2016-12-22 13:54

Ali təhsil müəssisələrinə yeni qəbul qaydaları hazırlanacaq

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələri üçün yeni qəbul qaydaları və yerləşdirmə mexanizmi hazırlanacaq.

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələri üçün yeni qəbul qaydaları və yerləşdirmə mexanizmi hazırlanacaq.

LiderXeber.az xəbər verir ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov APA-ya açıqlamasında bildirib ki, bu qaydalar və mexanizm prezident İlham Əliyevin "Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə 2009-cu il 5 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi haqqında 21 dekabr 2016-cı il tarixli fərmanına əsasən həyata keçiriləcək. 

O deyib ki, bu məsələ Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb və qeyd olunub ki, mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrində ödənişli qəbul planının ləğv edilməsi və yalnız dövlət sifarişli ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərə alaraq yeni qəbul və yerləşdirmə mexanizmləri hazırlanmalıdır: 

"Təhsil Nazirliyi hazırda bu məsələ üzərində işləyir, yeni qəbul və yerləşdirmə mexanizmləri hazırlanır. Qəbul və yerləşdirmə ilə bağlı dəyişikliklər icraçı qurum olaraq Təhsil Nazirliyi tərəfindən hazırlanıb Nazirlər Kabinetinə təqdim ediləcək və təsdiq edildikdən sonra tətbiq olunmağa başlanacaq. 

İndidən hansı dəyişiklərin ediləcəyini demək tezdir. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da göstərilib ki, bu məsələlər 2018-ci ilə kimi hazırlanmalıdır. Əgər 2018-ci ilə kimi yeni hazırlanan qaydalar təsdiq ediləcəksə, onların tətbiqi 2018/2019-cu tədris ilindən mümkün ola bilər”. 

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı