2016-12-15 14:54

Mərkəzi Bankdan FED-in qərarı ilə bağlı - AÇIQLAMA

"FES-in qərarı manata təsir etməyəcək"

ABŞ Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi son qərardan sonra dünya bazarlarında dolların məzənnəsinin bahalaşması ilə bağlı gözləntilər aktualdır.

LiderXeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumatda qeyd edilib ki, bu proseslərin ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsirləri istisna olunmur:

"Lakin, buna iqtisadi əsas yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır.

Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni, ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı, büdcə ehtiyacları üçün neft transferlərinin məbləğindən asılıdır. Ümumilikdə, ABŞ-ın FED-in faizlə bağlı qərarı qısamüddətli dövrdə, adətən, böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə irihəcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir. O cümlədən, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur”.

Tənzimləyicidən o da bildirilib ki, Azərbaycan kimi ölkələrə FED-in qərarı orta və uzunmüddətli dövrdə təsir göstərə bilər:

"Bu təsirləri qabaqlayıcı rejimdə tənzimləmək üçün Azərbaycan hökuməti və Mərkəzi Bankı adekvat makroiqtisadi sabitlik tədbirləri görür və bundan sonra da görəcək”.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı