2017-03-02 13:27

“Obamanın tənqidinə səbəb İsrailə ögey münasibəti və İrana sanksiyalarin ləğvidir” - Qurban Cəbrayıl

“...Bu, güclü axına qarşı üzmək riskinə bərabər idi"

Ağ Evin yeni sahibinin bəzi hallarda psixoloji naqisliklər səviyyəsinə çatan qəribəliklərini davam etdirməkdə və bütün dünyaya sərgiləməkdədir. 

Meksika ilə sərhəddə divar inşası təşəbbüsü, Rusiya prezidentinə yönəlik nümayişkəranə loyallıq, iri media qurumlarına, eləcə də jurnalistlərə pataloji nifrət, ABŞ əhalisinin güzəştli tibbi xidmətlərdən istifadəsinin doğurduğu qıcıq, 7 ölkə vətəndaşlarına viza verilməsinə qadağa, beş yaşlı müsəlman uşağın aeroportda qandallanması və sair həmin qəbildəndir. Yəni Donald Trampın oxşar bəyanatları və hərəkətləri ilə zəngin siyahını kifayət qədər uzatmaq mümkündür. Son 10-15 gün ərzində isə bura daha biri əlavə olunub: ABŞ prezidenti durmadan öncəki sələfini tənqid atəşinə tutur. Məsələ ondadır ki, Barak Obama iki dövrə ölkənin birinci şəxsi kürsüsünü tutub və mövcud qanunvericiliyə görə üçüncü namizədliyi real deyil; deməli, adıçəkilən şəxs indiki dövlət başçısının rəqibi sayılmır. Bəs onun üstünə yağdırılan töhmətlər haradan və hansı səbəbdən qaynaqlanır?

Mövzu ilə bağlı açıqlama verən jurnalist Qurban Cəbrayıl bildirir ki, ABŞ-ın yaxın keçmişində rast gəlinməyən mənzərə daha çox iki nüansla əlaqədardır: daxili qüvvələrin mübarizəsi və sabiq prezidentin sistemə yabançı qərarları. Obamanın "günahları” sırasında isə əsasən hakimiyyəti dönəmində İsrailə isti olmayan münasibət və İrana sanksiyaların ləğvi məsələlərinin üzərində dayanılır: 

"Məlum olduğu kimi, sələf-xələf intriqaları Benyamin Netanyahunun Vaşinqtona bütün mənalarda gedişindən sonra başladı. Elə səfərin nəticələri ilə bağlı keçirilən brifinqdəcə Fələstinə münasibətdə "iki dövlət” prinsipindən imtina ilə Trampın öz üzərinə "xüsusi öhdəliklər” götürdüyü aydınlaşdı. Konqresin hər iki qanadının - Senat və Nümayəndələr palatasının dünənki ortaq iclasında səsləndirdiyi "İsraillə sarsılmaz ittifaqımızı yenidən təsdiqlədim” bəyanatı da həmin qənaəti xeyli möhkəmləndirir. Növbəti addımlar təbii ki, buna adekvat olmalıdır, oldu da: iki müttəfiq arasında soyuq küləklərin baiskarı tənqid hədəfinə çevrildi; İrana qarşı sanksiyaların ləğvinə yenidən baxılması gündəmə gətirilir, İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçular siyahısına salınmasına cəhd göstərilir, silahlanmaya ayrılan vəsait fantastik dərəcədə artırılır... yəni sadalanan qərarlarla Tramp qruplararası çəkişmədən qalib ayrılacağına böyük ümidlər bəsləyir və belə getsə, proqnozu doğrulacaq.”

Qurban bəy əslində Barak Obamanın da zamanında məlum idarəçilik sisteminə və oturuşmuş kuralların tamamilə əleyhinə çıxmasını qeyri-mümkün sayır: "Bu, güclü axına qarşı üzmək riskinə bərabər idi və basketbolçu görkəminə malik qaradərili siyasətçiyə yaxşı heç nə vəd eləmirdi. Sadəcə, sabiq prezident ABŞ-ın zədələnmiş imicinin bərpası və iflasa uğrayan xarici siyasət kursunun xilası istiqamətində sözügedən islahatların zəruriliyinə ağalarını inandıra bilmişdi. Müəllifi olduğu Trans-Sakit Okean Ortaqlıq layihəsi Çinin iqtisadi qüdrətini azaltmağa hesablanmışdı, səhiyyə islahatları sayəsində milyonlarla amerikalı pulsuz tibb xidmətindən bəhrələnə bilmişdi və sair. Amma söz verib yerinə yetirmədikləri də var, məsələn, Quantanamo kimi rüsvayçılıq mənbəyinin bağlanmasına maneçiliklər törədildi. Ümumiyyətlə, uğurlu müqayisə olmasa da nədənsə Obama dövrü mənə Nikita Xruşşov idarəçiliyi təsiri bağışlayır – biri dünyanı viran qoyan Buşdan, digəri qanlı Stalin repressiyasından sonra hakimiyyət başına gətirilmişdi...”

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı