2015-02-20 09:55

Xocalı soyqrımının ildönümü muzeydə qeyd olunacaq

“Sözün bitdiyi yer” adlı tədbir Xocalı soyqırımına həsr olunacaq.

Fevralın 24-də saat 12.00-da da Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin "Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında" Sərəncamına uyğun olaraq Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı soyqırımı üçün "Sözün bitdiyi yer" adlı tədbir-sərgi təşkil olunacaq.

Sərgidə ilk dəfə olaraq mərhum gənc rəssam Cavid Bayramlının Xocalı faciəsini əks etdirən əsərləri, muzeyin fondunda saxlanılan bu mövzuya aid sənədlər nümayiş olunacaq. Həmin əsərlər Cavid Bayramlının qohumları tərəfindən muzeyə daimi mühafizəyə təhvil verilib.

Cavid Bayramlı 1992-ci il iyul ayının 30-da miniatürçü, dulusçu Ədalət Bayramovun ailəsində dünyaya gəlib. 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olundu. O, keramika bölməsində oxuyurdu. Diplom üçün Xocalı mövzusunu götürüb. 

Gənc rəssam 2014-cü il yanvarın 25-də Bakının Nərimanov rayonunda sökülməkdə olan binanın uçması nəticəsində faciəli şəkildə dünyasını dəyişib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Xocalı faciəsinin canlı şahidi, Qarabağ əlili müharibə veteranı Surxay Quliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ və tətbiqi sənət kafedrasının dekanı, dosent İmran Kərimov və digər qonaqlar çıxış edəcək.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil alan Gənclərin Respublika Yaradıcılıq Evinin üzvləri tərəfindən Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunacaq.

Tədbirdə Xocalı faciəsinin şahidləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Azərbaycan Turizm İnstitutunun tələbələri, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil alan Gənclərin Respublika Yaradıcılıq Evinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Milli Qvardiyanın, Daxili Qoşunlarının əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti və digər qonaqlar iştirak edəcək.

 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı