2016-12-19 14:48

Daxili İşlər Nazirliyi işçi axtarır

Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə ümumilikdə 50 vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən LiderXeber.az-a verilən məlumata görə, müsabiqə "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində elan olunub.  

Müsabiqədə həqiqi hərbi xidmət keçən, yaşı 20-dən 24-dək, boyu 175 santimetrdən yuxarı, özü və yaxın qohumları məhkum olunmayan, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən olunan şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

DİN-dən bildirilib ki, qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara DİN-in mülki işçiləri üçün müəyyən edilən təminatlar şamil olunacaq.

İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumat almaq istəyənlər Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinə (012) 597-27-26 nömrəli telefonla müraciət edə bilərlər. 

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı