2014-01-31 14:20

“Milli mətbəximizdə yeməkləri remix edirlər”

Bu gün müxtəlif səpkili mətbəx verilişləri efir məkanında reytinq mübarizəsinə qoşulub. Sayca o qədər də çox olmayan yerli kanalların hər birinin öz mətbəx proqramı olsa da, tamaşaçının bəyəndiyi bu tipli verilişlərdən danışanda əksərən yalnız "ATV” kanalında efirə gedən "Süfrəmiz” gündəmə gəlir. Bu proqramın özəlliklərindən biri də milli mətbəximizə verilən önəmdir. Proqramın simalarından olan usta Məcid layihənin uğurunu yerli mətbuata bölüşür.

- Məcid, Azərbaycan mətbəxinin təbliğində "Süfrəmiz” böyük əmək sərf edir...

- Əslində bu hər bir azərbaycanlının əmək sərf etməli olduğu bir məqamdır. Biz bu layihədə məsələn həftənin 1 gününü məxsusi olaraq Azərbaycan mətbəxinə həsr etmişik. Şəxsən mənim özüm üçün milli mətbəx mövzusu çox yaralı bir mövzudur.
Dahilərdən birinin sözü ilə başlayacağam "Bir milləti məhvə aparmaq istəyirsənsə, tarixini, dilini və mədəniyyətini əlindən al”. Bizim kulinariya da incəsənətin bir növüdür. Əgər biz pis ifaya qulaq asırıqsa, zövqümüzə, pis qida ilə qidalanırıqsa sağlamlığımıza xəyanət edirik.
Jan Kloud Van Dam Bakıya səfərində bizim yarpaq dolmasını yedikdən sonra dünyanın heç bir yerində belə bir yemək yemədiyini dedi. Elə vətənimizə gələn digər əcnəbilər də milli yeməklərimizin dadından doya bilmirlər, bu təamlar heç nə ilə müqayisəyə gəlməz.
Mən xeyli müddət Rusiyanın iki şəhərində yaşamışam. Mən evdə dolma hazırlayanda qonşularım gəlirdi ki, o nə yeməkdir hazırlamısan? İyi bütün bloku götürüb, bizə də ver dadına baxaq.
Amma nə baş verir?! Bu günlərdə bədnam qonşularımız Dolma festivalı keçirdilər. Ən uzun dolma büküb Ginnesin Rekordlar Kitabına düşmək istəyirdilər. Belə də iş olar?! Erməni tarixi daş dövrünə gedib çıxan lavaşımızın üstünə "Erməni lavaşı” sözü yazdırıb bazara çıxardır, dolmamızı, aşımızı milliləşdirib xaricilərə təqdim edir, biz isə hələ susuruq... Millətimizə, mədəniyyətimizə sahib çıxmağın zamanıdır. Öz qədrini bilməyən, elin qədrini nə bilər? Biz özümüzü sevmədikdən, biganə yanaşdıqdan sonra nədən danışa bilərik?
Və bizim "Süfrəmiz”dəki təşəbbüsümüz də milli mətbəxi yaşatmaqdan ibarətdir.
Əgər avropalının özü mənim mətbəximə heyrandırsa, biz niyə öz təamlarımızın fərqinə varmırıq?
Milli mahnılarımızı remix edirlər. Rəhmətlik Nəsibə Zeynalova demişkən "Adamın dili də dönmür deməyə”... Milli mətbəximizdə yeməkləri remix edirlər. Amma biz orijinallığı qorumalıyıq, onu gələcək nəsillərə ötürməliyik. Milli mətbəxi qorumaq kimlərin üzərinə düşürsə, bunu düşünməlidirlər.

- Yeni gələn nəsil milli mətbəximizin nümunələri ilə nə dərəcədə tanışdır?

- Əslində "Süfrəmiz” bu yeməkləri üzə çıxarmaq üçün əlindən gələni edir. Biz bu zaman ən xırda detallara qədər milli ruhu saxlamağa çalışırıq. Məsələn, çalışırıq mis qazanda bişirək hansısa yeməyimizi, lavaşı sacda tamaşaçının gözü önündə hazırlayaq. Bunlar çox vacibdir. Bir də biz məsləhətlərimizi də veririk. Məsələn, ocaq qalayanda xörək bişirmək üçün ocağı hansı ağacla yandırmalı olduğumuzu, üzüm tənəyi budağından qalanmış ocaqda bişirilən təamın daha dadlı, əvəzolunmaz olduğunu, bunun səbəblərini, milli yemək növlərinin çeşidlərini, bişirmə qaydasının dada necə təsir etdiyini və s. məlumatları da geniş şərh edirik.

Milli mətbəxin təbliği uğrunda mübarizə aparan azdır. Bizim unutqanlılığımız düşmənə fürsətdir.

- Tamaşaçılarınız razı qalır?

- Bir xanımın bişirə biləcəyi bir tərzdə hər şeyi izah edirik. Mən bişirdikcə yeməyin biologiyasını da verirəm. Məsələn, şəkər xəstəsi nələri bilməlidir? Hipertoniyadan əziyyət çəkənlərə hansı təamlar olmaz. Bəzən kiçik məqamlar fərq yaradır.
Tutaq ki, qədim yeməklərimizdən olan ispanax qovurması böyük şəkildə doğranıb soğanın içinə töküləndə və üzərinə də yumurta vurulanda çox ləziz dad alır. Lakin qan təzyiqini qaldırır. Amma suda qaynadıb, sıxdıqdan sonra soğan əlavə etdikdə təzyiqi oynatmır. Ona görə də tamaşaçıya bu şəkildə başa salıram.

- Yəqin yemək və hazırlanma qaydalarına dair öz tələbləriniz var...

- Var, var. Dolma bişirəndə məsələn, ikinci əl qatılmamalıdır. Həm gigiyenik, həm də dad baxımından fərq edir. Mən ilk dəfə dolmanın ipə keçirildiyini görəndə şok keçirdim. Bu dolmaya təcavüz etməkdir, əcir vermək, işgəncə kimi qəbul edirəm bunu milli yeməyimizə.
Dolmanın bükülmə, düzülmə qaydası da dadına təsir edir. Məsələn, nə qədər az su töksən, bir o qədər dadlı olar. Qazın altı az istilikdə qoyulmalıdır. Mən dolmanın altına döyülmüş ət də düzürəm. Çox dadlı olur.

- Söhbət etməzdən əvvəl dediniz ki, hər bir milli təamımızın bilmədiyimiz növü var. Məsələn, dolmanın çox az adamın bildiyi bir növünü deyə bilərsiz bizə? Əlbəttə ki, hazırlanma qaydası ilə birlikdə?

- Bəli, deyə bilərəm. Tum dolmasının tərifini deyim sizə... Bu dolmanı ilk dəfə yeyəndə şok yaşadım, dadından.
Bu gün marketlərdə təmizlənmiş günəbaxan tumları satılır. Ona qoz ləpəsi əlavə edirik, yağ vururuq, sonra ərik qurusu, şüyüd, nanə və bir də soğan əlavə edirik. Adi yarpağa büküb bişiririk. Təsəvvür etməyəcəyiniz dadlı bir təam alınır. Yoxlaya bilərsiz.

- Söhbətdən əvvəl ilan, qurbağa bişirən həmkarlarınızdan şikayətlənirdiz...

- Mən bu həşəratları bişirənləri başa düşə bilmirəm və qəbul eləmirəm də. Gül kimi mətbəximiz ola-ola biz niyə bunu qoyub ilan-qurbağa bişirməliyik ki? Bu da millətə xəyanətin bir növüdür. Hamının sevdiyi bozbaşı eləyiblər zövqsüzlük nişanəsi. Belə də dərd olar? Niyə öz ipini qoparıb, qıran müğənnini bozbaşla müqayisə edirsiz axı?! Bu düzgün deyil. Qətiyyən düzgün deyil!

- İsti yay günlərində tamaşaçı "Süfrəmiz”də nələri görəcək?

- Qışa tədarük gördüyümüz kompot və salatları, şorabaları təhlükəsiz bağlamağı göstərəcəyik mütəmadi, əyani şəkildə... Məsələn, xanım biləcək ki, zəhərlənmə hansı hallarda ola bilər, təhlükəsiz və dadlı qış tədarükü üçün nə etməlidir? Sonra tamaşaçı bizi izləsin, xəbər tutsun ki, hansı unudulan milli təamlarımız var? Faydalı məsləhətlər alsın qida ilə bağlı, hələ yeni mövsümdən tətbiq edəcəyimiz yenilikləri sirr saxlayıram...
Viktor Hüqo deyirdi ki, "İnsan dünyaya gələndə Allah onun üzünə 1 dəfə baxır, amma azərbaycanlıların üzünə 2 dəfə baxıb”. Soruşdular ondan ki, niyə belə düşünür: "Çünki onlara muğam və əruz vəznini verib”, - deyə cavab verdi. Deməli, biz çox xoşbəxt xalqıq, sadəcə, sahib olduqlarımızın qədrini bilmirik.

- Məcid usta, milli mətbəxin təbliği ilə bağlı hansısa işlər görməyi düşünürsüz geniş miqyasda?

- İnanırsız, bu sual mənim gecələrimin kabusudur ki, mən nələr edə bilərəm milli mətbəximizin təbliği üçün. Amma artıq bəzi ideyalarım var. Qalır yaxın zamanda onları gerçəkləşdirmək.

Məcid Usta

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı