2015-04-28 10:35

I Avropa Oyunlarının alovu Naxçıvanda təmtəraqla qarşılanıb - FOTOLENT

I Avropa Oyunlarının olimpiya alovunun Naxçıvana səyahəti münasibətilə Naxçıvan şəhərində təmtəraqlı mərasim təşkil olunub.

LiderXəbər-in verdiyi məlumata görə, mərasim yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, aprelin 26-da Atəşgah Məbədindən Bakı 2015 Birinci Avropa Oyunlarının məşəli alovlandırılıb. Məşəl 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

Məşəl proqramı çərçivəsində 60 rayondan keçəcək, 15 bölgədə Alov festivalı təşkil olunacaq ki, burada rəsmi şəxslərin, incəsənət ulduzlarının və tanınmış idmançıların iştirakı nəzərdə tutulub.

Səyahət zamanı ümumilikdə 1000-dən çox məşəlçi iştirak edəcək. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq.

Məşəl səyahətində 150 yaradıcı komanda, 132 nəqliyyat vasitəsi iştirak edəcək.

Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.

Məşəl tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçərək Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıya gətiriləcək.

Avropa Oyunlarının məşəli iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.

660 millimetr hündürlüyü olan məşəlin gövdəsi "Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını "Sidney-2000”, "Afina-2004” Olimpiya Oyunları və "Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb.

 



 

 

 

 

 

 

 


SON XƏBƏRLƏR


Yuxarı