2016-12-27 11:05

Mikayıl Cabbarov: Bunun acı nəticələrini bu gün də görürük

"Bu gün ölkədə qəbul imtahanları elə səviyyədə keçirilir ki, qalib gələnlər bir çox şey əldə edir. Tələbə adını qazanmayanlar isə hər hansı imkan əldə edə bilmir. Bir çox ölkələrdə imtahanlar mərkəzləşdirilmiş şəkildə keçirilir, yəni qəbul imtahanı olmur”.

LiderXeber.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil.TV-yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, hazırda ölkədə ali təhsil almaq istəyənlərin sayı ildən-ilə artır: 

"Bilikli insanlar cəlbedici işləri tutmaq şansına daha çox sahib olurlar. Əgər ölkədə biliyin qiymətləndirilməsi sistemi işləyirsə, qəbul imtahanın mərkəzləşdirilməsi zərurililiyi çox aşağıdır. Hansı ölkədə bilikdən daha çox diploma üstünlük verilirsə, orada mərkəzləşdirilmiş qəbul imtahanının olması vacib və zəruridir”.

Təhsil sisteminin tərkibində və universitetlərin daxili qiymətləndirilməsində problemlərin mövcudluğundan danışan M.Cabbarov qeyd edib ki, Azərbaycanda vahid imtahanın tədbiqinin kökündə duran səbəb təhsilin keyfiyyəti ilə bağlı olmayıb: 

"Bu, biliyin qiymətləndirilməsinin keyfiyyəti ilə, yəni qəbul imtahanında yol verilən korrupsiya problemi ilə bağlı olub. Problemin aradan qaldırılması üçün belə alət təklif olunub ki, vahid imtahan keçirək. Müasir aparıcı təhsil sistemində yalnız müəyyən meyarlar olmalıdır ki, tələbə onların hansınasa cavab versin. Həmin minimal meyarlar toplanan balların sayı ola bilər. Yaxud məktəbdə neçə il təhsil alıbsan, o ola bilər”.

M.Cabbarov əlavə edib ki, müəllimlərin işə qəbulu anologiyası ilə ali təhsil müəssisələrin tələbələri qəbul etməsində çox oxşarlıq var: 

"Bir ixtisasdan başqa ixtisasa olan köçürmədə baş verən pozuntu cəhdlərini görürük və bunun qarşısını alırıq. Bizim ölkəmiz bu problemlə üz-üzə qalan yeganə dövlət deyil. Qonşu ölkələrin təhsil sistemində də eyni problem yaşanır. O ölkələrin təhsilində mərkəzləşdirilmiş imtahan olur ki, onların ali təhsil müəssisələri bu prosesi həyata keçirərkən pozuntulara yol verir”.

Nazir eyni zamanda, bu il üçün IX sinfin buraxılış imtahanlarının yeni qaydada keçirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, yeni məzmunun əsas fərqi mütləq biliyə əsaslanan tədris proqramının tədbiqi biliyə və tənqidi təfəkkürə əsaslan məzmun proqramı ilə əvəz olunmasıdır: 

"Mütləq biliyin ölçülməsi alətləri ilə tədbiqi biliyin və tənqidi təfəkkürün ölçülməsi alətləri arasında fərq var. Bu məsələdə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin baxışı eynidir. Bir sıra bacarıq və biliklər var ki, onları son illər ərzində imtahan etməmişik və bunun acı nəticələrini bu gün də görürük. Misal olaraq, mətbuat sahəsində işləmək istəyənlərlərin yazı keyfiyyəti əsas şərtlərdən biridir ki, buraxılış və qəbul imtahanlarında inşa, esse yazmırıq. Bu biliyi ölçmədikdə şagird-valideyn, müəllim və direktor üçün ikinci məsələ olur. Bunu şəxsi inanca buraxırıq.

Valideyn bilirmi ki, onun övladı bu sahədə hansı biliyə malikdir? Universitet tələbəsinə seçim qoymamışıq ki, esse yazsınlar. Bir çox valideyn öz borcunu övladını qəbul imtahanına hazırlamaq kimi başa düşür. Biz nəyi soruşacağıqca, onu da öyrənəcəklər. Sosial şəbəkələr oxumaq üçün bir maneədir. Bunu inkar etmirəm. Mütaliə və oxunu dəstəkləyən alətlərimiz də var.

Bu il, nəhayət ki, 9-cu sinifdə esse yazılacaq. Ancaq təbii ki, bu ilin keyfiyyəti ilə 20 il sonra yazılan esselərin keyfiyyəti çox fərqli olacaq. Önəmlisi odur ki, biz vərdişi geri qaytarırıq. Biz şagirdlərə imkan verməliyik ki, onlar bizə elə cavab versinlər ki, təəccüblənək. Buraxılış imtahanlarının keçirilməsi qaydasının dəyişməsi zəruri idi. Bu il bizim üçün yeni baza yaranır. 100 ballıq sistem tədbiq olunacaq. Bu daha şaxələndirilmiş şəkildə tədbiq olunacaq sistem olacaq”. 

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı