2014-06-27 12:08

Dilimizi korlayanlar - MƏQALƏ

Özüm gənc olsam da hərdən yaşlı nəslin cavanların davranışlarını, danışıqlarını bəyənməmələrinə haqq qazandırıram. Gündən-günə özüm üçün sübut edirəm ki, gənc nəslin nümayəndələri dilimizi korlayırlar. Doğrusu, hərdən mən də fikrimi bildirmək istəyəndə öz doğma dilimizdə həmin fikri ifadə edəcək bir söz tapmıram. Məcburən türk və ya rus dillərinə müraciət edirəm. Bu acı bir həqiqətdir. Dilimizdə yeni sözlərin yaranmasına hər birimiz ehtiyac duyuruq. Fəqət dilimizin düşməni elə biz gənclərik. Öz milli sözlərimizi belə pis tərəfə yozaraq bir az da kasadlaşdırırıq. Sonra o sözü əvəz edəcək bir söz axtarırıq. Şikayətimiz də budur ki, dilimizdə yetərincə söz yoxdur. Onsuz da dilimizin yarıdan çoxu alınma sözlərdir. Heç olmasa öz milli sözlərimizi qoruyub saxlayaq. Bilirik ki, sadə fellər öz sözlərimizdir. Bəs niyə soxmaq, salmaq, qayırmaq, vermək, çalmaq, dombalmaq kimi fellərimizi işlətməyə özümüzə imkan yaratmırıq? Hələ bir böyründə "türkün məsəli” də deyib yozmayanları, anlamayanları da ayıldırıq. Hələ xiyar kimi ətirli tərəvəzimizi söyüş kimi işlədirik. Biz tərəflərdə əski parçasına "CINDIR" və ya "CINDA" deyirlər. Amma biz indi bu sözu heç yerdə işlədə bilmirik.

Bir dəfə qızımla gəzintiyə çıxanda məndən şişirdilmiş şar istədi. Mən də onu özümə yük etməmək üçün dedim :

”Qızım, gəl mən sənə şar alım, evdə özüm dombaldaram. "Bu cümləmi eşidən kənar şəxslər güldülər. Axı niyə? Məgər” dombaltmaq” "şişirtmək” demək deyil? Məncə, mən yanılmıram. Və yaxud " Kartı bankomata sox və ya sal " cümləsində qeyri-adi nə olduğunu anlamıram. Rəhmətlik nənəm həmişə deyərdi : ”Get qapının dalını qayır", "Mənim yerimi qayır ". İndi bu cümlələri el arasında necə işlədək? Bizi topa tutarlar. Ya mən gənc olsam da geridə qalmış düşüncəliyəm, ya da gənclər çox irəliyə gediblər. Bilmirəm. Bildiyim bir şey var, bu hal heç də ürəkaçan deyil. Gəlin dilimizi gülünc hədəfinə çevirməkdənsə qoruyaq.

Şəhriyyə Qəzənfərqızı

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı