2014-09-20 10:14

Nevropotoloq: "Televiziyada yayımlanan verilişlərin müəyyən hissəsi insanların sinir sisteminə təsir edir"

LiderXeber.com informasiya agentliyinin müsahibi "Bioloji təbabət” klinikasının ali dərəcəli nevropotoloqu Vahid Məmmədovdur. Həmin müsahibəni sizlərə təqdim edirik:

Hansı amillər nevroloji xəstəliklərə gətirib çıxarır?

Amillər çoxdur. Nəinki nevroloji, digər xəstəliklərin də əmələ gəlməsi əsasən insanların sağlam həyat tərzi keçirməməsi ilə bağlıdır. Soyuqdəymə, hərəkətsizlik, piylənmə və s nevroloji xəstəlilərin əmələ gəlməsinə səbəb olur. Əsas faktorlardan biri də stresdir. Stres həm nevroloji, həm də ankoloji xəstəliklərin yaranmasına səbəb olan öndə gedən amillərdəndir. Qan təzyiqinin normadan yüksək olması, ürək-qan-damar xəstəliləri də nevroloji xəstəliklərin fəsadlaşmasına səbəb olur. Çünki əgər bu xəstəliklərdən hər hansı biri insanda olursa, uzun müddət müalicə almırsa, sonda insultla nəticələnir ki, bu da nevroloji xəstəlikdir. Ona görə də insanlar sağlam həyat tərzi keçirməlidirlər ki, xəstələnməsinlər.

Nevroloji xəstəlilərin qarşısını necə alaq?

Nevroloji xəstəlikləri tamamilə aradan qaldırmaq mümkün olmur. Lakin bunu azaltmaq olar. Bir misal çəkək. Həkim bir xəstəyə deyir ki, ağır şey qaldırma, xəstə qulaq asmır. Nəticədə fəqərələrində yırtıq əmələ gəlir. Xüsusən kompyuter arxasında işləyənlərdə hipodinamiya yaranır. Yəni hərəkətsizlik nəticəsində fəqərələrə güc çox düşür. Bu zaman isə fiziki işlə məşğul olanlardan 9 dəfə artıq xəstəlik əmələ gəlir. Bir sözlə, oturaq hal fəqərələrə daha çox təsir edir, nəinki hərəkət edən zaman.

Bir sözlə, sağlam qidalanma, təmiz hava, zərərli vərdişlərdən (siqaret, içki və s.) uzaq olmaq, soyuqdəymədən özünü qorumaqla nevroloji xəstəlilərin qarşısını ala bilərik.

Düzdür, bəzi vaxtlar nevroloji xəstəlilərin yaranması özümüzdən aslı olmur. Ətraf mühitlə əlaqə, cəmiyyətdə olan haqsızlıqlar, televiziyada yayımlanan verilişlərin müəyyən hissəsi insanlara mənfi təsirini göstərir. Hər xırda şey insanların sinir sisteminə öz təsirini qoyur.

Narkoz almış insanlarda nevroloji xəstəlik özünü daha qabarıq büruzə verirmi?

Narkoz nədir? Narkoz dərin yuxudur. Bu da onun üçündür ki, xəstə əməliyyat zamanı ağrını hiss etməsin. Lakin narkozun hər xəstə üçün öz dozası var, həm də narkoz zamanı istifadə olunan bəzi maddələr orqanizmə toksiki (zərərli) təsirlər göstərir. Elə dərmanlar var ki, onların toksiki təsiri azdır. Ona görə də həkimlər seçimdə diqqətli olmalıdır. Bir daha qeyd edim ki, narkozdan düzgün istifadə edilsə, bunun xəstəyə heç bir mənfi təsiri olmaz. Təbii ki, lazımsız bir neçə saat xəstənin narkoz altında qalması mənfi təsirini göstərər.

Sonda hər kəsə sağlam olmağı arzu edirik.

Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı