2016-12-20 09:49

Azərbaycanda əhali siyahıya alınacaq - Hazırlıq başladı

Azərbaycanda 2019-cu ildə əhalinin siyahıyaalınması keçiriləcək.

Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə 2018-ci ildə Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması təşkil ediləcək.

Nazirlər Kabineti "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərar verib.

LiderXeber.az APA-ya istinadən xəbər verir ki, qərara əsasən, 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi məqsədi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb və Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiqlənib.

Komissiyanın sədri baş nazirin müavini Elçin Əfəndiyev, komissiya sədrinin müavini Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, komissiyanın katibi Dövlət Statistika Komitəsi Aparatının rəhbəri Cabbar Musayev, komissiyanın üzvləri maliyyə nazirinin müavini İlqar Fətizadə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, müdafiə nazirinin müavini Kərim Vəliyev, daxili işlər nazirinin müavini İsmət Əliyev, ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, xarici işlər nazirinin müavini Nadir Hüseynov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Bağırov, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Azad Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev və "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Rəşad Nəsirov təyin ediliblər.

Azərbaycanda əhalinin siyahıyaalınması 2019-cu il 1 oktyabr tarixli saat 00.00 vəziyyətinə, sorğu yolu ilə aparılacaq. Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə 2018-ci il 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması keçiriləcək. Nəzərə alınmalıdır ki, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsinə yerli icra hakimiyyəti orqanları və Dövlət Statistika Komitəsi məsuliyyət daşıyırlar.

Dövlət Statistika Komitəsinin hesablamaları əsasında əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması, siyahıyaalmaya cəlb ediləcək şəxslərin əmək və xidmət haqlarının ödənilməsi və digər təşkilati məsələlərin həllini təmin etmək məqsədi ilə 2018-2022-ci illərin dövlət büdcəsində hər il müvafiq məbləğdə vəsait nəzərdə tutulacaq.

Dövlət Statistika Komitəsinə əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsini, yekunlarının işlənilməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədi ilə siyahıyaalma qrupunun yaradılmasına icazə verilib. Onun fəaliyyəti Maliyyə Nazirliyi ilə 2017-2022-ci illər üzrə hər il üçün razılaşdırılmış işçilərin say həddi və əməkhaqqı fondu daxilində müddətli əmək müqaviləsi ilə işçilər cəlb olunmaqla təmin edilməlidir.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı