2015-02-10 11:52

Almaniyada Xocalı Soyqırımı ilə əlaqədar tədbirlər keçiriləcək

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Almaniyada keçiriləcək anım tədbirləri müzakirə edilib.

LiderXeber.az informasiya agentliyi xəbər verir ki, bununla əlaqədar Bielefeld şəhərində keçirilən tədbirdə çıxış edən "Bielefeld NRW Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti”nin sədri Təranə Tağıyeva Xocalı soyqırımı ilə bağlı məlumat verib.

O, bu dəhşətli faciə qurbanlarının xatirəsinin yad olunması üçün fevralın 21-də Bielefelddə, 22-də isə Düsseldorfda mitinqlərin keçiriləcəyini bildirib. Həmçinin Bielefeld və Düsseldorf universitetlərində Xocalı faciəsi ilə bağlı konfransların təşkil olunacağı da diqqətə çatdırılıb. Bundan başqa, mitinqlərdə Milli Məclisin deputatı Qənirə Paşayevanın və Türkiyədən dəvət edilmiş professor Mehmet Perinceyin iştirak edəcəkləri vurğulanıb.

Bielefeld Atatürkcü Düşüncə Dərnəyinin sədri Mehmet Ali Ölmez Xocalı qətliamının ildönümü ilə əlaqədar Ermənistanın Berlindəki səfirliyinin binası önünə əklil qoyulacağını, bu qanlı qırğını törədənlərin cəzalandırılmasını tələb edəcəklərini, işğalçı ölkəyə etirazlarını bildirəcəklərini bildirib. Həmçinin aksiya iştirakçılarının Azərbaycanın Berlindəki səfirliyinə gələrək başsağlığı verəcəkləri qeyd olunub. O, Osmanlı imperiyasının dövlət xadimi Tələt Paşanın Berlində öldürüldüyü gün – martın 15-də mitinqin də təşkil olunacağını söyləyib.

Tədbirdə qeyd olunub ki, Xocalı soyqırımı ilə bağlı keçiriləcək anım mərasimlərində faciənin dəhşətlərini əks etdirən filmlər nümayiş olunacaq, kitablar və jurnallar paylanacaq.

 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı