2014-09-22 09:50

Azərbaycanın xalq artisti: "Balalarım öldü, qaldım küçələrdə..." - MÜSAHİBƏ

Xalq artisti Nuriyyə Əhmədova AzNews.az-a müsahibə verib.

LiderXeber.com informasiya agentliyi həmin müsahibəni təqdim edir:

- Nuriyyə xanım, ailəniz daha bir faciə ilə üzləşdi - oğlunuz Əli İslamzadə də dünyasını dəyişdi. Səhhətinizdə də problemlər var... Yanınızda kimlər var, nə iş görürsünüz?

- Hə, hamısı mənim ucbatımdan oldu. Oğlumun ölümünün günahkarı mənəm. Mən xəstələnəndən sonra, bu uşaq başlayıb fikir etməyə. Xəstəliyi vardı, amma hələ yaşamaq ümidi çox idi. Mənim vəziyyətim pislədikdən sonra özünə baxmayıb, əlavə stress keçirib. Mən biləndə artıq gec idi. Nə qədər dərmanlar, sistemlər vuruldu, xeyri olmadı. Zalım xəstəlik işini görmüşdü. Göz görə-görə uşağımı itirdim. Əgər əvvəlcədən mənə dərdini desəydi, bəlkə əlac edərdim. Özümü oda-közə vurardım. Bir dəfə olsun, bu uşaq mənə dərdini demədi.

- Oğlunuz xəstəliyini niyə gizlədib?

- Demədi. Yəqin düşünüb ki, anam fikir edər. Nə bilim, heç bilirəm ki?! Uşaq gözünü açıb özünü, anasını kirayələrdə gördü. Bircə dəfə xoş gün gördük ki? Ömrümüz onun-bunun evində keçdi. "Veş” yığıb daşımaqdan xəstəlik tapdıq. Uşaq da bu yaşayışımızı görürdü. Fikirləşib ki, deyib neynəyəcəm? Yəqin, anasının bu qara gününü düşünüb. Bir ayın içində uşağım şam kimi əriyib yox oldu. Buna hansı ana dözər?! Ana üçün bundan böyük dərd olmaz... Mən bu dərdi necə qaldıracam? Uşağım ayaq üstə öldü, canını Allaha ayaq üstə tapşırdı. Ay Allah, ölümünə yaxın ayaqları elə şişdi ki, baxdım ki, gəzə bilmir. Yaralı ayaqlarına dərdli anan qurban, ay bala..! İki bala qoymuşam torpağa. Nə pis anayam, uşaqlarım gözümün qarşısında can verdi. Amma mən hələ həyatdayam. Yetim kimi boynubükük qoydular məni. Balalarım öldü, qaldım küçələrdə. Heç kəs inanmır. Sənin oğlun ölməzdi, deyirlər. Zəng edirlər telefonu götürürəm. Deyirlər: "Nuriyyə xanım, siz sağsınız, bəs ölən kimdir?”. Hamıya təəccüblü gəlir. Çox pis yazıldı yazımız. Mənim də, balalarımın da... Yazını pozmaq olmaz.

- Bəs, indi harada qalırsınız, vəziyyətiniz necədir?

- Sədaqət xanım var, rəfiqəm. Onlarda qalıram. Oktyabrın 12-si oğlumun 40 mərasimidir. Cüməaxşamlarını Şüvəlanda bacım var, onlarda verirəm. Nə bilim, ağır bir faciə içindəyəm. Allah məni bütün sınaqlardan çıxardı. İnanmıram onun ölümünə. Hər səhər zəng edərdi, "Mama, hardasan, necəsən?", - deyə əhvalımı sorardı. İndi hər səhər yuxudan oyananda onun zəngini gözləyirəm. Bəlkə oğlum zəng edib əhvalımı sorar deyə. Bütün günü gözüm telefonda qalır... Hər cümə axşamı Şüvəlan məscidində ehsan verilir. Kim istəyir, gəlsin.

- Kim verir ehsanı?

- Hacılar kömək edirlər, sağ olsunlar. Biz də indiki ehsanlardan veririk. Amma evdə cüməaxşamlarında yemək bişirirəm adına. Uşağımın ehsanı olmalıdır. Heç nədən getdi uşağım.

- Oğlunuzun dərdi nə idi?

- Nə dərdi-səri olardı ki? Onun böyük bir dərdi vardı ki, anamın evi olsun. Yığışaq, hamımız bir yerə. Bircə ay da olsa, bir yerdə yaşayaq. O da olmadı. Uşaqlarım evsizlikdən öldü. Bu dərdi özü ilə qəbirə apardı. Kirayə həyatı ilə barışa bilmirdi, yaxşı ev də tuta bilmirdim, baha idi. O da bunları görüb fikir edirdi. Özüm də xəstə. Uşağımın ölümü məni mənə unutdurdu. Xəstəliyim, belimin ağrısı yadımdan çıxdı. Bu ölümü mən necə qaldırdım?! Hələ onun özünü... Üç gün, üç gecə əziyyət çəkdi. Ayaqları tutuldu, şişdi nə boyda oldu, artıq yeriyə bilmədi. O ayaqla istəyirdi ki, gəzsin. Gəzdi də. Son nəfəsinə kimi ayaq üstə oldu. Daha yaşamaq ümidim itib. Belə həyatı yaşamaqdansa...

Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı