2016-12-16 16:17

Deputatdan istefada olan hərbçilərlə bağlı - Təklif

Ehtiyatda olan generalların cəbhə bölgələrində icra başçısı təyin edilməsi təklif olunur

"Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi ətraflı şəkildə hazırlanıb.

LiderXeber.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə qanun layihəsinin ilkin oxunuşunun müzakirələri zamanı deyib.

Qanunda hərbi vəziyyətlə yanaşı, səfərbərlik məsələsinə ciddi fikir verməyin tərəfdarı olduğunu deyən millət vəkili bildirib ki, dondurulmuş münaqişə həll edilmiş demək deyil və nə vaxtsa aktivləşə bilər:

"Aprel döyüşlərini buna misal göstərmək olar. Elə ictimai proses yarana bilər ki, biz hər an hərəkətə keçməyə məcbur olarıq. O baxımdan vəziyyətə hər an hazır olmalıyıq”.

Məsələ ilə bağlı bir neçə təklif irəli sürən S.Novruzov qeyd edib ki, əvvəllər təcrübədə sərhəd bölgələrinə istefada olan hərbçilərin rayon icra başçısı kimi təyin edilməsi var idi:

"Bundan istifadə etmək lazımdır. Bizim kifayət qədər istefada olan, dövlətinə sədaqətlə xidmət edən hərbçilərimiz var ki, onlar idarəçilik, insanlarla münasibət qurmaq və eləcə də digər sahələrdə yüksək təcrübəyə malikdirlər. Bəzi yerlərdə zərurət olarsa, belə insanlardan istifadə etmək vacibdir. Yadımıza salaq ki, 90-ci illərdə elə həmin vətənpərvərlər emənilərin qarşısını aldı. O zaman silahlı dəstə yox idi. Ümummilli lider hakimiyyətə gələndə də Əfqanıstan döyüşçülərinə və müharibə təcrübəsi olan insanlara müraciət etdi. Ayrı-ayrı ölkələrin müdaxiləsi olmasa idi, bütövlükdə Azəraycan torpaqlarını işğaldan azad etmək mümkün olardı. O baxımdan təklif edərdim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komissiyası artıq müəyyən yaş həddinə çatan insanları siyahılaşdırmalı, heç olmasa onlara 6 aydan bir təlim keçirilməlidir. Keçmişdə yoldan, metrodan kim çıxırdısa, onun əlinə silah verib göndərirdilər. Bu baxımdan da o zaman çoxlu şəhid verdik. Çünki onların heç bir təcrübəsi yox idi. Çoxusu tikinti və ya başqa sahələrdə çalışırdı. Biz əsasən aprel döyüşlərində şahidi olduq ki, döyüşü aparan, erməniləri darmadağan edənlər müqavilə əsasında olan insanlardır. 18 yaşında uşaq hələ təzə öyrənir, o həmin müddətə çatana, psixoloji durumdan çıxana qədər təcrübəli insanlar hazırlamalıyıq ki istənilən döyüş anında onlardan istifadə olunsun”.

Millət vəkili qeyd edib ki, qanun layihəsində mətbuatla bağlı məqamlar düzğün olaraq nəzərə alınıb: "Kim ordu haqqında nə istəyir, onu da yazır. Düzdür bunun qarşısı xeyli alınıb. Amma xaricdə bizi istəməyən qüvvələr var ki, onlar müəyyən məlumatlar yayır, bizdə də həmin qüvvələrə uyanlar o məlumatları çap edirlər. Hesab edirəm ki, bunun da qarşısı alınmalıdır. Hərbi vəziyyət vaxtında ancaq hərbi vəziyyətə rəhbərlik edən orqan tərəfindən məlumatlar dərc olunmalıdır. Başqa məlumatlar dərc oluna bilməz”./trend/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı