2016-12-20 15:54

Bəzi müəssisələr üçün enerji aşağı tariflə hesablanacaq

Azərbaycanda enerji balansının optimallaşdırılması, tələb və təklifin uzlaşdırılması nəzərdə tutulur. 

LiderXeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir.

Sənədə əsasən, enerji bazarının əsas istehsalçı və istehlakçıları ilə aparılan birgə müzakirələr nəticəsində bu sahədə proqnozlaşdırma və planlaşdırma fəaliyyəti beynəlxalq təcrübə əsasında təkmilləşdiriləcək, mövcud tarif siyasətinin potensial inkişaf istiqamətləri müəyyənləşdiriləcək, o cümlədən, pik və qeyri-pik saatlar üzrə diferensial yanaşmaların tətbiqi imkanlarına baxılacaq. 

Bununla yanaşı, enerji bazarında istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi, istehsal-istehlak potensialının əvvəlcədən birgə planlaşdırılması üçün dəstəkverici tədbirlər görüləcək. 

Bu məqsədlə enerji istehsalçısı və istehlakçısı olan müəssisələr arasında fəaliyyətin əlaqələndirilməsi təşkil ediləcək.

Bundan başqa, "Strateji Yol Xəritəsi”ndə deyilir ki, qeyri-pik saatlardan istifadənin stimullaşdırılması, bu məqsədlə sənaye müəssisələrini istehsal prosesində qeyri-pik saatlarda enerji istehlakına yönəltmək üçün müxtəlif güzəşt və stimullar üzrə təkliflər hazırlanması, strateji müəssisələr üçün güzəştli tariflərin müəyyənləşdirilməsi, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısı müəyyənləşdirməsi və bu müəssisələr üzrə güzəştli tarif təklifləri hazırlanması, enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi, sənaye müəssisələri arasında enerjiqənaətli istehsal metodlarının təbliği, ən yaxşı beynəlxalq nümunələri əks etdirən çap məhsullarının hazırlanması, bazar iştirakçıları ilə bu mövzuda sektorlar üzrə mütəmadi görüşlərin və təlimlərin keçirilməsi, ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi planlaşdırılır. 

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı