2016-12-20 16:15

Deputatlar vaxtın artırılmasını təklif edir

Millət vəkilləri vergi amnistiyası ilə bağlı tətbiq olunan 3 ay müddətinin artırılmasını təklif edirlər.

Millət vəkilləri vergi amnistiyası ilə bağlı tətbiq olunan 3 ay müddətinin artırılmasını təklif edirlər.

LiderXeber.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli, İlham Əliyev və Cavid Qurbanov vergi amnistiyası müddətinin 3 aydan 6 aya qaldırılmasını vurğulayıblar.

Millət vəkili Vahid Əhmədov müzakirəyə çıxarılan qanun layihəsini mütərəqqi qanun layihəsi hesab edərək qeyd edib ki, bu, sahibkarların vergi yükünün azaldılmasında müstəsna rol oynayacaq: "Bir neçə il bundan öncə vergi borcu 4 milyard idi. Ancaq indi bu vergi borcunun həcmi 1,5 mlrd manat həcminə enib. Müzakirəyə çıxarılan qanuna əsasən isə 600 mln manatdan artıq maliyyə sanksiyasının silinməsi nəticəsində bu həcm 900 mln manata enəcək ki, bu da elə də qorxulu rəqəm deyil. Qanun layihəsi mütərəqqi olsa da, burada müəyyən problem yaradacaq məsələ var. Bu da ondan ibarətdir ki, amnistiya ilə bağlı verilən 3 ay müddəti həddən artıq az vaxtdır. Özü də ki, bu elə aylardır ki, istər dövlət, istərsə də qeyri-dövlət müəssisələri üçün çətin maliyyə dövrü hesab olunur. Yəni ilin əvvəli olduğundan burada ciddi problemlər yaranır. Ona görə də təklif edirəm ki, bu müddət 6 aya qaldırılsın”.

Millət vəkili Əli Məsimli də qanun layihəsində nəzərdə tutulan 3 ay müddətinin az olmasına diqqəti çəkərək bildirib ki, belə olarsa, bu qərar lazımi effekt verməyəcək: "Ona görə də bu vaxtın 6 aya qaldırılmasını təklif edirəm”.

Millət vəkilləri İlham Əliyev, Cavid Qurbanov, komitə sədri Ziyad Səmədzadə də qanun layihəsində vergi amnistiyası ilə bağlı nəzərdə tutulan 3 ay müddətinin 6 aya qaldırılmasının vacibliyini dilə gətiriblər./qafqazinfo/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı