2014-07-07 09:09

Gün doğmadan nələr doğar? - MƏQALƏ

Yəqin ki, özüm qadın cinsindən olduğuma görədir ki, hər zaman qadınların tərəfin tutmağa çalışmışam. Bəlkə də qadın olmasaydım da qadınlara üstünlük verərdim. Bəlkə də ...”Qadın həmrəyliyi” mənim üçün önəmlidir. Amma hərdən düşünürəm ki, çox nahaq. Həmişə əks cinsdən eşidirdim ki, "qadın qadının paxıllığın çəkir”. Gülürdüm. Ətrafdakılardan çox eşidirəm, qadının geyiminə görə, yaşayış tərzinə, maddi imkanına, yoldaşının yaraşığına görə qadın qadının paxıllığın çəkir. Amma oğlu olduğu üçün paxıllığı yeni eşitdim. Və hətta oğlu olacağını oğulsuzlardan gizlətmək məndə əməlli-başlı qəhqəhə yaratdı. Bu cür bir –birinin acığına oğlan doğmaq sonda bizi əhalinin sayına görə Çindən də irəlidə edəcək. Bu gedişatla oğlanlara böyüyəndə qız tapılmayacaq. Sonda bizdə də cinsi azlıqlar çoxalsa, heç təəccüblənmərəm. Bu oğul doğmaq əvvəllər kəndlərdə dəb idi. Oğlu olmayan ataya sonsuz kimi baxardılar. Sonradan insanların düşüncəsi dəyişmişdi. Yenidən keçmişəmi qayıtdıq? Hətta qonşumuzda bir oğlan eşidəndə ki, qardaşımın üçüncü övladı da qız olacaq, özünü saxlaya bilməyib " Sən necə bədbəxt atasan " demişdi. Bu dövrdə bu düşüncəyə malik olan adamların hələ də olması çox acınacaqlıdı.

Yaxın bir qohum, hətta qohumdan da yaxın biri, bütün günü evimdə olan, yeyən, yatan, xəstələnəndə təcili yardımı da bizim ünvana çağıran biri iki qızdan sonra oğul anası olacağına görə hamiləliyi məndən gizlədir. Və üzümə baxaraq necə yalan danışırsa, yalanına inanıram. Rəhmətlik nənəmin bir biədəb məsəli var idi. Heyf ki , publika üçün nəzərdə tutulmayıb. Yoxsa əsl ona aid idi. Hər şeydə üstümə yardıma gələn biri mən paxıllıq edərəm deyə məndən gizlədir. Hətta " onun kimilər bilməsələr yaxşıdı "deyərək özünü haqlı sayır. Görəsən, insanlar niyə bu qədər düşüncəsizdi? Bu savadsızlıqdanmı irəli gəlir? Qurdluluqdanmı, özünün paxıllığındanmı? Bilmirəm. Bu hansı zamana qədər gizlədilə bilən bir haldır? Cahillikdir.

Yəqin ki, bu yazını oxuyan kişilər məni qınayacaqlar. Amma hansı oğul anasının başına tac qoyub? Hansı oğul qızdan çox anasına yanıb? Mən həmişə düşünürəm, qızı olmayan ana həyatda yarımçıqdır. Qızdır deyib övladları tələf etməyək. Qızların bir gülüşü dünyalara dəyər. Oğlum var deyib başqasının yanında qürrələnməyək. Hələ o necə oğul olacaq məlum deyil. Türklərin gözəl bir məsəli var :” Gün doğmadan nələr doğar”.

Şəhriyyə Qəzənfərqızı

LiderXeber.com


SON XƏBƏRLƏR


Yuxarı