2014-10-10 20:50

Ömür dedikləri bir karvan yolu...!

Qərbi Azərbaycanın qədim oğuz-türk yurdu Haqqıxlıda doğulan, ancaq dünyaya Azərbaycan dünyasından baxan gözəl bir ziyalı dostumuzu - Fazil Sadıqovu itirdik. Əyalət təfəkküründən uzaq, milli dəyərlərə söykənən bir insan idi o. Elinə obasına bağlılığı, elin təəssübünü çəkməsi vətən torpağının hər qarışını sevməsi üçün bir qaynaq rolu oynayırdı. Patalogiyadan uzaq idi, hər bir şəxsin dəyərini verməyi, ona hörmətlə yanaşmağı bacarırdı. İstənilən məsələyə lokal deyil, qlobal yanaşmağı bacarırdı. Fazil Sadıqov adı bəlli, ünvanı bəlli kişilərdən idi. Xalqın mənəvi dəyərləri belə kişilərin timsalında yaşayır. Özü bütöv, sözü bütöv şəxsiyyət idi Fazil müəllim. Mübaliğəsiz demək olar ki, o Azərbaycan xalqının kişi obrazının bütün çalarlarını özündə ehtiva edirdi. Belə kişilər indi cəmiyyətdə çox azdı. Fazil müəllimin sambalını başa düşmək üçün onunla bir dəfə ünsiyyətdə olmaq kifayət edərdi. Onun davranışının əsas xarakterik cəhəti alicənab, xeyirxah, məğrur insan olması idi. Köhnə kişilərdən idi. Kişi adam idi, mərd idi. O, insanlarla münasibəti peşəkarlıq və sədaqət üzərində qururdu. Şəxsi kefiyyət onun üçün çox önəmli idi. Davamçısı olan bacarıqlı mühəndis Rais Cəfərovla münasibətləri artıq müəllim tələbə çərçivəsindən çıxaraq ata oğul münasibətləri kontekstinə keçməsi də hər iki insanın şəxsi keyfiyyətindən xəbər verir.

Respublikanın tikinti sektorunda onu yaxşı tanıyırdılar. Öz işinin gözəl bilicisi idi. Fazil müəllimi xarakterizə edərkən onun xüsusi bir keyfiyyətini vurğulamamq mümükün deyil. Ədəbiyyatdan, poeziyadan danışanda adama elə gəlirdi ki, Fazil müəllim professianal ədəbiyyatşünasdır. Poeziyanın vurğunu və bilicisi idi. Əsl folklor mənbəyi idi, xalqın milli adət ən-ənəsini dərindən bilən bir insan idi. Bir dəfə dostum, dəyərli təhqiqatçı Əziz Ələkbərli ilə Haqqıxlı tarixi və folklorundan söhbət edəndə onun adət-ənənəyə necə bağlı, dərin müşahidə qabiliyyətinə malik bir insan olduğunu hiss etdim. Şair təbiətli insan idi. Səməd Vurğunun poeziyasının bilicisi və vurğunu idi. Ustadın "Yenə səni gördüm Dilican dərəsi” şeri onu çox kövrək xatirələrə aparırdı.

Yenə səni gördüm Dilican dərəsi,

Yadıma çox köhnə zamanlar gəlir.

Ömür dedikləri bir karvan yolu,

Nə canlar gedərək, nə canlar gəlir

Ruhun şad olsun Fazil müəllim!


Səməd Vəkilov (hüquqşünas)

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı