2014-10-30 10:03

Türkiyə Cümhuriyyətinin “29 Oktyabr – Cümhuriyyət Günü” münasibəti ilə rəsmi ziyafət təşkil olunub

LiderXəbər-in apa-ya istinadən məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Səfir İsmayıl Alper Coşqun çıxışı zamanı cümhuriyyətin 91 il əvvəlki tarixinə və Türkiyə xalqının Mustafa Kamal Atatürkün rəhbərliyi altında vətənini işğalçılardan qorumaq naminə apardığı mübarizəyə toxunub.
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən söz açan səfir vurğulayıb ki, ikitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının, onların təşəbbüsü ilə gerçəkləşən birgə layihə və sazişlərin müstəsna rolu var. A.Coşqun qeyd edib ki, Türkiyə və Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, gələcəyə daha da inamla addımlayırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın işğal altında olan ərazilərinin tezliklə azad edilməsinin zəruriliyini vurğulayıb: "Dağlıq Qarabağ məsələsi təkcə Azərbaycanın deyil, bütün Türk Dünyasının problemidir. Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır”.
Azərbaycan prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edən baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. Baş nazirin müavini qeyd edib ki, iki ölkə arasında elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlıq var: "Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir”. Abid Şərifov Azərbaycanda həyata keçirilən bir sıra strateji layihələrdə Türkiyədən olan şirkətlərin fəal iştirak etdiklərini, bunun da hər iki ölkənin iqtisadiyyatının inkişafına xidmət etdiyini qeyd edib. Yaxın 5-6 ildə Türkiyəyə 20 milyard dollara qədər Azərbaycan investisiyalarının qoyulacağını vurğulayıb. Abid Şərifov Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirdiyini qeyd edib.
Ziyafətdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, türkiyəli iş adamları, müxtəlif partiya və QHT-lərin rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
SON XƏBƏRLƏR


Yuxarı