2015-04-27 12:07

“Ümid edirəm ki, “Qarabağ” ev oyunlarını Ağdamda keçirəcək”- Prosineçki

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki “Report.az”a müsahibə verib.

LiderXeber.az informasiya agentliyi həmin müsahibədən maraqlı hissələri təqdim edir. 

- Sələfiniz Berti Foqts şəxsi məsələlərlə bağlı danışmağa meyilli deyildi. Amma Siz bu baxımdan açıq adam təsiri bağışlayırsınız. Azərbaycanda Sizə və ailənizə yaradılan şəraitdən razısınızmı?

- Mən hər məsələni səmimi deyirəm. Ona görə yox ki, burada yaşayır, çalışır və yığmanın baş məşqçisiyəm. Mən və ailəm burada özümüzü çox rahat və yaxşı hiss edirik. Uşaqlar yaxşı məktəbə gedirlər, təhsillərindən razıyıq. Bu ölkədən özümün də, həyat yoldaşımın da çox xoşu gəlir. Bakı gözəl şəhər, Azərbaycan gözəl ölkədir. Bunların hamısı səmimi sözlərdir. Beş aydır Bakıdayam. İnsanların qonaqlara necə kömək etməyə çalışdıqlarının canlı şahidiyəm. Hərtərəfli - iş, sosial baxımından açıq insanlardırlar.

- İyunun 7-də Serbiya, 5 gün sonra isə Norveçlə oyun olacaq. Sıx qrafiklə İtaliya ilə oyunun ardından milli komanda Xorvatiyaya məğlub oldu. Futbolçuların fiziki durumunu göz önünə gətirərək düşünmürsünüz ki, Norveçlə oyunda ağır məğlubiyyət ola bilər?

- Böyük futbol ölkələri, böyük klublar 2-3 gündən bir futbol oynayırlar. Biz səviyyəni artırmaq, futbolda irəliləyiş istəyirik və buna öyrəşməliyik. Arada 5 gün fasilə var və bu müddət komandanın tam bərpa olunması üçün kifayətdir. Sentyabrda yenə sıx qrafiklə oynayacağıq. Nəyə görə başqaları bacarır, biz yox? Bu, futbolda normal haldır. O səviyyəyə çıxmalıyıq ki, 3, 5 gündən bir futbol oynayaq. Belə bəhanələr axtarmamalıyıq ki, üç gündən bir oynadıq və yorulduq. Ən sadəsi odur ki, yorulmuşuq, bacarmırıq. Biz bunu bacaracağıq.

- Norveçlə oyun günündə Bakıda I Avropa Oyunları start götürəcək. Həmin oyundan sonra paytaxta qayıdıb Oyunları izləyəcəksiniz? Nəzərə alsaq ki, Avropa Oyunlarında çimərlik futbolu yarışları da olacaq və özünüz püşkatma mərasimində iştirak etmişdiniz...

- Bakıya qayıdacam. Çünki ümumilikdə idman məni maraqlandırır. Ümid edirəm ki, Norveçdən qələbə ilə qayıdıb xalqı sevindirəcəyik.

- Azərbaycan Avropa Oyunları zamanı Xorvatiya idmançıları ilə üz-üzə gəlsə, kimə azarkeşlik edəcəksiniz?

- Mən burada işləyir və yaşayıram. Azərbaycan mənim ikinci vətənimdir. Ümid edirəm, belə bir şey olmaz ki, Xorvatiya idmançıları bizimkilərlə yarışa çıxsınlar. Olsa, sözsüz ki, Azərbaycanın tərəfini tutacam. Bir-birinə qarşı oynamasınlar (gülür). Xorvatiya və Azərbaycan idmançıları hansı idman növündə qarşılaşa bilərlər?

- "Neftçi" kubokun finalına çıxdı. Hazırkı "Neftçi"nin futbolçuları milliyə dəvət alacaq?

- Mən sizə bir sual verim. Siz "Neftçi"dən hazırda kimisə milliyə layiq görürsünüz?

- Aqil Məmmədovu demək olar. Sonra Məqsəd İsayev...

- Aqil olar. Amma qalan futbolçuların sərgilədikləri oyuna əsasən, mənim fikrimi bilmək istəyirsinizsə, hazırda "Neftçi"də milliyə namizəd futbolçu yoxdur.

- Yəqin ki, siyasəti də izləyirsiniz. Son zamanlar siyasət yaşıl meydanlara da təsir edir. Avropa çempionatının seçmə oyunları zamanı Çernoqoriya və Serbiyada da bunu gördük. Köhnə Yuqoslaviyadan çıxmış bir futbolçu kimi belə hadisələrin baş verməsini necə qarşılayırsınız? 

- Onu deyə bilərəm ki, xalq özü siyasi problemləri futbolda görmək istəmir. Çünki futbol bir oyundur. Həmişə demişik ki, gəlin idman oyunlarını siyasiləşdirməyək. Belə hadisələr futbola ləkə salır. Serbiya və Almaniyanın oyununda təxribat üçün bayraq çıxartdılar və hadisələr başladı. Çernoqoriyada Rusiyanın qapıçısına fişəng atdılar. Deyə bilmərəm, niyə belə hadisələr baş verir, amma çalışmaq lazımdır ki, gələcəkdə belə hadisələr olmasın. Çünki futbol idmandır və komandalar meydana çıxıb oyunlarını oynasınlar, siyasət idmana qarışdırılmasın. 

- Yəqin ki, Azərbaycana gələnə qədər Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyi barədə eşitmişdiniz. Ermənilərin işğalı etdikləri Ağdam şəhərinin təmsilçisi olan "Qarabağ"ı gördünüz.  Nəzərə alsaq ki, işğal nəticəsində Qarabağı təmsil edən komanda gəlib oyunlarını Bakıda keçirir. Bu məsələyə münasibətiniz necədir?

- Sözsüz ki, Azərbaycana gəlməmişdən əvvəl bu məsələdən məlumatım vardı. "Qarabağ"ın oyunlarını izləmişəm və bildim ki, "Qarabağ" Ağdam şəhərini təmsil edir. Bizdə də dəhşətli müharibələr olub. Hansı ki, həmin müharibələr nəticəsində keçmiş Yuqoslaviya dağıldı. Ümid edirəm ki, Azərbaycan xalqı bu problemi müharibəsiz həll edə biləcək, torpaqlar qayıdacaq və gün gələcək ki, "Qarabağ" ev oyunlarını Ağdamda keçirəcək.

 

 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı