2014-10-22 12:29

Ulu öndərin müəyyən etdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

20 oktyabr Azərbaycanda energetika sahəsində çalışanların peşə bayramı günü kimi qeyd olunur. Artıq bu sahədə çalışan gənclər ordusu da formalaşıb. Bayram günündə "Bakıelektrikşəbəkə” ASC-nin YAP Gənclər təşkilatının sədri Nicat Müslümovla müsahibəni təqdim edirik.

-Azərbaycanda energetika sahəsinin inkişaf tarixi nə vaxtdan başlayır?

- Bütün sahələrdə olduğu kimi, elektroenergetika sahəsində də ulu öndərin müəyyən etdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü, rəhbərliyi, diqqət və qayğısı ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramların işlənib hazırlanması və müvəffəqiyyətlə icra edilməsi nəticəsində ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada ön sıralara yüksəlib. Dövlət başçısının bu mühüm sahənin insanlarının əməyini yüksək dövlət mükafatları, fəxri adlarla dəyərləndirməsi də diqqət və qayğının daha bir parlaq nümunəsidir.

10 il əvvəl, 2004-cü ilin 13 oktyabrında Prezidentin verdiyi xüsusi sərəncamla 20 oktyabr ölkəmizdə Energetiklərin Peşə Bayramı Günü kimi təsis edildi.

- Niyə məhz oktyabrın 20-si?

- Çünki ”Azərbaycan” İES-nin birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib. Bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoyub. İndi hər ilin 20 oktyabrını ölkənin bütün energetikləri öz peşə bayramları günü kimi qeyd edirlər.

Bakı şəhərinin və onun qəsəbə və kəndlərinin elektrik enerjisi ilə keyfiyyətlə və fasiləsiz təminatı işini uğurla həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin uğurlarını saymaqla bitirmək mümkün deyil. Gələcək möhtəşəm planlar da kifayət qədər çoxdur və onların həyata keçirilməsi üçün qüvvələr indidən səfərbərdir.

Cəmiyyətin rəhbərliyi ürəkaçan nailiyyətlərin qazanılmasında əməyi olan energetikləri hər zaman fərqləndirir, onları fəxri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırır.

Energetiklər evlərimizə, ocaqlarımıza, yaşadığımız şəhərin, kənd və qəsəbələrin küçə və meydanlarına, park və xiyabanlarına işıq, nur, hərarət bəxş edən müqəddəs peşə sahibləridir. Bu gün həyatımızı enerjisiz təsəvvür etmək mümkün deyil. Su, çörək qədər vacibdir, gərəklidir enerji.

- Energetika Gününün keçirilməsi bu sahədə çalışanlarda nə dərəcədə ruh yüksəkliyi yaradıb?

- Hər il 20 oktyabr Energetika Gününü «Bakıelektrikşəbəkə» ASC-nin əməkdaşları əldə etdikləri nailiyyətlərlə qarşılayırlar. Azərbaycanın bir qrup energetikinə "Əməkdar mühəndis” fəxri adlarının verilməsi və "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb.

- Şəhərimizin işıqlandırılmasında -"Bakıelektrikşəbəkə”nin nə kimi payı var?

- Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ölkəmizdə elektroenergetikanın inkişafında yeni bir mərhələ olub. Proqrama əsasən, yeni generasiya güclərinin işə salınması, bir sıra istilik və su elektrik stansiyalarının tikilməsi, iqtisadiyyatın enerji təchizatının möhkəmləndirilməsi, Azərbaycanın regionda elektrik enerjisinin tranziti, sonra isə ixracatı üzrə mühüm ölkəyə çevrilməsini nəzərdə tutan layihələr həyata keçirilməkdədir. 2003-2013-cü illərdə Azərbaycanda 2100 MVt-dan artıq əlavə generasiya gücünün işə salınması nəticəsində ölkənin bütün elektrik stansiyalarının qoyuluş gücü 6450 MVt-a çatdırılıb. Yeni güc mərkəzlərinin inşası ilə yanaşı, bu gün elektrik şəbəkələri də ardıcıl olaraq inkişaf etdirilir və bu sahədə "Bakıelektrikşəbəkə” ASC-nin xüsusi payı vardır. Belə ki, ölkə üzrə istehlak olunan elektrik enerjisinin 51-52 faizi məhz Bakı şəhərinin payına düşür.

- Gənclərin bu sahədə önə çəkilməsinə yer verilirmi?

- Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbə və məzunlarına hər il "Bakıelektrikşəbəkə” ASC-nin Tədris mərkəzində kurslar keçirilir. Yeni-yeni ixtisaslı gənclər işə qəbul olunur. İdarədaxili ictimai işlərlə əsasən gənclər məşğul olurlar.

- "Bakıelektrikşəbəkə” ASC-nin YAP Gənclər təşkilatının gənclərin potensiallarının üzə çıxması və inkişafında hansı rolu var?

-2008-ci ildən idarəmizin YAP Gənclər təşkilatında müavin kimi fəaliyyətə başlamışam. 11 yanvar 2012-ci ildən başlayaraq "Bakıelektrikşəbəkə” ASC-nin YAP -Gənclər təşkilatının sədri olaraq fəaliyyət göstərirəm. Qeyd etmək istərdim ki, "Bakıelektrikşəbəkə” ASC-nin YAP Gənclər təşkilatı respublika əhəmiyyətli mədəni-kütləvi tədbirlərdə yaxından iştirak etməklə yanaşı, idarədaxili idman və vətənpərvərlik yarışları, gəncləri maraqlandıran müxtəlif mövzularda seminarlar və təlimlər, xarici dil biliklərinin artırılması məqsədi ilə danışıq klubları, bayram konsertləri, dövlət əhəmiyyətli və tarixi günlərdə dəyirmi masa və konfranslar və s. tədbirlər, layihələr həyata keçirir ki, bu da gənclərə, öz bilik və bacarıqlarını, potensiallarını artırmasına və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə şərait yaradır.

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı