2015-04-22 17:38

Bakıda Çanaqqala qələbəsinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Çanaqqala qələbəsinin 100 illiyinə həsr olunmuş Qaradağ rayon gənclərinin elmi praktiki konfransı keçirilib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən Liderxəbər-ə verilən məlumata görə, konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat üzrə müşaviri Hamid Karadeniz, Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri Kamil Günəş, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, müəllimlər, fəal gənclər və məktəb şagirdləri iştirak ediblər.

Tədbir Çanaqqala zəfərinə həsr olunmuş foto sərgiyə baxışla başlamışdır. Daha sonra bütün şəhidlərin ruhu hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən qonaqlar Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyət daşıdığını, bu zəfərin qazanılmasında minlərlə türk və azərbaycanlının iştirak etdiyini də vurğulayıblar. Dəyirmi masa iştirakçılarına hərb tarixi, tarixi faktlar, Çanaqqala zəfərinə ekskurs kimi mövzularında məlumatlar verilib.
Tədbirin sonunda "Çanaqqala zəfəri türk dünyasının qəhrəmanlıq səlnaməsidir” mövzusunda keçirilən inşa yazı və rəsm müsabiqəsinin qaliblərinə diplomlar və mükafatlar təqdim olunub.


SON XƏBƏRLƏR


Yuxarı