2015-03-03 15:29

Uşağa “Dimedrol” verən dayə…

Dayə axtaran zaman diqqətli olmaq lazımdır.

Düşünürəm ki, bu yazım bütün anaların diqqətini çəkəcək. Ailədə 5 uşaq olmuşuq. Ata- anamın əziyyəti üzərimizdə çox olub. Anamın işdən gəlməsini səbrsizliklə gözləyərdik. Axşama isti xörəyimiz və bütün ailə süfrə başında olacaq deyə sevinirdik.

Atam süfrənin başında, anam isə ayaq tərəfində oturardı. Biz uşaqlar isə ətrafına yığışardıq. Yadımdadır, hərdən atam işi ilə əlaqədar gəlməyəndə belə, anam onun boşqabını qoyar və onun yerində kimsə oturmazdı.

Mən də övlad sevgisini öz balalarıma aşılamışam. Anam bağçada işləyirdi və mənim uşaqlığım da bağçada anamın yanında keçib. Mənim bağça həyatım indiki bağçadan fərqli idi. Rəngli oyuncaqlarım, rəngli karandaşlarım… Bir sözlə, hər şey rəngarəng idi. Üstəlik pulsuz idi mənim bağçam.

Sözümün canı odur ki, indi bağçalar pullu olduğu üçün uşağa dayə tutmağa məcbur oluruq. Həyat yoldaşımıza dəstək olmaq və uşaqlarının gələcəyini düşünmak üçün bu addımı atmağa məcburuq. Çünki, söylədiyim rəngarəng bağçanın aylığı hazırda 500-800 mnatdır. Əgər orta əmək haqqı 500 manatdırsa, mən bu pulun hamısını bağçaya verəcəyəmsə, evdə uşağa hansı yeməyi hazırlayım?!

…Bir sözlə, günlərin birində dayə axtarışına çıxdım. Birini mənə tanıtdılar. Zəng vurub soruşdum ki, saat 10:00-dan axşam saat 18:00-a qədər uşağa neçəyə bağacaqsınız..?

"300 manata saxlayaram”​, – deyə cavab verdi. Razılaşdım. Fikirləşdim ki, bu da qənimətdir. 200 manat da ev xərclərim üçün qalsın.

Xanımla tanış oldum, ancaq ilk tanışlığımda xoşuma gəlmədi. Düşündüm ki, oğlumun da xoşuna gəlməyəcək. Amma xanıma, onu araşdıracağımı da dedim. Araşdırdım da… Və onun haqqında öyrəndiklərim məni şoka saldı. Bir müddət əvvəl bu xanım bir uşağa baxarkən evdən qovulub. Səbəbi isə, baxdığı uşağa "Demedrel” dərmanı verirmiş ki, sakit olsun. Bu yazını yazarkən belə, əllərim əsir.

Təbii ki, bu dayəni özümüzdən uzaqlaşdırdım. Telekanallarda gedən xəbər proqramlarında "Dayələrə inanmayın” sujetləri məni çox qorxudurdu. Çıxılmaz vəziyyətdə qalmışam və belə vəziyyətdə nə edəcəyimi düşünməkdən başım çatlayır.

Yaşlı və dünyagörmüş nənəmin bir sözü yadıma düşdü: Bala, indiki zamanda ata balasının başını kəsir. Belə bir vaxtda hansı dayəyə güvənə bilərsən?

Nənəmin dediyi sözlərdə həqiqət var. Bala başı kəsilirə, övlad anasını öldürürsə, mən övladımı kimə etibar edə bilərəm? Belə bir vaxtda dayəyə etibar etmək olarmı?

Gülnarə Aydın

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı