indi heç bir problem yoxdu, insanlar gəlib-gedə bilər”.

Onu həbs təhlükəsinin gözləyib-gözləmədiyi barədə sualı cavablandıran Xaləddin İstgəndərov qeyd edib ki, bu barədə heç nə deyə bilməz:

"Siz jurnalistsiz, siz araşdırın, mən nə deyim? Şəxsən mənə heç bir irad olmayıb. Çünki bu binalar 3 ildir ki, üzlənib. Olsaydı bu müddət ərzində olardı. Yeni başlamamışam ki, indi irad bildirilə. Mən Binəqədi rayonuna icra başçısı təyin olunandan 15 gün sonra binaların üzlənməsi başlanıb. Amma yenə də istintaq gedir, nə olacaq, bilmirəm”.

Binaların üzlənməsinin kimin tapşırğı ilə aparıldığı barədə sualı isə icra başçısı belə cavablandırıb:

"Ölkədə, hər bir yerdə abadlıq işləri gedir. Biz də bununla bağlı layihələrimizi vermişik, işlər gedib. Yəni belə... Xüsusi bir tapşırıq olmayıb bununla bağlı. Hər bir kəsə tapşırılıb ki, gedin orda xidmət eləyin. Biz də baxıb görmüşük ki, ən çox buna tələbat var, bundan istəyirlər, biz də belə eləmişik. Mən də bunun tərkibini bilə bilmərəm. Sadəcə, baxmışam ki, sertifikatı var. Ona görə də qərar vermişik ki, binalarımız bu üzlüklərlə daha gözəl görünəcək, ondan binanın üzünə çəkmək lazımdır. Özünüz də görürsünüz ki, bu üzlüklərin görüntüsü necə də gözəl idi...”.

Üzlüklərin tərkibi, keyfiyyəti ilə bağlı danışan icra başçısı qeyd edib ki, "Fövqəladə Hallar Nazirliyinin sertifikatı var, mən sertifikatına baxıb, razılıq vermişəm”.

X.İsgəndərov bildirib ki, görülən işi təhvil almaq da icra hakimiyyətinin işi deyil:

"Onlara işləməyə icazəni, lisenziyanı Fövqəladə Hallar Nazirliyi verir. Bu gün bütün tikintilərə icazəni həmin nazirlik verir.

İcra başçısı qeyd edib ki, görülən işlərdə Bakı şəhəri İcra Hakimiyyətinin heç bir rolu olmayıb.

SON XƏBƏRLƏR


Yuxarı