2015-05-19 10:16

Bir ayda 151 milyonluq əmanət geri çəkildi

Mərkəzi Bankın rəsmi məlumatına görə, aprel ayı ərzində əhali banklardan külli məbləğdə - 151 mln. manatdan artıq əmanət çıxarıb.

LiderXeber.az modern.az-a istinadən xəbər verir ki, maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov fakta münasibət bildirib: "Ehtimal edirəm ki, əmanətlərin kütləvi çıxarılması prosesi davam edəcək. Bəziləri hələlik çıxarmır ki, hesablanmış faizləri batmasın. Onlar ümid edir ki, Avropa Oyunlarınadək və ya hətta parlament seçkilərinədək problem olmaz.

Əvvəlki səbəblər öz yerindədir: bank sisteminə etimadın azalması, Mərkəzi Bankın banklara səmərəsiz nəzarəti, növbəti devalvasiya gözləntisi, gəlirlərin azalması və s. Yeni səbəblər də var. Əvvəla, Konstitusiya Məhkəməsinin məlum qərarı göstərdi ki, banklarla münasibətlərdə qanun əhalini qorumur. Deməli, borc alanların başına gətirilən əmanətçilərin də başına gətirilə bilər Əsaslandırma da eyni olacaq: banklar hay-küy qaldıracaq ki, qərar bankların deyil, əmanətçilərin xeyrinə olsa, maliyyə sistemi çökəcək”.

Ekspert deyir ki, maraqlısı budur ki, bankların kredit məsələsindəki bu hay-küyü əmanətlərin çıxarılmasının digər səbəbidir. Əmanətçilər narahatdır ki, əgər maliyyə sistemi borc alanların haqqının tanınması nəticəsində bankların bir neçə milyon itirməsinə görə çökə bilərsə, belə sistemə necə etibar etmək olar?!

"Konstitusiya Məhkəməsinin məlum qərarının əhalinin əleyhinə olması həm də onu göstərir ki, bankların problemli kreditlərinin onsuz da yüksək olan həcmi daha da artacaq. Problemli krediti çox olan bank əmanəti nəyin hesabına qaytaracaq?

Sözügedən qərara görə, banklar maliyyə imkanları daxilində borc alanlara güzəşt etməlidir. Böyük ehtimalla banklar ağlaşma quracaq ki, maliyyə vəziyyətləri qənaətbəxş deyil, buna görə də az güzəşt edə bilərlər. Bu məlumatla təbii ki, əmanətçilər də tanış olacaq və əmanətlərinin maliyyə vəziyyətlərinin qənaətbəxş olmayan banklara etibar etdiklərini biləcəklər”.

Ə.Həsənov deyir ki, Beynəlxalq Banka milyonlarla borcu olan sahibkarların tutulması növbəti səbəbdir. "Əmanətçilər düşünür ki, deməli, onların banklara qoyduğu əmanətlər hər yoldan keçən dələduza kredit kimi verilir və sonradan qaytarılmır. Qaytarılmırsa, bank sabah əmanəti necə qaytaracaq?

Mərkəzi Bankın kapital ehtiyatlarının (200 mln. manat) əlindən alınması da narahat edici amildir. Çünki bu o deməkdir ki, bank sistemində pul həcmi azalır, iqtisadi vəziyyət ağırdır. Mərkəzi Bank bu gündədirsə, görün indi kommersiya banklarının vəziyyəti necədir?

Nəhayət, əmanətçilərin çoxu artıq bilir ki, onların əmanəti dövlət tərəfindən deyil, hüquqi statusu və pulları necə idarə etməsi məlum olmayan adi hüquqi şəxs (fond) tərəfindən sığorta edilib. Yəni bir neçə bank müflis olsa, həmin fond da müflis olacaq və dövlət əmanətlərə görə məsuliyyət daşımayacaq. Deməli, sığortaya da bel bağlamaq olmaz”.

Ə.Həsənovun fikrincə, nəzərə alsaq ki, daşınmaz əmlakın qiyməti də artıq enməyə başlayıb və bu proses davam edəcək, əhali hazırda bankda əmanət saxlamağın təhlükəli olduğunu bilərək, vəsaitini əsasən daşınmaz əmlaka yerləşdirəcək.

"Çıxış yolu nədir? Mərkəzi Bankın və kommersiya banklarının daha şəffaf olması, ictimaiyyəti dəqiq və vaxtında məlumatlandırması, əhali ilə kompromisə getməsi. Etimadı bərpa etmək lazımdır. Əks halda, maliyyə sistemi doğrudan da çökəcək...

Yeri gəlmişkən, bir müddət öncə bəzi KİV-lərin mart ayı ərzində guya əmanətlərin kütləvi şəkildə artması haqda məlumatı açıq yalan idi. Əmanətlər devalvasiyadan sonra kütləvi azalır. Sadəcə devalvasiyadan sonra əmanətlərin manat ekvivalenti artmışdı. Yəni əgər əvvəlki 5 mlrd. dollar əmanət heç 4 mlrd. manat etmirdisə, devalvasiyadan sonra 5,25 mlrd. manat etmişdi”.

 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı