2015-01-22 13:31

Zəhərli hava Sumqayıt şəhərini cəhənnəmə çevirib - Video Reportaj

Jurnalistlər həyəcan təbili çaldı.

LiderXəbər-in məlumatına görə, dünən axşam saatlarında Sumqayıt şəhərini növbəti dəfə tüstü-yanıq qoxusu bürüdü. Sumqayıtın sakinləri, eyni zamanda jurnalistləri olan bir qrup media mənsubu problemi operativ şəkildə araşdırmaq, geniş işıqlandırmaq məqsədi ilə əraziyə yollandı. Bundan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə, nazırliyin mətbuat xidmətinə məlumat verildi.

Haşiyə. Xatırlayırsınızsa, bir neçə gün öncə ölkə mediasında, bir çox xəbər portallarında Sumqayıtın çıxışında yerləşən və şəhərin bütün məişət tullantılarının atıldığı poliqonda zibillərin yandırılması ilə bağlı həyəcan təbili çalındı və problem xeyli dərəcədə qabardıldı.

Həmin yazının linklərini sizlərə təqdim edirik:

http://www.azadxeber.az/Sumqayitlilari-eleyhqazla-gezmeye-vadar-eden-menbe-tapildi---Video_h40086.html

http://www.xeberle.com/az/view/7977/sumqaytllar-eleyhqazla-gezmeye-vadar-eden-menbe-tapld-video/?

http://mail.birlik.az/index.php?do=xeber&id=16083

Həmin videogörüntülər şəhərdə ekoloji cəhətdən ciddi problemlərin olduğunu sübut etdi. Görünür, bu da məsələnin həllində dönüş yaradılması, yuxarılar tərəfindən ciddi şəkildə ölçü götürülməsi üçün yetərli olmadı. Belə ki...

Dünənki vəziyyət isə daha kritik həddə çatmışdı. Hətta şəhərin mərkəzində belə nəfəs almaq müşkülə çevrilmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin baş müfəttişi Asəf Bayramovla Sumqayıtın girişində görüşdükdən sonra əraziyə - Sumqayıt Şəhər Təmizlik Departamentinin balansında olan məişət tullantılarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulan poliqona yollandıq. Oraya yaxınlaşdıqca yanıq qoxusu şiddətli hal alırdı və məcburən avtomobillərin aynalarını bağlayası olduq. Az sonra qurunt yolla əraziyə daxil olanda gördüklərimizdən dəhşətə gəldik. Ərazi atışma sonrası elə döyüş poliqonunu xatırladırdı, hər tərəf tüstüyə bürünmüşdü, bəzi yerlərdə alov işartıları aydın sezilirdi. Göz açmaq, nəfəs almaq olmurdu. Həqiqətən də, tüstüdən ətrafı yaxın 30 metri belə görmək qeyri-mümkün idi. Ərazi insan sağlamlığı üçün ciddi təhlükə törədirdi və oraya əleyhqazsız girmək özü də bir risk idi. Hadisə yerindən geniş video və foto çəkiliş apardıq, nazirliyin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin baş müfəttişi Asəf Bayramov bizim suallarımızı elə hadisə yerində cavablandırdı, ciddi ekoloji problemin olduğunu bildirdi. Jurnalistlər Elnur Ağayev, Kamal Almuradlı, Səbuhi Vaqifoğlu və Abbasəli Hüseyni də Sumqayıt sakini kimi vətəndaş mövqelərini bildirdilər, bu halı kəskin şəkildə tənqid edərək, əlaqədar, bu işə məsul qurumlardan izahat tələb etdilər. Eyni zamanda Sumqayıt rəhbərliyindən, şəhərin millət vəkillərindən məsələyə reaksiya bildirməyi, problemin həll olunması istiqamətində konkret addımların atılmasını xahiş etdilər.

Ardınca nazirliyin nümayəndəsi və jurnalist qrupu Sumqayıta qayıtdılar, Şəhər Təmizlik Departamentinin rəisi Rahim Mustafayevlə görüşüb, məsələyə aydınlıq gətirilməsini istədilər. Rahim Mustafayev jurnalistin suallarına cavab verdi. O da problemdən narahatlığını gizlətmədi, bunun ciddi ekoloji problem olduğunu etiraf etsə də, hələlik qarışısında aciz qaldıqlarını söylədi.

Həm hadisə yerindən hazırladığımız reportajı, həm də təmizlik departamentinin rəisindən aldığımız müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.


Hazırladılar:

Elnur Ağayev, Kamal Almuradlı, Elşən Allahverdiyev, Abbasəli Hüseyni, Səbuhi Vaqifoğlu, Zaur Əhməd, Ramil Zeynallı.

P.S. Bizi hadisə yerində öskürək tutdu. Evə döndükdən sonra hər birimiz 1-2 banka qatıq alıb içməli olduq. Zibilliyi yandıranlara, Sumqayıtın ekologiyasına zərbə vuranlara gəlir gətirən məsləhətimiz var. Yaxşı olardı ki, qatıq istehsal edən şirkətlərlə əlaqələr qursunlar, sövdələşmə çərçivəsində öz faizlərini də qazansınlar.

Təklif: Burdan havanı zəhərləyirlər, ordan da qatıqsatan şirkətlərin də malları "xod” gedir.

P.S.S. Düşünün, cənablar, düşünün, bu şəhərdə bizim ailələrimiz nəfəs alır, övladlarımız böyüyür. Yəni bu deyilənlər, göstərilənlər əsas vermirmi ki, hamılıqla əl-ələ verib bu problemi kökündən həll edək. Axı Sumqayıt Sumqayıtı sevənlərindir.

Liderxeber.Az

SON XƏBƏRLƏR


Yuxarı