2014-08-08 11:25

Jirinovski azərbaycanlı jurnalistin məktubuna cavab verdi

Azərbaycanlı jurnalist, AZTV-nin keçmiş əməkdaşı Aida Eyvazova Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Vladimir Jirinovskiyə məktub yazıb.

LiderXeber.com informasiya agentliyi modern.az-a istinadən xəbər verir ki, doğmalarının qəbrini ziyarət etməyə gedən və girov götürülən Dilqəm Əsgərovla Şahbaz Quliyevin taleyi ilə bağlı məsələni Jirinovskinin diqqətinə çatdıran xanım jurnalistin məktubuna artıq cavab da gəlib.

Məktubda qeyd edilir: "Cənab Vladimir Volfovic. Mən adi Azərbaycan vətəndaşıyam. Peşəm jurnalistdir. Siz yaxşı bilirsiniz ki, bu gün Azərbaycanda nələr baş verir, hansı problemləri və uğurları var. Bir neçə həftə bundan əvvəl bizim soydaşlarımız və Rusiya vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni postlarını keçərək erməni əsarətində doğulub boya-başa çatdıqları Kəlbəcərə gediblər. Öz doğmalarının qəbirlərini ziyarət etmək istəyiblər. Onların buna həm insan kimi , həm də hüquqi cəhətdən haqları var. Siz çox gözəl bilirsiniz ki, bu torpaqlar türk torpaqlarıdır və tarixən də biz azərbaycanlılara məxsusdur. Sizin ibarənizlə desək, xəzərilərə. Son zamanlar Siz Azərbaycanın tərəfini saxlayırsınız. Mən inanıram ki, ermənilərin əsirlikdə saxladıqları, qanını içdikləri soydaşlarımızın əsirlikdən qaytarılmasında vasitəçi ola bilərsiniz. Sizin yardımınızı istəyirəm! Bu məktubu da sizə böyük ümidlə yazıram. İnanıram ki, Rusiya vətəndaşlarını və bizim soydaşlarımızın erməni əsirliyindən qaytarılmasında , onların erməni əsirliyindən alınmasında yardımçı ola bilərsiniz. O zaman gəlib əllərinizdən öpəcəyəm. İnanıram ki, danışdığım hadisə sizi narahat edəcək! Cavab gözləyirəm”.

Vladimir Jirinovski isə Aida Eyvazovanın məktubuna qısa cavab verib: "Будем работать в этом направлении...” ("Bu istiqamətdə işləyəcəyik...”).

Qeyd edək ki, doğmalarının qəbrini ziyarət etməyə gedən üç nəfərdən biri-Həsən Həsənov isə ermənilər tərəfindən girov götürülərək öldürülüb.
Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı