2015-04-30 11:24

“PAŞA Həyat” 50-ci təlimini keçib

"PAŞA Həyat” sığorta şirkəti maarifləndirmə və korporativ sosial məsuliyyət proqramı çərçivəsində bu ilin aprel ayının 22-24-də "Sığorta və sığorta mədəniyyəti” mövzusunda növbəti təlimini təşkil edib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, müxtəlif universitetlərdən dəvət olunmuş təlimdə 30-a yaxın tələbə iştirak edib. Təlim zamanı tələbələr sığortaya aid mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amilllər, sığorta müqaviləsi, təkrarsığorta, sığorta riskləri, dünya və yerli sığorta bazarının vəziyyəti barədə ətraflı məlumatlar əldə edib.

Təlimin sonunda Azərbaycan Sığortaçılar Assosasiyasının sədri Orxan Bayramov "PAŞA Həyat”ın fəxri qonağı qismində iştirakçılara müvafiq sertifikatlar təqdim edib. O.Bayramov təlim iştirakçılarını təbrik etmiş və sığorta sektorunun perspektivli bir sahə olduğunu, həmçinin bu sahədə savadlı gənc kadrlara ehtiyac olduğunu vurğulayıb.

Daha sonra, "PAŞA Həyat”ın Strateji inkişaf və marketinq departamentinin direktoru İsrail Qarayev rəhbərlik adından bütün iştirakçıları təbrik etmiş və onlara təlimlərə maraq göstərdiklərinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, bu təlim "PAŞA Həyat”ın sayca müvafiq layihə başlandığı andan təşkil olunan 50-ci təlimdir. Bu günə qədər təşkil olunmuş təlimlərə 1000 nəfərdən çox iştirakçı qatılıb.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı