2016-12-28 14:54

Bankların dollar satışına limit qoymasının üç səbəbi

Son bir neçə gündə Azərbaycanda bəzi banklar dollar alışına limit qoymağa başlayıblar. Yəni, söhbət ondan gedir ki, banklar dollar satmamaqla yanaşı, alışı da məhdud səviyyədə həyata keçirirlər. 

LiderXeber.az-ın məlumatına görə, əlində olan dolları manata çevirmək istəyən vətəndaşlar da çətinliklərlə üzləşirlər. Məlumata görə, bəzi banklar yalnız bankda hesab açmaq şərtilə və 500 dollar limitlə alış həyata keçirirlər.

Bankların dollardan imtina etməsi ciddi səbəblərə işarədir. İqtisadçı-ekspertlər bunun bir neçə səbəb ilə bağlı ola biləcəyini deyirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov​ bildirib ki, mövcud risklər nəzərə alınaraq banklarda kapitallaşma valyuta ilə həyata keçirilir. 

Ona görə də, bank bazarında manat likvidliyi aşağı ola bilər. Amma banklar konvertasiya həyata keçirərək manat cəlb edib, yenidən dollar ala bilərlər. 

Bu adi qaydada bankların gəlir qazanma imkanıdır. Banklar onsuzda mövcud şəraitdə gəlirlərinin böyük hissəsindən məhrum olublar. Konvertasiya imkanından imtina edilirsə, bunun ciddi səbəbləri ola bilər. Ekspert, xüsusən aşağıdakı 3 səbəbi qeyd edib:

1. Yanvar ayında "tam üzən məzənnə” ilə bağlı dəqiq informasiya

Birincisi, yanvar ayından "tam üzən məzənnə”yə keçidlə bağlı banklarda dəqiq informasiyalar ola bilər. Bunu nəzərə alaraq banklar valyuta riskliliyini qorumağa çalışa bilər. Artan məzənnə fərqi, həm də banklara daha çox gəlir imkanı yaradır.

2. "Qara bazar” əməliyyatı ilə bağlı banklara nəzarət

Digər tərəfdən, dekabr ayında bankların "qara bazar”a dollar çıxarması ilə bağlı faktlar aşkarlanmışdı. Ola bilsin ki, "qara bazar” əməliyyatı ilə bağlı bankların valyuta aktivlərini qiymətləndirən nəzarətedici qurumlar, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının buna müdaxiləsi var.

3. Bankların planlamada çətinlik çəkməsi

Ekspert bildirib ki, qarşıdan bayram günləri gəlir. Banklar bazara dollar çıxarılması ilə bağlı planlama və proqnozlaşdırmada çətinlik çəkə bilərlər. Məsələn, bazara çıxarılan 30 milyon dollar banka 50-55 milyon manat gətirəcək.

Bank hansı müddətdə bu məbləğdə valyutanı yenidən geri qaytara biləcək? Hazırda bu məsələni müəyyənləşdirməkdə bankların çətinlik çəkməsi də mümkün versiyalardan biridir./fins.az/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı