2014-05-03 12:24

Dəyərləndirin ki, dəyərli olasınız !

Dostluq müasir dövrümüzdə adiləşən, amma dostluğu anlayan və yaşadanlar üçün müqəddəs anlamı olan bir anlayışdır. Maraqlıdır sizin  üçün yəqin ki, niyə bu haqqda danışmaq istəyirəm??? Anladacam. 

Sosial şəbəkələrdə Dostluq anlayışı o qədər ucuzlaşıb ki, baxanda gülməyim gəlir. Birinin 2000, birinin 500, nə bilim, 125, falan dostları var. Bax, gül, ancaq. Məndən soruşurlar  ki, dostluğunuzda çox az sayda olanlar var. Deyirəm ki, onlar seçilmişlərdir və hələ də seçilirlər. Sona qədər biri qala, ya qalmaya. Necə ki, həyatımız süniləşib, eləcə də insanlarımız da. Elə bilirlər ki, sənin üzünə gülürəmsə, deməli dostunam. Elə bilirlər ki, səni acılayıramsa, düşməninəm. Səhvini üzünə deyəndə paxıl oluram.Amma bir neçə dəqiqə öncə can qardaş idik. Necə ki, yeməklərimiz, qidalarımız kimyalaşıb, beyinlərdə də, kimyalaşma getdiyindən, kütləşmişik. Dost, qardaş, bacı, dəyərli, qiymətli sözlər  adiləşib və əsl anlamını itirib. Məncə, dost ikinci sənsən, dost sənin fikrindir, sənin ailəndir,  sənin qanındır, sənin dərdindir, sevincindir,  kədərindir, ümidindir, etimadındır. Bax, bunlar olmasa, nə O dostdan dost olar , nə də halına yanan, yol göstərən, arxa-dayaq. Heç nə. Ancaq işinə gələndə yalandan gülər üzünə. İşinə lazım olmayınca yada salmaz. Lap əgər şəxsi xeyiri varsa, ayağının altına qoyub, yuxarı qalxar. Belələri lap çoxdur hər anımızda, hər yerdə, həyatımızın hər anında rastlaşırıq onlarla, amma bir tərəfdən də belələri olmasa, yaxşılar seçilməz, qədri bilinməz axı?! Həyatda hər cür xasiyyətli, hər cür zövqlü insanlar vardır və insanların bir birindən fərqlənməsi tam təbiidir. Amma insan ən əsası saxtakar olmamalı, insan laqeyd olmamalıdır! İstər qadın, istər kişi olsun, kimsəyə bir söz verən zaman, öncədən düşünməli, çünki sonradan olan səhvlər psixoloji travma vura bilər "əzizim” dediyi birinə. Sözünü tuta bilməyən biri, heç vaxt söz verməsin gərək , ya da şəxsi istəklərinin qarşısını ala bilsin gərək. Bax, əsl dostluq, qardaşlıq yolunda verilən sınaq budur. Əsl insana, əsl dost, qarşısındakı insanın yaşından asılı olmayaraq, əgər doğru deyirsə onunla razılaşmalı, əgər günahı varsa, üzr istəməyi bacarmalıdır. Əgər dostu doğru yolda deyilsə, ondan üz çevirməkdənsə, onu doğru yola gətirmək üçün çalışmalı, nə bahasına olursa olsun, üz çevirməməlidir. Çox təəssüf ki, indiki insanlarda bu iradə, bu istək, bu sevgi qalmayıb. Hər kəs öz mənfəətini güdür. Hər kəs öz sağlığını düşünür. Hər kəs mənəm-mənəm deyir. Amma anlamır ki, ürəkləri bilən Allahım hər kəsin hədiyyəsini verəcək. İnsanlar anlamır ki, hər kəsə etdikləri pis niyyətli əməlləri onların özünə qarşı yönəldiləcək silah olacaq. Kaş ki, insanlar bunu anlayardı. Kaş ki, insanlar gözləri görə-görə, qəlbləri kor olmasaydılar. Bax, o zaman həyatda sağlam sevgilər, sağlam dostluqlar olardı. Mütləq tapılardı, mütləq insanlar yardımsevər olardılar. İnsanlar əltutan, darda qalana kömək edən, ürəkdən sevinən, ürəkdən kədərlənən olardılar. Dostlar bir birinə etibar edərdilər. Hər kəlimələrinə inanardılar. Çünki yalansız olardılar. Həyatımız cənnət olardı,  deyilmi??? Bəs niyə biz nankorlar həyatımızı lazımsız, səbəbsiz bəhanələrlə kədərləndiririk? Hər zaman doğruları söyləmək, hər zaman doğru insan olmaq inanın ki, çətin deyil. Gəlin, buna can ataq, gəlin həyatımızı sevincli yaşayaq. Qazanmaq çox çətin, itirməksə, çox asandır.  Çox çətinliklərlə qazandığımız dostlarımızı itirməyə çalışmayaq. Danışaq, anlaşaq, fikirlərə hörmət edək, əsl insan olduğumuzu, şüurlu insan oldugumuzu, nəfslərinə sahib çıxan insan oldugumuzu sübut edək. Düşünün ki, ən çətin anınızda belə elə insan vardır ki, siz onu adi insan deyil də, dağlar kimi vüqarlı, güclü bir varlıq hesab edirsiniz, nə qədər çətin olsa belə O vardır və O hec nə etməsə belə "qorxma, mən ölməmişəm, yanındayam” deməsi nələrə dəyməz ki? Hansı dünya malı bunu əvəz edə bilər ki? Hansı var-dövlət dost sevgisini əvəz edər ki? Dostlarınızın qədrini bilin, əsl dost hər an qarşımıza cıxmır. Dəyər verin ki, Dəyərli olun! 

 

  Aytən Səfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı