2015-05-16 16:56

DQİDK Mərakeşdə dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri ilə bağlı konfrans təşkil edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İSESCO ilə birgə Mərakeşin paytaxtı Rabat şəhərində "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" mövzusunda konfrans təşkil ediblər.

Komitədən LiderXeber.az -a verilən məlumata görə, konfransda Dövlət Komitəsinin nümayəndələri, İSESCO-nun rəsmiləri, Azərbaycan Respublikasının Mərakeşdəki səfiri Tariq Əliyev, səfirliyin əməkdaşları, Rabatda akreditasiya olunmuş səfirliklərin təmsilçiləri, Türkiyənin, Çinin, Malayziyanın səfirləri, elm adamları, ictimaiyyət nümayəndələri, media təmsilçiləri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.

Konfransında çıxış edən İSESCO-nun Baş direktorunun müavini Amine Al-Hijri müasir dünyada tolerantlığın və mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıb. O, İslamdakı tolerantlıq prinsiplərindən danışaraq, İSESCO-nun bu sahədəki fəaliyyətinə toxunub. Amine Al-Hijri tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın müsbət təcrübəsini xüsusi qeyd edib.

Konfransda çıxış edən DQİDK-nin sədr müavini Gündüz İsmayılov, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərdən biri kimi təbliğ etdiyi tolerantlığın Azərbaycan xalqının əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olduğunu bildirib.

Gündüz İsmayılov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmış, bu sahə dövlət nəzarəti altına keçirilib. Ölkədəki dini dözümlülük, ümumiyyətlə tolerantlıq mühiti Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinə uyğun olaraq daha da möhkəmlənib, bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.

G.İsmayılov qeyd edib ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyəıtinin xüsusi vurğulmaq lazımdır. Bu gün Azərbaycan hökumətinin əsas məqsədlərindən biri tarixən ölkədə formalaşmış və xalqın xarakterik xüsusiyyətinə çevrilmiş tolerantlıq ənənələrini daha da inkişaf etdirmək, tolerantlığı və dinlərarası dialoqu beynəlxalq aləmdə təşviq etməkdir.

Konfrans çərçivəsində İSESCO-nun Baş qərargahında "Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı sərgi təşkil edilib.

Konfrans başa çatdıqdan sonra İSESCO-nun Baş katibi Əbdüləziz Osman əl-Tüveycri Azərbaycandan gələn nümayəndə heyəti və Azərbaycanın Mərakeşdəki səfiri Tariq Əliyevi qəbul edib. Görüşdə Azərbaycanın tolerantlıq ənənələri, İslam dünyasındakı tolerantlıq ənənələrinin təbliğ edilməsinin zəruriliyi və digər məsələlər müzakirə olunub.

 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı