2015-02-26 10:40

Gecə Bakıda yürüş oldu - VİDEO

Bu gecə Bakıda “Xocalıya Ədalət” yürüşü təşkil edilib. Xocalı qurbanlarının xatirəsinə həsr olunan yürüş “Ana harayı” abidəsinin önündən başlayıb.

LiderXeber.az informasiya agentliyi xəbər verir ki, tədbir Gənclər Təşkilatları və bəzi QHT gənc fəalları tərəfindən təşkil edilib. Yürüş aksiyasında təxminən 3000-dən çox gənc iştirak edib. Tədbirin keçirilməsində məqsəd Xocalıda baş verən hadisələri dünyaya çatdırmaq və Azərbaycan gəncliyinin bu faciəni unutmadığını göstərmək olub. 

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Leyla Əliyeva tərəfindən "Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycanda və xarici ölkələrdə bir sıra tədbirlərin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, bu tədbirlərdən ən böyüyü gecə keçirilən məhz bu yürüşdür. İcraçı direktor bu formatda hər il tədbirlərin təşkil edildiyini bildirib. 

Abidənin önünə toplaşan gənclər yürüş üçün hazırlıqlara başladılar. İlk əvvəl abidənin önünə şamlar düzüldü. Bundan sonra isə insan izdihamı əllərində Azərbaycan bayraqları ilə yürüşə start verdi. 

Paytaxtin mərkəzi küçələrindən keçməklə Dənizkənarı Milli parka qədər yürüş edən gənclər müxtəlif şüarlar səsləndirib. Yürüş Dənizkanarı Milli park ərazisində şamlardan hazırlanmış ingilis dilində yazılan "Xocalıya Ədalət” şüarı ətrafinda başa çatıb. 

"Xocalıya Ədalət” sözlərinin əcnəbi dildə yazılmasının məqsədi də bu soyqrımı dünya ictimaiyyətinə çatdırmağa xidmət edir.

Tədbirin sonunda simvolik olaraq Xocalıda şəhid olanların sayı qədər havaya şam buraxılıb. 



 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı