2016-12-26 14:51

Mehriban Əliyeva xalq artistinin vida mərasimində

Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi başlayıb.

Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi başlayıb.

LiderXeber.az-ın APA-ya istinadla xəbərinə görə, vida mərasimi Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilir.

Vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında A.Abdullayevin həyat və fəaliyyəti barədə danışıb. O bildirib ki, sənətkarın Azərbaycan musiqi tarixində müstəsna xidmətləri olub: "Azərbaycan musiqisi yaşadıqca, Ağaxan Abdullayevin adı daim yaşayacaq və nəsildən-nəslə ötürüləcək”. 

Xalq artistləri Arif Babayev, Alim Qasımov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi mərhumla bağlı xatirələrini bölüşüb və ailəsinə başsağlığı veriblər.   

Sənətkar Türkan kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A.Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət Evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı