2016-12-20 15:10

Azərbaycanda kimin nə qədər borcu silinəcək? - Komitə açıqladı

Bu gün Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Bu gün Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə olunub.

LiderXeber.az-ın məlumatına görə, komitənin sədri Ziyad Səmədzadə bildirib ki, sənəd prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb.

Onun sözlərinə görə, qanun layihəsi sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılmasına hesablanıb.

Qanun layihəsi vergi ödəyicilərinin vergilərinin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi ilə bağlıdır. Layihənin 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra orqanları tərəfindən silinir.

Qanun layihəsinə əsasən, vergi ödəyicilərinin vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 58.7 maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarında şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra orqanı tərəfindən silinəcək. Eyni zamanda, qanun layihəsinin 2.1 maddəsi nəzərə alınmaqla vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçiriləcək: - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti tərəfindən silinir; - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50%-i isə müvafiq icra hakimiyyəti tərəfindən silinəcək; - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə isə maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək. Qeyd edək ki, bu qanun layihəsinin müddəaları vergi ödəyicilərinin bu qanununu 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barədə məhkəmənin qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixindən mövcud olan ödənilməmiş hissələrinə şamil edilir. Milli Məclisin plenar iclasında qanun layihəsi qəbul edilərsə, sənəd 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək./publika.az/

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı