2014-08-08 17:57

Dünyasını dəyişən erməni diversantın ailəsi məlumatlandırılıb

Azərbaycanda dünyasını dəyişən Ermənistan vətəndaşının ailəsinə onun ölüm xəbəri çatdırılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK Azərbaycan hakimiyyət orqanları tərəfindən avqust ayının 7-də beynəlxalq sərhədi keçən Ermənistan vətəndaşının ölməsi haqqında məlumatlandırılıb.
Neytral vasitəçi olaraq BQXK Ermənistan hakimiyyət orqanlarını və ölmüş şəxsin ailəsini məlumatlandırıb.
Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilib, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilib.
Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin məlumatına görə, ilkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı