2015-02-07 09:00

Son zamanlar artan cinayət hadisələrinin qarşısını necə almaq olar? - EKSPERT RƏYİ

Son illər Azərbaycanda cinayət hadisələri və intiharlar kütləvi şəkil alıb. Bu cür faktların artması təsadüfi deyil. Məsələnin baş vermə səbəbini və cür halların qarşısını almaq üçün ekspert rəylərini öyrəndik.

Psioxoloq Dəyanət Rzayev LiderXeber.az informasiya agentliyinə açıqlamasında bildirdi ki, Nyu-York şəhəri cinayət hadisələrinin baş verməsinə görə dünyada öndə gedir:

"Azərbaycan əhalinin çoxluq təşkil etdiyi ölkə olsa da, cinayət hadisəsinin üstünü açmaq çətin deyil. Əksər hallarda cinayət törədən şəxslər gəlib özləri hüquq-mühafizə orqanlarına təslim olurlar. Törədilən cinayətlər əsasən ailə münaqişəsi zəmnində baş verir".

Onun sözlərinə görə, bu əsəbdən də irəli gəlir:

"Bakı şəhəri 1 milyon əhali tutumuna qadir olduğu təqdirdə burada 4 milyon insan yaşayır. Təsəvvür edin ki, insanlar nə qədər gərginlik içərisində yaşayır. Ayrı-ayrı mədəniyyətlərin üst-üstə gəlməsi, mentalitet və s. əsl səbəblər bunlardır”.

Psixoloq onu da bildirdi ki, bu gün çox adam Sovet quruluşunu bəyənmir:

"Amma Sovet dönəmində formalaşan dəyərlərlə bu günkü gəncliyin dəyərləri arasında fərq çoxdur. Ona görə də bu gün gənclər cinayətə qurşanır, narkotik maddə istifadəçisi olur. Bu cür cinayət hallarının artmasının bir səbəbi də budur ki, Azərbaycanda psixopatlaşma gedir. Psixopatiya belə bir diaqnozdur ki, nə özü yaşayır, nə də başqalarını rahat yaşamağa imkan verir. İnsanların işlədiyi yerlərdə əmək haqlarının az olması, bir-birlərinə münasibətdə ədalətsizlik və s bunlar psixoloji xəstəliklərə gətirib çıxarır. Psixoloji pozuntular isə sonda cinayət hadisələrinin baş verməsinə səbəb olur”.

D.Rzayev qeyd etdi ki, savadlı, yaxşı və professional psixoloqlar orta məktəblərdə fəaliyyət göstərməlidir:

"Ən azından 5 və ya 6 mütəxəssis lazımdır ki, orta məktəblərdə şagirdlərlə məşğul olsun. Amma elə insanlar bu işə cəlb olunmalıdır ki, uşaqlarla işləməyi bacarsın. Həqiqətən də orta məktəblərdə psixoloqların yeri görsənir. ”

"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə açıqlamasında bildirdi ki, cinayət halları Azərbaycanda azalıb:

"Mən bu yaxınlarda maraqlı bir yazı oxudum ki, Azərbaycanda cinayət hadisələrinin göstəricisi digər ölkələrə nisbətən aşağıdır.Məişət zəmnində baş verən cinayətlər, xüsusilə kişinin arvadına qarşı zorakılıq halları cəmiyyətimizdə geniş yayılıb. Bu sosial-psixoloji vəziyyətlə bağlı ola bilər. İnsanların bir-birinə inamsızlığı, etibarsızlığı bunu yaradan əsas amillərdir”.

Müsahimiz vurğuladı ki, belə halların qarşısını almaq üçün maarifləndirici tədbirlərin görülməsi, ailə psixoloqlarının olması zəruridir:

Məsələnin dini tərəfi ilə bağlı tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli açıqlamasında cinayət hallarının baş verməsini ilk növbədə mənəviyyatsızlığın nəticəsi kimi qiymətləndirdi:

"Mənəvi tənəzzül cinayət hallarının artmasına gətirib çıxarır. Bu gün Azərbaycan dünyaya inteqrasiya olunur və müxtəlif təsirlərə məruz qalır. Bu təsirlər mənfi də ola bilər, müsbət də. Cinayət əsasən mənəvi aşınmaya məruz qalan insanlar tərəfindən törədilir.Qurani Kərimdə ayə var ki, ”Hər kim bir zərrə qədər xeyir etsə, onu görəcək və hər kim bir zərrə qədər şər iş görsə, əvəzini görəcək.” (Zilzal surəsi, ayə 7-8)”.

İlahiyyatçı onu da bildirdi ki, Allahın varlığına inamı olan imanlı insanlar cinayətdən çəkinir:

"Çünki cinayət törədən insanlar ilk növbədə Allah qarşısında məsuliyyət daşıyırlar. Həmin insanlar adətən həm dünyada cəzasını alır, həm də onları axirət cəzası gözləyir. Ona görə də insanların iman səviyyəsi artsa, onlar nəinki cinayət törətməz, heç bu haqda fikirləşməz. Bir sözlə, belə halların baş verməsi Allaha inam məsələsi ilə bağlı olan problemlərdən də qaynaqlana bilər”.

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı