2015-03-14 21:47

Yaşamın yanlış gerçəyi

Əllərindən kitabını aldılar. Oxumasına son verdilər. Oynadığı oyuncağı aldılar - Oynama !!! - dedilər. Sonra... Həyatla üzləş, həyatın gerçəkliyini gör, bil dedilər. Hələ özünü tam tanıya bilməyən bir uşağı həyatın bilinməyən, kəşməkəşli ağuşuna atdılar. Əlində oynadığı, qayğı göstərdiyi kuklası bir anda dönüb onun canından, qanından bir uşaq... Onun öz uşağı oldu. Artıq qucağındakı kukla deyil, onun öz canı, övladı idi. Zaman keçdikcə onu böyütməyə, qayğı göstərməyə başladı. Bundan sonra bütün sevgisini ovladına və ailəsinə həsr etməli oldu. Birdən-birə özünü tanımadığı insanların içində tapdığı, özünü o insanlara öyrəşmək məcburiyyətində hiss etdiyi üçün sanki əlacsız idi. Onun xəyallarını, gələcəyə dair düşüncələrini əllərindən aldılar. Dedilər - "SƏNİN GƏLƏCƏYİN AİLƏNDİR VƏ ONLARDAN İBARƏTDİR"... Başı üzərində yaranan xəyallarla dolu düşüncə buludu yavaş-yavaş qaralır və yox olurdu sanki. Qucağındakı körpəsi ilə o da böyüyürdü. Böyüdükcə onunla ağlamağa, gülməyə, bir sözlə hər şeyi onunla etməyə öyrəşmişdi. Zamanla yox... Bir anda həyata atılaraq çətinliklərlə üzləşdi. Uşaqlıq illəri hələ tam öyrəşə bilmədiyi o insanların içində keçdi. İnsanları tanımağa, yaxşını, pisi, əyrini, düzü ayırd etməyə çalışaraq keçirdiyi uşaqlığı hədər olub getdi.

Böyüdü... İnsanları müəyyən qədər tanıdı. Onun saflığı, təmiz və uşaq qəlbli olması onu bütün pisliklərdən çəkindirdi və qorudu. Yaşadığı çətinliklərə , gördüyü pisliklərə rəğmən bütün bunların qarşılığını yalnız yaxşılıq və düzlük olaraq verdi insanlara.

Məsum və saf qəlbli kiçik gəlin... Üzü də qəlbi kimi idi. Sanki üzündə əks olunmuşdu saf qəlbi. Bir növ ayna kimi idi... İnsanlar, yəni onu tanıyanlar və anlayanlar onun necə insan olduğunu görə bilirdilər. Kiçik və xəyalları əllərindən alınmış olan bu məsum övladına çox bağlanmış, onu hər kəsdən, hər şeydən çox sevməyə başlamışdı. Bağlandıqca özünü onda görməyə, yaşayamadığı həyatı yaşatmağa, keçirmədiyi hissləri onda var etməyə çalışırdı. Öz gələcəyini düşünməyi çoxdan unutmuşdu. Gələcəyini övladında görürdü və onun xoşbəxtliyini, gələcəyini hər şeydən önəmli sayırdı. Övladını hər şeydən çox sevdiyi və göz bəbəyi kimi qoruduğu üçün kimsə ilə bölüşə bilmir və qısqanırdı. Həyatını övladında gördüyü üçün həyat onun övladı idi və o da həyatını sevirdi. Kim sevməz ki həyatını?

İllər keçdi... O artıq gənc bir qadın idi. Həyatını bölüşdüyü şəxsi artıq sevməyə başlamışdı. Çünki ona həyatı boyu tek dayaq o insan idi. Başqa insanlardan heç bir kömək görməmişdi. Öz həyatlarını özləri qazanmış və bu illər ərzində sevgiləri artmağa başlamışdı. Nə onun, nə də həyat yoldaşının bir-birlərindən başqa köməyi ola da bilməzdi.

Yaşadığı, sürdüyü kəşməkəşli həyat yolu, gördüyü çətinliklər onu çox dəyişmişdi. Onda həm ruhən, həm qəlbən, həm də cismən dəyişikliklər hiss olunurdu. Qəlbən - xəyallar və arzular dəyişmişdi. Döyünən ürəyi isə ailəsi üçün idi. Ruhən - istəkləri istək olaraq qaldığı üçün həvəssiz və yorğun idi. Cismən - kökəlmiş, narin uşaqlığından heç bir şey qalmamışdı. Əsas dəyişiklik... Gülüşü... Güldükcə gözlərinin güldüyü hiss olunan gülüş və gülüş ilə gözlərindən saçan işıqlar sanki sönmüşdü. Bəs indi? Nə oldu? Həyat ondan bunu, bu gözəlliyi nə üçün aldı? Bundan sonra nələr olacaq, nələr yaşanacaq? Bu suallara cavab yaşadıqca tapılacaq. Hələ heç nə bitməyib. Heç bir şey üçün gec və ya son deyil. Davam edir. Ardı var. Həyatın da ardı olduğu kimi.

İnsanlara ünvanlamaq istədiklərim burada gizlidir. Siz İNSANLAR, insanların həyatını ya yaxşıya, ya da pisə doğru dəyişə bilərsiniz. Qərarlar vermədən öncə uzun-uzun düşünün. Bu qərarların yalnış olub olmadığından əmin olun. Nəticəsində insanların həyatına nə dərəcədə təsir edəcəyini az da olsa fərz etməkdən çəkinməyin. Erkən yaşlarda yüklənilən böyük məsuliyyətlərin onları nə dərəcədə sıxıntılara düçar edəcəyini düşünün. Çox rica edirəm, düşünməkdən çəkinməyin. Qorxulu olan düşünmək deyil, yalnışlıqlarla insanlara yaşatdıqlarınızdır...

İlhamə Kələyeva

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı